Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakı mədəniyyətlərarası dialoqun paytaxtına çevrilib

Bakı mədəniyyətlərarası dialoqun paytaxtına çevrilib

11.10.2014 [11:08]

IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri ölkəmizin qlobal məsələlərin müzakirə məkanına çevrildiyini göstərən növbəti əlamətdar hadisə oldu
Məlum olduğu kimi, ölkəmizin əldə etdiyi uğurlar, həyata keçirilən inkişaf siyasəti, öz növbəsində, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilməsinə səbəb olub. Bu baxımdan bir neçə gün öncə keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın qlobal məsələlərin müzakirə məkanına çevrildiyini göstərən növbəti əlamətdar hadisə oldu. Ümumiyyətlə, Forumda altmışdan çox ölkədən minə yaxın qonağın, o cümlədən, nüfuzlu alimlərin, Nobel mükafatçılarının, çoxsaylı yüksək rəsmi şəxslərin iştirak etməsi tədbirin əhəmiyyətindən və miqyasından xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Bildiyimiz kimi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən irəli gələn tolerantlıq əsrlər keçsə də, dəyişməyərək, müasir cəmiyyətimizin xarakterik xüsusiyyətinə çevrilib. Bu səbəbdən də mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır.
Bu mötəbər tədbirdə müzakirə olunan məsələlər, ifadə edilən nəticə və qənaətlər göstərdi ki, Humanitar Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Eyni zamanda, bu Forum aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır.
Qeyd edək ki, dünyanı maraqlandıran humanitar məsələlərin müzakirə olunduğu budəfəki Forumda “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri”, “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında”, “Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” mövzularında “dəyirmi masa”lar keçirilib.
Sivilizasiyalararası dialoq XXI əsrin strateji prioriteti kimi...
Forum çərçivəsində səsləndirilən fikirlər, ifadə edilən qənaətlər bəşəriyyət üçün aktual olan bir məqamı növbəti dəfə gündəmə gətirdi: sivilizasiyalararası dialoq, müxtəlif mədəniyyətlər və dəyərlərə malik olan xalqların əməkdaşlığı XXI əsrin strateji prioriteti kimi müəyyənləşdirilməlidir. Lakin hazırda dünya miqyasında, eləcə də beynəlxalq münasibətlər sistemində aktiv dialoq məkanı olan Avrasiyada sivilizasiyalararası toqquşma, konfrantasiya və ziddiyyət meyilləri müşahidə edilir. Şübhəsiz, bu cür neqativ tendensiyaların əsasında beynəlxalq münasibətlər və dünya siyasətindəki etimad böhranı və ya səmimiyyətsizlik mühiti dayanır.
Sirr deyil ki, II Dünya müharibəsindən sonra bəşəriyyətin təhlükəsizliyini və sabit inkişafını təmin etmək məqsədilə ümumbəşəri dəyərlər əsasında yeni beynəlxalq münasibətlər sistemi formalaşdırıldı. Yaradılan yeni sistemin əsasında bərabərlik, beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsi, bir ölkənin digər ölkəyə güc tətbiq etməsindən imtina etməsi, dövlətlərin daxili işlərinə qarışmamaq, insanların əsas hüquq və azadlıqlarına hörmət etmək, eləcə də, bərabərhüquqlu əməkdaşlıq kimi prinsiplər dayanırdı. Lakin təxminən, son on ildə bu prinsiplərin kobud şəkildə pozulması nəticəsində, beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın azalması və beynəlxalq əməkdaşlıqda, eləcə də, xalqlararası dialoq və inteqrasiya proseslərində arzuolunmayan - neqativ hadisələrin baş verməsi müşahidə olunur.
Beynəlxalq hüququn çox zaman elə onu formalaşdıran əsas güclər tərəfindən pozulması, müəyyən siyasi mərkəzlərin öz maraqlarını qlobal və bəşəri mənafelərə qurban verməklə təmin etmək cəhdlərinin qarşısını almalı olan mexanizmlərin səmərəsizliyi beynəlxalq münasibətlərdə etimad böhranının bariz əlamətləridir. Xüsusilə də transmilli xarakterli iqtisadi maraqların təmin olunması prinsipinin əsas strateji hədəf kimi müəyyənləşdirilməsi sivilizasiyalararası mədəniyyət və inteqrasiya məsələsini müəyyən qədər ikinci plana keçirib. Belə olan halda, xalqlar və milli dövlətlər arasındakı əməkdaşlıq münasibətləri də regional və beynəlxalq təhlükəsizlik nöqteyi-nəzərindən kifayət qədər səmərəli olmur.
