Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Həyata keçirilən sistemli tədbirlər regionlarda heyvandarlığın inkişafını təmin edir

Həyata keçirilən sistemli tədbirlər regionlarda heyvandarlığın inkişafını təmin edir

30.03.2021 [08:45]

Azərbaycanda heyvandarlığın cins damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə xarici ölkələrdən yerli şəraitə tez uyğunlaşan, ətlik, südlük-ətlik və südlük istiqamətli, məhsuldarlığı və keyfiyyətləri yüksək olan damazlıq heyvanlar gətirilir
Azərbaycanda həyata keçirilən uğurlu siyasət, o cümlədən reallaşdırılan genişmiqyaslı islahatlar bütün sahələrdə mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirib. Təbii ki, görülən işlər aqrar sektorun aparıcı sahələrindən sayılan heyvandarlığın inkişafını da təmin etməkdədir. Ümumiyyətlə, dövlət tərəfindən bu sahəyə xüsusi diqqət və qayğı göstərilir. Vurğulamaq yerinə düşər ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasında məhz heyvandarlıq məhsulları mühüm yer tutur. Həyata keçirilən tədbirlər isə heyvandarlıq sahəsində məhsulların istehsalının artırılmasını nəzərdə tutan layihələrin geniş vüsət almasına yol açıb. Eyni zamanda, regionlarda heyvandarlığın inkişafının tərkib hissəsi kimi, əhalinin ət və süd məhsulları ilə təmin edilməsi üçün mühüm tədbirlər görülür. Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının təzahürü isə real göstəricilərdə əks olunmaqdadır.
Elə fevralın 10-da Kənd Təsərrüfatı Nazirliyində keçirilən “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirədə də bu məqamlara toxunulub. Kənd Təsərrüfatı naziri İnam Kərimovun, həmçinin Nazirliyin aparatı və tabeli qurumların əməkdaşlarının, Heyvandarlıq və Südçülük Assosiasiyalarının rəhbərlərinin, heyvandarlıq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin və sahibkarların iştirak etdiyi onlayn müşavirədə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Son illərdə dövlət başçısının verdiyi tapşırıqlar, “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib. Həyata keçirilən tədbirlər nəticəsində 2019-cu illə müqayisədə 2020-ci ildə heyvandarlıq məhsullarının istehsalında 3,1 faiz artım qeydə alınıb. Ötən il diri çəkidə ət istehsalı 3,1 faiz, süd istehsalı 1,9 faiz, yumurta 4,3 faiz, yun istehsalı isə 0,2 faiz artıb.
Müşavirədə ölkədə heyvandarlığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub. Ölkədə heyvandarlığın və örüş-otlaq ərazilərinin mövcud vəziyyəti ilə bağlı fikirlər bölüşülüb, bu istiqamətdə görülmüş işlərlə bağlı hesabatlar dinlənilib. Həmçinin dövlətimizin başçısı tərəfindən verilən tapşırığa uyğun olaraq işğaldan azad olunmuş rayonlarda heyvandarlıq sahəsinin perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə heyvandarlıqda yem təminatı, innovativ yemləndirmənin əhəmiyyəti, heyvanların identikləşdirilməsi, qeydiyyatı və Elektron Məlumat Bazasının yaradılması, seleksiya-damazlıq işlərinin təşkili, heyvanların sığortalanması, ixtisaslaşmış ətlik iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, yerli genofonda aid olan cinslərin saxlanılması və artırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsi, heyvan xəstəliklərinin müalicə və profilaktikası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi edilib.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, ölkəmizdə heyvandarlığın inkişafını daha da sürətləndirmək üçün mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılır. Belə ki, fevralda Azərbaycana Avropadan “Lacaune”, “Landschaft Merino”, “İle de France” və “Suffolk” cinsli ətlik, südlük və ətlik-südlük istiqamətli qoyunlar gətirilib. Ümumi sayı 1000 başdan artıq olan damazlıq heyvanlar “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Ağsu rayonunda yerləşən heyvandarlıq müəssisəsində yerli iqlim şəraitinə uyğunlaşma prosesi keçir. Damazlıq qoyun cinsləri məhsuldarlıqlarına görə seçilirlər. Bu cinslər yerli iqlim şəraitinə sürətlə uyğunlaşdığından fermerlər öz təsərrüfatlarında yerli qoyunlarla yanaşı, xarici cins qoyunlar yetişdirməyə də maraq göstərirlər.
