Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Respublikanın əksər bölgələrində fermerlər yazlıq əkinlərə mütəşəkkil qaydada başlayıblar

Respublikanın əksər bölgələrində fermerlər yazlıq əkinlərə mütəşəkkil qaydada başlayıblar

13.04.2021 [08:57]

Hərtərəfli dövlət dəstəyindən yararlanan fermerlər havaların əlverişli keçməsindən istifadə edərək yazlıq əkinləri vaxtında və yüksək keyfiyyətlə başa çatdırmağa böyük səy göstərirlər
Respublikamızda uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrası çərçivəsində bölgələrdə yaradılan müasir infrastruktur, həmçinin aqrar sektorda həyata keçirilən islahatlar, məhsul istehsalının artırılmasının təşviq edilməsi, subsidiyaların əhatə dairəsinin genişləndirilməsi, təsərrüfatların texnika və gübrələrlə təminatının yaxşılaşdırılması fermerlərin əkin-biçinə marağını artırıb. Onlar dövlət tərəfindən yaradılan əlverişli şəraitdən maksimum dərəcədə bəhrələnərək regionlarda mülkiyyətlərində olan torpaq sahələrində təsərrüfatlarını genişləndirməyə çalışırlar. Bu baxımdan cari mövsüm də istisna təşkil etmir. Hazırda ölkənin əksər bölgələrində yazlıq əkinlərin qızğın çağıdır. Tarlalarda bol məhsulun əsası qoyulur. Fermerlər havaların əlverişli keçməsindən istifadə edərək yazlıq əkini vaxtında və yüksək keyfiyyətlə başa çatdırmağa böyük səy göstərirlər.
Bol məhsulun əsası erkən mərhələdə qoyulur
Təcrübə göstərir ki, bol məhsulun əsası erkən mərhələdə, yəni torpağın şumlanması və səpinin vaxtında, düzgün aparılması ilə qoyulur. Bu baxımdan yaxşı haldır ki, respublikanın əksər bölgələrində fermerlər yazlıq əkinlərə mütəşəkkil başlayıblar.
Məsələn, cənub bölgəsində yerləşən Astara rayonunda indiyədək 1838,5 hektar sahədə əkin aparılıb. Rayonun Statistika İdarəsinin məlumatında bildirilir ki, rayonda əkinçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları 797 hektarda kartof, 155,6 hektarda yonca, 158,5 hektarda dənli və dənli-paxlalı bitkilər, 727,4 hektarda tərəvəz bitkiləri əkiblər. Məhsul istehsalçıları əkin kampaniyasının vaxtında və yüksək aqrotexniki tələblər səviyyəsində başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər. Qeyd edək ki, cari mövsümdə rayonda 4000 hektardan çox sahədə yazlıq bitkilərin əkilməsi nəzərdə tutulub.
Yazlıq əkinlərə erkən başlayan rayonlardan biri də şimal bölgəsində yerləşən Zaqataladır. Hazırda rayonun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 4074 hektar sahədə yazlıq əkin həyata keçiriblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 hektar çoxdur. Məhsul istehsalçıları indiyədək 1229 hektarda kartof, 976 hektarda tərəvəz, 424 hektarda dən üçün qarğıdalı, 39 hektarda bostan bitkiləri əkib, 1406 hektara yonca səpiblər. Aprelin ortalarında tütün şitillərinin sahələrə köçürülməsinə başlanılacaq.
Zaqatala ilə qonşuluqda yerləşən Balakən rayonunun təsərrüfatlarında da yazlıq bitkilərin əkini uğurla davam etdirilir. Torpaq mülkiyyətçiləri ötən həftənin sonunadək 1844 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 75,4 hektar çoxdur. Rayonun Statistika İdarəsindən KİV-ə bildirilib ki, məhsul istehsalçıları 840 hektar sahədə tərəvəz bitkiləri, 522 hektarda kartof, 13 hektarda paxlalı bitkilər əkib, 360 hektar sahəyə yonca səpiblər. Təsərrüfatlarda, eyni zamanda, tütün əkini üçün şitillərin yetişdirilməsi və taxıl sahələrinə aqrotexniki xidmət işləri də davam etdirilir.