Bu kontekstdə yekun qənaət budur ki, beynəlxalq münasibətlərdə səmimiyyətdən uzaq yürüdülən siyasət aktorlar arasında etimadın zəifləməsinə və itirilməsinə gətirib çıxarır. Bu cür siyasət uzunmüddətli perspektivdə tərəflərə nəinki uğur gətirmir, hətta bütün bəşəriyyət üçün xoşagəlməz nəticələrə səbəb olur.
Bu gün dünyanın müxtəlif yerlərində siyasi, dini, etnik zəmində müharibələrin çoxalması, beynəlxalq ictimaiyyətin bu və ya digər şəkildə müdaxilə etdiyi münaqişələrin daha da kəskinləşməsi müşahidə olunur. Beynəlxalq ədaləti bərpa etmək missiyasını üzərinə götürən qurumların, dövlətlərin faktiki davranışlarının elan etdikləri məqsədlərlə uzlaşmaması məhz siyasi səmimiyyət çatışmazlığından xəbər verir.
Deməli, beynəlxalq hüququn işləkliyinin bərpa olunması, beynəlxalq və lokal konfliktlərin həllinə yönələn səylərin nəticə verməsi üçün beynəlxalq siyasətdə etimad və səmimiyyət mühiti olmalı, xalqlararası əməkdaşlıq, sivilizasiyalararası dialoq birinci dərəcəli komponent kimi götürülməlidir. Yalnız bu yolla beynəlxalq tərəfdaşlıqda etimad mühitinin yaradılması mümkündür.
Azərbaycan sivilizasiyalararası dialoq və xalqların inteqrasiyasında strateji rol oynayır
Belə olan təqdirdə, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verən milli dövlətlərin fəaliyyəti sivilizasiyalararası dialoq və qlobal inteqrasiya baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycanın yeri və roluna xüsusi diqqət yetirmək lazımdır. Ümumiyyətlə, IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri bir daha göstərdi ki, Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir.
Yuxarıda da qeyd etdiymiz kimi, Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də, ölkəmizə olan etimadı artırır.
Azərbaycanın qlobal mərkəzə çevrilməsini göstərən ən bariz cəhətlərdən biri isə ölkədə çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsidir. Bu cür beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə nüfuzlu siyasi xadim, ayrı-ayrı sahələr üzrə ekspertlər, həmçinin, mətbuat nümayəndələri bir araya gələrək müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul edirlər.
Onu da qeyd etmək lazımdır ki, ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Çünki Avropa və Asiya qitələrini enerji layihələri və TRACECA çərçivəsində iqtisadi cəhətdən birləşdirmək imkanlarına sahib olan, beynəlxalq siyasi görüşlərin aparıldığı Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır.
Nəticə etibarilə, həyata keçirilən səmərəli daxili və xarici siyasət Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantına çevirməklə yanaşı, Avrasiyada inteqrasiya və dialoq prosesinə fundamental strateji töhfələr verir. Təsadüfi deyil ki, Avrasiyanın geostrateji baxımdan 3 əsas - əhəmiyyətli bölgəsi (Yaxın Şərq, Balkanlar və Qafqaz) sırasında Qafqaz öz təhlükəsizlik, sabitlik və əlverişli dialoq mühiti baxımından bu prosesə daha çox təkan verir. Şübhəsiz, Qafqazdakı bu pozitiv situasiyanın formalaşmasında Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edir. Bir sözlə, Azərbaycan sivilizasiyalararası dialoq və xalqların inteqrasiyasında strateji rol oynayır.
