Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan öz qida təhlükəsizliyini təmin etmək məqsədilə ardıcıl tədbirlər həyata keçirir

Azərbaycan öz qida təhlükəsizliyini təmin etmək məqsədilə ardıcıl tədbirlər həyata keçirir

10.03.2017 [09:45]

Prezident İlham Əliyev: Ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzindədir
Son illərdə qlobal miqyasda müşahidə edilən mənfi tendensiyaların meydana çıxartdığı yeni çağırışlar sırasında ölkələrin qida təhlükəsizliyi xüsusi aktuallıq daşıyır və bu məsələ milli dövlətlərin iqtisadi-siyasi təhlükəsizliyinin vacib bir komponenti qismində çıxış edir. Dünyanın ayrı-ayrı regionlarında sabitliyin pozulması, müharibə risklərinin, terror təhlükəsinin artması, eyni zamanda, ekoloji problemlər, qlobal istiləşmə fonunda aqrar sektorda yaşanan çətinliklər qida təhlükəsizliyi ilə bağlı məsələlərin aktuallığını əhəmiyyətli dərəcədə artırıb.
Ayrı-ayrı beynəlxalq təşkilatlar da dünyanın ərzaq təminatının getdikcə pisləşəcəyi ilə bağlı bədbin proqnozlar verirlər. Dünya Səhiyyə Təşkilatının yaydığı hesabatda bildirilir ki, Yer üzündə təxminən 3,7 milyard insan lazımi səviyyədə qidalana bilmir. Haqqında bəhs olunan hesabatda bu rəqəmin ildən-ilə artdığı vurğulanır və buna səbəb kimi dünyada ərzaq təklifinin tələbə cavab vermədiyi göstərilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən aparılan araşdırmalarda isə dünyada aclıq həddində yaşayan insanların sayının 925 milyon nəfəri ötdüyü qeyd olunur. Beynəlxalq səviyyəli ayrı-ayrı qurumların proqnozlarına əsasən, 2050-ci ildə dünyada ərzağa olan tələbat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaqdır.
Azərbaycanda ölkənin qida təhlükəsizliyinə həm sosial, həm də iqtisadi məsələ kimi böyük önəm verilir
Qlobal risklərin artdığı bir şəraitdə Azərbaycan əhalinin qida təhlükəsizliyinə ölkənin milli təhlükəsizliyinin vacib bir komponenti kimi daim böyük önəm verir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində xüsusi olaraq vurğulayıb ki, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzindədir.
Son 13 ildə respublikamızda qida təminatının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Vacib məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan əhalinin etibarlı qida təminatına nail olunmasına böyük siyasi iradə nümayiş etdirməsinin təzahürü olaraq FAO ilə əməkdaşlığı getdikcə dərinləşdirir. Belə ki, dünyanın inkişaf etməkdə olan ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 2014-cü ildə FAO-nun ofisinin yaradılması üzrə razılıq əldə edilib. Qeyd edək ki, indiyədək FAO-nun belə ofisləri yalnız ABŞ, Yaponiya, Belçika və İsveçrədə mövcud olub.
Eyni zamanda, ölkədə etibarlı ərzaq təminatına nail olunması üçün normativ-hüquqi baza davamlı şəkildə möhkəmləndirilir. Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib və uğurla yerinə yetirilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Prezident İlham Əliyevin imzaladığı “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncama əsasən isə ölkədə qida təminatının daha da gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılıb. Artıq Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun bazasında virussuz kartof və hibrid tərəvəz toxumlarının istehsalı müəssisəsinin inşasına başlanılıb, yüksək kondisiyalı bitki toxumlarının standartlara uyğun emalı, qablaşdırılması və satışı məqsədilə 7 müasir tipli toxum emalı fabrikinin qurulmasına isə yaxın zamanlarda start veriləcək.