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin baş mütəxəssisi Elşən Cabbarov bildirib ki, hazırda təsərrüfatda Avropadan gətirilmiş 4 fərqli qoyun cinsi saxlanılır: “Bu qoyunlar Avropada da qapalı (intensiv saxlanma) şəraitdə saxlanılır. Qapalı şəraitdə saxlandığına görə heyvanlarda formalaşan bəzi xüsusiyyətlər bizim yerli heyvanların xüsusiyyətlərindən fərqlənir. Birincisi, bu qoyunlar yetişkənlik dövrünə tez çatır ki, bu da fermer təsərrüfatları üçün çox gəlirli və səmərəli sayılır. İkincisi, bu qoyunlar intensiv şəraitdə yetişdirildikləri üçün balavermə müddəti mövsümdən asılı deyil. Belə ki, əkiz və yaxud üçəm quzuların alınması və onların ətlik məqsədilə yetişdirilməsi onları digər növlərdən fərqləndirən əsas xüsusiyyətlərdəndir. Həmçinin bu heyvanların düzgün yemləndirilməsi və bəslənməsi nəticəsində sürüdə əkiz balavermə göstəricisi 85 faizdən yuxarıdır. Bu göstərici təsərrüfatın damazlıq sürü kimi daha sürətli formalaşmasına və quzu əti istehsalının artmasına gətirib çıxarır”.
Öz növbəsində, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, ölkədə heyvandarlığın cins damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə xarici ölkələrdən yerli şəraitə tez uyğunlaşan, ətlik, südlük-ətlik və südlük istiqamətli, məhsuldarlığı və keyfiyyətləri yüksək olan damazlıq heyvanlar gətirilir: “Fermerlər dövlət dəstəyi mexanizmindən yararlanaraq öz təsərrüfatları üçün bu heyvanlardan ala bilərlər. Mövcud qaydalara əsasən, xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60 faiz dövlət güzəşti ilə satılır. Fermer 25 faiz ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60 faizini dövlət ödəyir, qalan 15 faizi isə 3 il müddətinə kreditləşdirilir. Bu cür dövlət dəstəyi mexanizminin mövcud olması fermerlərimizin xaricdən gətirilmiş damazlıq heyvanlara marağını artırır. Ötən illər ərzində xaricdən gətirilmiş damazlıq cinslərdən ibarət heyvandarlıq təsərrüfatlarının sayının artması bununla bağlıdır”.
Ayrı-ayrı rayonlarda bu istiqamətdə həyata keçirilən tədbirlərə gəlincə, son illər Neftçalada da mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilib. Neftçala Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılan 4 min 61 baş inək və düyədən cari ilin ilk iki ayı ərzində 444 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Süni mayalama yolu ilə alınan buzovlara görə maldarlara 44 min 400 manat subsidiya ödənilib.
Cənub bölgəsində yerləşən Yardımlıda da heyvandarlıq aqrar sektorun əsas sahələrindən biridir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək üçün mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, hazırda rayonda saxlanılan 14 min 832 baş inəkdən bu il 185-i süni mayalanmadan keçirilib və yaxşı nəticələr əldə olunub. Ötən il süni mayalanma yolu ilə doğulmuş buzovlara görə rayon maldarlarına, ümumilikdə, dövlət tərəfindən 14 min 500 manat subsidiyanın verilməsi təmin edilib. Qeyd edək ki, Yardımlı rayonunda 4279 sahibkar maldarlıq təsərrüfatı ilə məşğul olur. Süni mayalanma mütəxəssisləri heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində işləri davam etdirirlər.
Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar Salyanda da bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında marağı daha da artırıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 6 min 237 baş inək və düyədən cari ilin yanvar-fevral aylarında 755 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara ümumilikdə 75 min 500 manat subsidiya ödənilib. Qeyd edək ki, hazırda Salyanın heyvandarlıq təsərrüfatlarında 63 min 383 baş iribuynuzlu mal-qara saxlanılır ki, bunların da 75 faizi süni mayalanma yol ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.
Sonda onu da qeyd edək ki, martın birinci ongünlüyündə Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən Kəlbəcər Dövlət Aqrar İnkişaf Mərkəzində isə heyvandarlığın inkişafına həsr olunmuş təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfərə qədər heyvandarlıqla məşğul olan fermer və aqrar sahə mütəxəssisinin iştirak etdiyi təlimdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə edilib. Təlimdə Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin baş zootexniki Süleyman Məmmədov və aparıcı zootexnik Flora Ələsgərova “İribuynuzlu və xırdabuynuzlu heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, damazlıq işlərinin təşkilində süni mayalanmanın rolu” və “İribuynuzlu heyvanlarda invazion xəstəliklərinə qarşı mübarizə tədbirləri” mövzularında fermerlərlə söhbətlər ediblər. Təlim zamanı müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 751 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30