Beləliklə, nəzər yetirilən kontekstdə Azərbaycanın xarici siyasəti, mövqeyi müsbət model və ya nümunə kimi dəyərləndirilir. Ölkəmizin rasional xarici siyasəti, digər xalqların və dövlətlərin maraqlarına hörmətlə yanaşması beynəlxalq miqyasda təqdir olunur. Prezident İlham Əliyevin məlum Forumdakı çıxışı zamanı qeyd etdiyi kimi, əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda dünyada müharibələr də az olar, anlaşılmazlıq da azalar. Hər bir ölkə digər ölkəyə hörmətlə yanaşmalıdır: “Hər bir ölkə digər ölkənin seçiminə də hörmətlə yanaşmalıdır - həm beynəlxalq müstəvidə, həm dinlərarası dialoq, humanitar sahədə. Bütün bunlar bir-biri ilə bağlıdır. Burada əyləşən nümayəndələr, 60-dan çox ölkədən gələn qonaqlar müxtəlif ölkələri təmsil edirlər, amma biz bir yerdə yığışırıq, müzakirə aparırıq. Çalışırıq necə yol tapaq ki, dünyada gedən prosesləri daha çox müsbət tərəfə istiqamətləndirək. Çünki bu gün gedən proseslər çox narahatedici proseslərdir. Həm müsəlman aləmində, həm Avropada radikalizm, ayrı-seçkilik, irqçilik artır. Bu meyilləri biz görürük və bunu narahatlıqla izləyirik”.
Multikulturalizm Azərbaycanda həyat tərzidir
Forum çərçivəsində aktiv müzakirə mövzusuna çevrilən mühüm məsələlərdən biri də multikulturalizm olub. Ümumiyyətlə, Azərbaycanda multikulturalizm məsələsi xüsusi aktuallıq kəsb edir, çünki ölkəmizin təcrübəsi multikulturalizmin təbliği üçün müsbət nümunə qismində çıxış edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan müxtəlif xalqların nümayəndələrinin yanaşı, sülh və təhlükəsizlik şəraitində yaşadığı ideal və arzuolunan məmləkət kimi dəyərləndirilməkdədir. Şübhəsiz, bunun fonunda ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. IV Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edən Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib ki, multikulturalizm Azərbaycanda həyat tərzidir: “Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıbdır və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır. Misal üçün qeyd etməliyəm ki, 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik və birgə toplantı keçirdik. Bu, tarixdə ilk dəfə baş vermişdir və Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu üçün bu təşəbbüsü öz üzərinə götürmüşdür. 2009-cu ildə artıq Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından mədəniyyət nazirlərini dəvət etmişdik. Yəni, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. Bu gün “Bakı prosesi” yaşayır və inkişaf edir. Bakıda sivilizasiyalararası dialoq forumları keçirilmişdir. Bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl dünya dini liderlərinin Zirvə görüşü keçirilmişdir və Bakı Beynəlxalq Humanitar Forumunun mahiyyəti də məhz bundadır”.
Ümumiyyətlə, müasir beynəlxalq münasibətlər sisteminin əsas tendensiyaları, hazırkı beynəlxalq durum deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar öz mədəniyyətləri və mənəvi dəyərlərini inteqrasiya etdirir, mövcud mədəni sərvətlər sintez olunmuş formada dünya xalqlarına yeni dəyərlər kimi təqdim olunur. Müasir dövrdə multikulturalizmin əksinə olaraq özünütəcrid mövqeyi seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda, bəşəri dəyər və normalardan təcrid olunurlar.
Prezident İlham Əliyev çıxışında bu məsələyə xüsusi diqqət yetirib: “Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir. Biz bu təhlükəli meyillərə qarşı öz səsimizi ucaltmalıyıq. Əlbəttə ki, bunu, ilk növbədə, dövlətlər etməlidirlər. Amma, eyni zamanda, dövlətlərin bu siyasətini böyük dərəcədə hər bir cəmiyyətin siyasi və ictimai-elmi elitası, ictimai rəy müəyyən edir. Heç bir dövlət və hökumət başçısı ictimai rəyi nəzərə almaya, ona məhəl qoymaya bilməz. Ona görə hesab edirəm ki, biz birgə səylərimizlə bu məsələləri açmalıyıq, danışmalıyıq. Narahatedici məsələlər ətrafında fikirlərimizi bildirməliyik, lazım gəldikdə irad tutmalıyıq. Biz tərəfdaş kimi, dost kimi bu məsələlərə öz fikrimizi bildirməliyik. Biz Azərbaycanda çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin. Bizim imkanımız var. Çünki bizim keçmişimiz, dediyim kimi imkan verir ki, bu məsələlərə böyük diqqətlə yanaşaq. Biz bu məsələləri bilirik. Çünki həm Azərbaycan özü çoxmillətli, çoxkonfessiyalı ölkədir, həm də keçmişdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda birgə yaşamışdır. Qeyd etdiyim kimi, biz bu gün həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi bu missiyanı öz üzərimizə götürmüşük. Biz istəyirik ki, daha da çox əməkdaşlıq, qarşılıqlı anlaşma olsun. Biz bundan sonra da öz rolumuzu bunda görürük”.