Bu il Balakən rayonunun təsərrüfatlarında, həmçinin 7 min 520 hektar sahədə dən üçün qarğıdalı əkilməsi nəzərdə tutulur. Artıq bir neçə gündür ki, təsərrüfatlarda qarğıdalı əkininə başlanılıb. Fermerlər qısa müddətdə 150 hektaradək sahəyə qarğıdalı əkiblər. Təsərrüfat sahibləri əkin zamanı Türkiyədə istehsal olunan yüksək məhsuldar toxum sortlarına üstünlük verirlər. Fermerlər toxumu rayonda fəaliyyət göstərən satış məntəqələrindən əldə edirlər.
Məlumat üçün bildirək ki, qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Hazırda Balakən qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötənilki mövsümdə balakənli fermerlər 7 min 515 hektar sahədən 46 min 288 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,6 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 2 min 115 ton artıb.
Şimal bölgəsinin digər rayonu Qaxın təsərrüfatlarında da yaz-tarla işlərinə başlanılıb. Qısa müddətdə 1374 hektar sahədə yazlıq bitkilər əkilib və əkin-səpin işləri davam etdirilir. Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, məhsul istehsalçıları indiyədək 252 hektar sahədə kartof, 223 hektarda vələmir, 155 hektarda tərəvəz və 50 hektarda dən üçün qarğıdalı əkib, 694 hektar sahəyə yonca səpiblər. Yeri gəlmişkən, cari ildə Qax rayonunun təsərrüfatlarında 1800 hektaradək sahədə qarğıdalı əkilməsi nəzərdə tutulur. Bir neçə gündür rayonun Turaclı, Qorağan və Qaratala kəndlərinin ərazilərindəki təsərrüfatlarda qarğıdalı əkininə start verilib. Yuxarıda qeyd olunduğu kimi, torpaq mülkiyyətçiləri ilk günlər 50 hektaradək sahəyə qarğıdalı əkiblər. Bu barədə KİV-ə məlumat verən Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov bildirib ki, qaxlı fermerlər əkin zamanı Türkiyədə istehsal olunan yüksək məhsuldar toxum sortlarına üstünlük verirlər.
Qeyd edək ki, qaxlı fermerlər ötənilki mövsümdə 1887 hektar qarğıdalı sahəsindən 15 min 909 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 3 min 151 ton artıb. Hər hektardan orta hesabla 84,3 sentner məhsul götürülüb. Sektor müdirinin sözlərinə görə, təsərrüfatlarda tütün əkininə hazırlıq işləri də artıq başa çatdırılıb. İstixana şəraitində yetişdirilmiş tütün şitillərinin yaxın günlərdə sahələrə köçürülməsinə başlanılacaq.
Biləsuvarda faraş əkinlərə maraq artıb
Respublikanın əksər bölgələrində olduğu kimi, Biləsuvarda da cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilərin əkini uğurla davam edir. Rayonun Statistika İdarəsindən bildirilib ki, əkinə vaxtında və mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək 1618 hektar sahəyə toxum səpiblər. Səpin aparılan sahələrin 40,7 hektarını dənli-paxlalı bitkilər, 845 hektarını yonca, 104,8 hektarını kartof, 462,5 hektarını tərəvəz, 165 hektarını isə şəkər çuğunduru sahəsi təşkil edir. Əkinçilər, həmçinin pambıq əkini üçün 8 min 500 hektar sahədə şum aparıb, arata qoyublar. Yaxın günlərdə rayonda çiyid səpininə başlanılacaq.
Eyni zamanda, rayonda faraş tərəvəz əkinlərinə maraq artıb. Bu da fermerlərin faraş tərəvəzçilikdən böyük gəlir götürmələri ilə bağlıdır. Rayonun kəndlərində yaşayan mülkiyyətçilər hətta öz şəxsi həyətlərində də kiçik istixanalar yaratmaqla, pomidor və xiyar yetişdirilməsinə üstünlük verirlər. Belə kiçik təsərrüfat sahibləri ildən-ilə artır. Biləsuvarın Səmədabad kəndində yaşayan Natiq Həsənov bu ildən sınaq üçün kiçik istixana şəraitində hibrid sortlar olan “Akentos” pomidor və “Pikalena” adlanan xiyar bitkisini becərməyə başlayıb. Yerli şəraitdə xüsusi qablarda yetişdirilən pomidor şitilləri yanvar ayında, xiyar isə mart ayında torpağa köçürülüb.