2017-ci il 10 fevral tarixdə isə Prezident İlham Əliyev respublikamızda qida təhlükəsizliyinin möhkəmləndirilməsi siyasətinin davamı olaraq “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Fərmanda bildirildiyi kimi, ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq Agentliyin fəaliyyətini təmin etmək məqsədilə Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə geniş tərkibdə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb.
Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasətin xarakterik cəhəti ondan ibarətdir ki, ölkəmiz qida təhlükəsizliyinə həm sosial, həm də iqtisadi məsələ kimi yanaşır. Məlumdur ki, ölkəmizdə dinamik iqtisadi inkişaf dərinməzmunlu sosial siyasətlə tamamlanır. Son 13 ildə respublikamızda insanların sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Prezident İlham Əliyev qarşıya belə bir vəzifə qoyub ki, Azərbaycanda sosial sahədə vəziyyət dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə qaldırılmalıdır. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qida təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanılması da ölkəmizdə sosial sahənin prioritetliyinə verilən önəmin ifadəsidir. Dövlət daxili tələbatı qarşılayacaq qədər keyfiyyətli qida ehtiyatları yaratmaqla ilk növbədə ölkə əhalisinin, vətəndaşların sağlamlığını yüksək səviyyədə təmin etmək məqsədi güdür.
Eyni zamanda, məsələnin iqtisadi tərəfi də kifayət qədər önəmlidir. Qida təhlükəsizliyi ilə əlaqədar mexanizmin səmərəli fəaliyyət göstərməsi, norma və normativlərin beynəlxalq standartlara uyğunlaşdırılması ərzaq məhsulları idxalının azalmasına, kənd təsərrüfatının ixrac potensialının yüksəlməsinə müsbət təsir göstərir. İdxalı azaltmaqla respublikamız özünün valyuta ehtiyatlarına qənaət edə bilər ki, bu da indiki dönəmdə çox aktual məsələdir. Prezident İlham Əliyev bu kimi məqamların önəminə diqqət çəkərək deyib: “İdxaldan asılılıq maksimum dərəcədə azalmalıdır. Bu həm təhlükəsizlik üçün lazımdır, həm də biz valyuta ehtiyatımıza qənaət etməliyik”.
Bir sıra pozisiyalar üzrə ərzağa olan tələbatın daxili istehsal hesabına ödənilməsi böyük nailiyyətdir
Ölkəmizdə ərzaq məhsulları istehsalının genişləndirilməsi ilə bağlı dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə paralel surətdə hərtərəfli texniki və maliyyə təminatı ilə dəstəklənir. Ölkədə etibarlı ərzaq təhlükəsizliyinə nail olunması üçün aqrar sektorun inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir və davamlı xarakter daşıyır. Respublikamızda “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Son üç ildə 11 min, 2016-cı ildə isə ölkəmizə 4,4 min müxtəlif kənd təsərrüfatı texnikaları, 240 min ton mineral gübrə və pestisid gətirilərək 40 faiz güzəştlə lizinqə və 70 faiz güzəştlə fermerlərə satılıb.
Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Hazırda respublikamızda əhalinin bir sıra qida məhsullarına, o cümlədən meyvə-tərəvəzə olan tələbatı 100 faiz yerli istehsal hesabına ödənilir. Prezident İlham Əliyev bu məqama diqqət çəkərək deyib: “Son illər ərzində biz öz ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik”.
Ölkədə aqrar sektorda ərzaq məhsulları istehsalının yüksək artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Belə ki, respublikamızda heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə artıb və xaricdən mal-qara, ət və süd məhsullarının idxalı azalıb. Hazırda respublikamız mal əti ilə özünü 94, qoyun əti ilə 99, süd və süd məhsulları ilə 88 faiz, əmtəəlik yumurta ilə 99 faiz daxili istehsal hesabına təmin edir.