Azərbaycan dünyaya tolerantlıq kontekstində yeni model bəxş edib
IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri bir həqiqəti də növbəti dəfə diqqətə çatdırdı: Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Dünyada “sivilizasiyaların toqquşması” prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir vaxtda ölkəmiz sabit və tolerant mühiti ilə diqqət çəkir. Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Üstəlik, bir çox nüfuzlu beynəlxalq mədəniyyət və idman müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi də həm ölkəmizin inkişafından, həm də dünyaya açıq olmasından xəbər verir. Bütün bunlarla əlaqədar olaraq, ölkəmiz dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır.
Bir sözlə, xalqların daim tolerantlıq şəraitində və təhlükəsizlik mühitində yaşadığı Azərbaycan ayrı-ayrı dinlərin, millətlər və toplumların inteqrasiyasında müstəsna rol oynayıb. Dövlətimizin başçısının vurğuladığı kimi, biz Azərbaycan olaraq ölkələr arasındakı əlaqələrin inkişafı üçün humanitar aspektlərə daim böyük diqqət göstərmişik: “Çünki bizim tarixi keçmişimiz, mədəniyyətimiz bunu diktə edir. Əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb, mövcuddur və müstəqillik dövründə bu müsbət meyillər daha da gücləndi. Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir. Çünki hər bir ölkənin gücünü, əlbəttə ki, bir neçə amil müəyyən edir - siyasi imkanlar, iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam mühit və həmrəylik duyğuları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə müsbət töhfəmizi veririk”.
Sivilizasiyalararası dialoq prosesində aktiv rol oynayan Azərbaycan beynəlxalq strateji tərəfdaşa çevrilib
Şübhəsiz, bütün bu uğurların əldə olunmasını şərtləndirən başlıca strateji faktor Azərbaycanın rasional və praqmatik xarici siyasət kursudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Eyni zamanda, bəhs olunan xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaşa çevirib. Eyni zamanda, sivilizasiyalararası dialoq prosesində aktiv rol oynayan, dünyaya tolerantlıq modeli bəxş edən Azərbaycanın müsbət təcrübəsi qlobal miqyasda təqdirəlayiq hal kimi dəyərləndirilir.
Azərbaycan ictimaiyyətinin nümayəndələri IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrini yüksək qiymətləndirirlər
Yeri gəlmişkən, Azərbaycan ictimaiyyətinin nümayəndələri - ziyalılar, ekspertlər, millət vəkilləri də IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrini yüksək qiymətləndirirlər. Onlar Forum çərçivəsində keçirilən “dəyirmi masa”larda qlobal əhəmiyyətli məsələlərə dair mühüm müzakirələrin aparıldığını qeyd edir, orada ifadə edilən nəticələrin bütün bəşəriyyət üçün aktual olduğunu bildirirlər.
Məsələn, Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib ki, Beynəlxalq Humanitar Forum Azərbaycanın dünyada daha yaxşı tanınması üçün geniş imkandır: “Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bu mənada, Beynəlxalq Humanitar Forumun ölkəmizdə keçirilməsi də ənənə halını alıb. Bir məqama ayrıca diqqət yetirmək istəyirəm: beynəlxalq arenada Azərbaycanın rolu güclənir. Azərbaycan Şərqlə Qərbin, sivilizasiyaların qovuşuğunda yerləşdiyi üçün bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi tamamilə qanunauyğundur”.
“Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. IV Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 60-dan çox ölkəsindən 500-ə yaxın qonağın iştirak etməsi ölkəmizin nüfuzunun göstəricisidir. Şübhəsiz ki, Forumda müzakirə olunan məsələlər qlobal müstəvidə mövcud olan problemlərin həlli baxımından müstəsna əhəmiyyət kəsb etdi. Çünki bu forum dünyanın nüfuzlu şəxslərinin toplaşdığı bir platforma kimi çıxış etdi”, - deyə K.Əliyeva qeyd edib.
Forumda müxtəlif mövzulara həsr olunmuş “dəyirmi masa”larda qlobal problemlərin həlli baxımından əhəmiyyətli müzakirələr aparılmasının təqdirəlayiq olduğunu deyən millət vəkili əlavə edib ki, xüsusilə də “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” və “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzularında fikir mübadiləsinin aparılması böyük əhəmiyyət daşıyır: “Multikulturalizm və humanizm məsələləri bütün xalqlar üçün xüsusi önəm daşıyır. XXI əsrdə sivilizasiyalararası dialoq çərçivəsində multikulturalizm ənənələrinin bərqərar olunması, humanizm dəyərlərinin möhkəmlənməsi qlobal çağırış kimi çıxış edir. Bu məsələnin Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirdə müzakirə olunması əlmatədar haldır, çünki tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan cəmiyyətində multikulturalizm ənənələri təşəkkül tapıb.
Digər tərəfdən, “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda müzakirələrin aparılması dünyada elm siyasətinin, elm və təhsilin ayrı-ayrı ölkələrin inkişafına mühüm töhfələr verməsi baxımından əlamətdardır. Elmin inkişafı, o cümlədən, fənlərarası inteqrasiyanın sürətləndirilməsi qlobal müstəvidə bəşəriyyət üçün əhəmiyyət və aktuallıq kəsb edir”.
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrini yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu Forum Azərbaycanın qlobal miqyasda yeri və rolunu, beynəlxalq əməkdaşlıq və dialoq mərkəzi kimi çıxış etdiyini bir daha göstərdi: “Ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi təsadüfi deyil. Çünki beynəlxalq iqtisadiyyata uğurla inteqrasiya olunan, dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan dünya miqyasında müsbət imicə malikdir. Azərbaycan, eyni zamanda, təhlükəsizlik və sabitlik baxımından müsbət nümunə kimi çıxış edir. Məhz buna görə də ölkəmiz ən müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir”.
A.Hüseynov IV Bakı Beynəlxalq Humanitar Forumunda ayrı-ayrı “dəyirmi masa”lar çərçivəsində müzakirəyə çıxarılmış məsələlərin böyük maraq doğurduğunu da diqqətə çatdırıb: “Forumda “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” kimi bu günə qədər kifayət qədər müzakirə olunmamış məsələlər ətrafında fikir mübadiləsinin aparılması xüsusi vurğulanmalıdır. Qeyd etmək istəyirəm ki, bu məsələlər hələ uzun müddət bəşəriyyət üçün aktual müzakirə mövzusu kimi çıxış edəcək, çünki bu gün texnologiyaların konvergensiyası, o cümlədən, medianın transformasiyası XXI əsrin çağırışları sırasında yer alır”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşad Mirbəşiroğlu isə bildirib ki, IV Bakı Beynəlxalq Humanitar Forumu qlobal problemlərin aktiv müzakirə platforması oldu: “Forum çərçivəsində müxtəlif məsələlər müzakirə edildi, müasir dövrün reallıqları və çağırışlarını ifadə edən fikirlər səsləndirildi. Hesab edirəm ki, IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrini bütün iştirakçı tərəflər üçün səmərəli və müsbət qiymətləndirmək olar”.
Politoloq əlavə edib ki, dünyanı maraqlandıran humanitar məsələlərin müzakirə olunduğu Forumda XXI əsrin əsas çağırışlarına müvafiq məsələlər ətrafında “dəyirmi masa”ların keçirilməsi ekspertlər tərəfindən yüksək qiymətləndirildi: “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda keçirilən “dəyirmi masa”da XXI əsrdə milli və beynəlxalq inkişafın başlıca kriteriya və əsaslarının müzakirə predmetinə çevrilməsi xüsusilə təqdirəlayiqdir. Çünki davamlı inkişaf ayrı-ayrı milli dövlətlər üçün konseptual və strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, inkişafın milli modelini formalaşdıran Azərbaycan üçün də bu məsələ xüsusi önəmə malikdir. Bilirsiniz ki, Azərbaycan dövləti həm insan inkişafı, həm də ölkə daxilində ayrı-ayrı sahələrin tərəqqisi üçün elmi əsaslara söykənən kompleks xarakterli islahatlar həyata keçirir. Bu islahatlar fonunda əldə edilən inkişaf dünya miqyasında müsbət təcrübə kimi çıxış edir. Eyni zamanda, davamlı insan inkişafı kontekstində “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində görülən işlər müstəsna əhəmiyyət kəsb edir”.