Natiq Həsənov deyir ki, əkilən tərəvəzlərin inkişafı üçün təbii gübrələrdən istifadə olunub. “Yanvar ayının sonunda əkdiyim pomidor şitillərinin inkişafı normaldır. Təbii gübrələrdən istifadə edərək böyütmüşük. İnşallah, bol məhsul gözləyirik”, - deyə biləsuvarlı fermer vurğulayıb.
İstixanaya qulluq edən kənd təsərrüfatı üzrə mütəxəssis İlham Ağayev bildirib ki, belə istixanaların yaradılmasında əsas məqsəd kiçik həyətyanı sahələrdə məhsul yetişdirməkdir. Fikirlərinə davam edən mütəxəssis vurğulayıb: “Bu istixananın ümumi sahəsi 3 sotdur. Burada 1200 şitil əkilib. 1200 şitildən 7 ton məhsul götürməyi nəzərdə tutmuşuq. Gələcəkdə bu sahəni genişləndirmək istəyirik”.
Yaxşı məhsuldarlıq əldə olunması üçün bitkiyə lazım olan su damcılama sistemi ilə verilir. İstixana şəraitində becərilən pomidor əkildikdən 80-100 gün sonra yetişməyə başlayır.
Bostançılar Sabirabadda örtük altında qarpız əkini həyata keçirirlər
Məlum olduğu kimi, uzun illər ərzində respublikamızın bölgələrində coğrafi iqlim xüsusiyyətlərinə uyğun olaraq, müxtəlif təsərrüfatçılıq ənənələri formalaşıb. Məsələn, bostançılıq Sabirabad rayonunun ənənəvi təsərrüfat sahələrindəndir. Burada yetişdirilən qarpız öz dadı-tamı ilə fərqlənir. Bostançılar Sabirabadda, həmçinin örtük altında qarpız əkini həyata keçirirlər.
Sabirabadda bostançılıqla məşğul olan Böyükağa və Fərman Nəcəfov qardaşları Şamaxıdandırlar. Səkkiz ildir mart ayında ailələri ilə birgə Sabirabad rayonuna gələrək qarpız yetişdirən qardaşlar Yolçubəyli kəndində ötən il 8 hektar sahədə qarpız əkmişdilərsə, bu il sahəni 10 hektara çatdırmaq istəyirlər.
Fermer Fərman Nəcəfov söyləyib ki, qarpız əsasən, üç mərhələdə əkilir. İlk əkin mart ayının 15-dən başlayır. Əvvəlcədən hazırlanan şitillər bu ay torpağa köçürülür. Bu mərhələnin əkin forması da bir qədər fərqlidir. Yəni şitil torpağa basdırıldıqdan sonra üzərinə ikiqat örtük çəkilir. Birinci örtük ondan ötrüdür ki, alağı inkişafdan saxlayır, cərgələr arasında şum işləri aparılır. İkinci örtük isə qarpız şitillərinin inkişaf üçündür.
Fermer Böyükağa Nəcəfov bildirib ki, sahələrdə aqrotexniki tədbirlər həyata keçiriləcək: “Havalar istiləşdikdən sonra ikinci qat örtük götürüləcək. Cərgələrin arası iki dəfə şumlanacaq, bir dəfə malalanacaq. Qarpızın vegetasiya müddətində isə üç dəfə suvarılması nəzərdə tutulur. Bu il hava şəraiti əlverişli keçərsə, bir hektardan 50 tona qədər məhsul tədarükü nəzərdə tutulub. İkinci mərhələ qarpız əkini isə aprelin ikinci ongünlüyündə başlanılır. Bu əkində şitilə ehtiyac qalmayacaq. Toxum formasında əkiləcək, cərgələrə yalnız birqat örtük çəkiləcək. Üçüncü mərhələdə qarpız əkini isə may ayına təsadüf edir ki, o da açıq bostan adlanır”.
Əkinlər mərhələli olduğu üçün məhsul da ardıcıl olaraq toplanılır. İkiqat selofonda əkilən şitillər iyunun ortalarından başlayaraq axırına qədər yetişir. Sonrakı mərhələdə əkilən qarpız isə iyul-avqust aylarında yetişir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 732 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30