XXI əsrdə ekoloji sivilizasiya məsələsinin aktuallıq kəsb etdiyini deyən E. Mirbəşiroğlu əlavə edib ki, forumda bu istiqamətdə əsas diqqət beynəlxalq əməkdaşlığa yönəldilib: “Azərbaycan regional və beynəlxalq miqyasda ekoloji təhlükəsizliyin təmin olunması yönündə aktiv əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ölkəmizin bu prosesə fundamental töhfələr verməsi yüksək qiymətləndirilir. Hesab edirəm ki, bu məsələnin müzakirəyə çıxarılması XXI əsr reallıqlarının fonunda olduqca vacib idi”.
Beynəlxalq dərəcəli iqtisadçı ekspert, Azərbaycan Turizm İnstitutunun “Marketinq” kafedrasının müdiri Anar Eminov isə bildirib ki, IV Bakı Beynəlxalq Humanitar Forumunda bəşəriyyət qarşısında duran mühüm strateji vəzifələr müzakirə edildi: “Mən bu kontekstdə “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında” mövzusunda “dəyirmi masa”nın keçirilməsinə xüsusi toxunmaq istəyirəm. Məlumdur ki, son illərdə baş verən pozitiv tendensiyalar Azərbaycanın artıq keçid periodunun stabillik fazasına doğru hərəkət etdiyini göstərir: Bildiyimiz kimi, bu hərəkət əsasən qloballaşma siyasəti vasitəsilə həyata keçirilir. Lakin bu proses iqtisadiyyatın real sektorundakı struktur irəliləyişlə paralel getməzsə, effektiv olmaz. Ona görə də bir sıra aparıcı iqtisadçılar gələcəkdə də stabilliyin qorunmasının əsas yollarından biri kimi respublikaya irihəcmli investisiyaların cəlb olunması, beynəlxalq forumların keçirilməsi tədbirlərini görürlər. Bununla yanaşı, iqtisadi inkişafın davam etdirilməsində və dünyanın üzləşdiyi bir sıra problemlərin daha da kəskinləşməsinin qarşısının alınmasında beynəlxalq forumlardakı müzakirə olunmuş məsələlər mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, IV Bakı Beynəlxalq Humanitar Forumunun ikinci günündə AMEA-nın Mərkəzi Kitabxanasında “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında” mövzusunda keçirilən paneli xüsusi qiymətləndirirəm. Beynəlxalq Humanitar Forum iştirakçıları arasında belə bir müzakirə təşkil etmək xüsusi olaraq təqdir edilir”.
Bakı Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professoru, iqtisad elmləri doktoru Vahid Abbasovun sözlərinə görə, Azərbaycan qlobal iqtisadi məkanda vacib tərəfdaş kimi tanınır və ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi dövlətin artan nüfuzundan xəbər verir: “Humanitar Forum Azərbaycan reallıqlarının dünya ictimaiyyəti tərəfindən müşahidə edilməsi, o cümlədən, siyasi, iqtisadi, ekoloji, mədəni müstəvidə tərəfdaşlıq əlaqələrinin sıxlaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdi. Forumda iştirak edən bütün dövlətlərin daxili və xarici siyasətinə, o cümlədən, dünya iqtisadiyyatının aktual problemlərinə həsr olunmuş əhəmiyyətli məsələlər müzakirə olundu. “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” mövzusunda səsləndirilən fikirlər dünya iqtisadiyyatının, eləcə də, qlobal iqtisadi məkanda təmsil olunan dövlətlərin qarşısında duran təməl vəzifələri bir daha aktuallaşdırdı. Bütövlükdə, IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrini yüksək qiymətləndirirəm”.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

Paylaş:
Baxılıb: 693 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31