Qısa müddətdə ölkənin qida təhlükəsizliyi sahəsində belə yüksək göstəricilərin əldə olunması böyük nailiyyətdir. Perspektiv hədəf isə ölkənin qida təhlükəsizliyinə bütünlüklə daxili istehsal hesabına nail olmaqdan ibarətdir. Prezident İlham Əliyev vurğulayıb: “Biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Buna nail oluruq”.
Qeyd edək ki, Prezident İlham Əliyevin cari il fevralın 10-da imzaladığı müvafiq Fərmanda perspektivdə ölkənin qida təhlükəsizliyi ilə bağlı bir sıra vacib məqamlar yer alıb. Sənəddə vurğulandığı kimi, görülmüş tədbirlərin davamı olaraq, ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşıdakı dövr üçün də əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib. Nəzərdə tutulan hədəf ölkədə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini, milli standartların beynəlxalq tələblərə tam uyğunlaşdırılmasını və beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsini zəruri edir.
Aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsi qida məhsulları istehsalının artmasında mühüm rol oynayır
Dünya Bankının verdiyi proqnozlara görə, ölkəmizdə 2017-ci və 2018-ci illərdə hər il 4 faiz olmaqla artım gözlənilir. Dünya Bankının məlumatında Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunub.
Respublikamızda kənd təsərrüfatının dinamik inkişafında və bu əsasda qida təhlükəsizliyinin daha da möhkəmləndirilməsində aqrar sektorda yeni yanaşmaların tətbiqi mühüm rol oynayır. Son illərdə intensiv metodlardan geniş istifadə olunması, yeni təsərrüfatçılıq üsullarının tətbiqi, müasir aqrar-sənaye müəssisələrinin yaradılması sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. Ölkənin müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür. Prezident İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatı ilə tanışlıqdan sonra Beyləqan rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin işçiləri ilə görüşündə ölkəmizdə yeni yaradılan iri fermer təsərrüfatlarının ərzaq təhlükəsizliyinin təmin edilməsində müsbət rol oynadığına diqqət çəkərək bildirib: “Bu gün artıq Azərbaycanda 30-dan çox iri fermer təsərrüfatı var və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bu təsərrüfatlar çox böyük rol oynayır”.
İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq məqsədi daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri fermer təsərrüfatları yaradılıb. Artıq respublikanın 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən yaradılan 32 iri fermer təsərrüfatı fəaliyyət göstərir. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. İri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir.
Ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsindən söhbət açarkən regionlarda aqroparkların yaradılmasının önəmini də ayrıca qeyd etmək lazımdır. Son vaxtlar Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib. Məhsul istehsalının bütün mərhələlərini özündə birləşdirən aqroparkların istifadəyə verilməsi sayəsində aqrar sektorda istehsal və ixrac imkanlarının daha da artacağı proqnozlaşdırılır. Belə aqroparklardan biri Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb. Növbəti aqropark isə Şəmkir rayonunda istifadəyə veriləcək. Bundan başqa, Şabran rayonunda 1740 hektar ərazidə “Şabran Aqropark”ın təşkili işləri davam etdirilir. Yaxın gələcəkdə regionlarda müasir təsərrüfatların sayı daha da artacaq. Ümumilikdə, respublikanın regionlarında 114,7 min hektar ərazidə 20-dən çox aqroparkın yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Ölkənin qida təhlükəsizliyinin möhkəmləndirilməsi üçün torpaq fondundan səmərəli istifadəyə böyük önəm verilir
Ölkəmizdə etibarlı qida təhlükəsizliyinə nail olunması üçün mövcud torpaq fondundan səmərəli istifadə edilməsinə böyük önəm verilir. Son 13 ildə ölkə miqyasında 170 min hektardan çox sahənin su təminatı və təxminən bu qədər də ərazinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, 20 min hektardan artıq yeni suvarılan sahə dövriyyəyə cəlb edilib. Eyni zamanda, respublikada sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib. Regionlarda su-drenaj layihələrinin icrasına üçüncü Dövlət Proqramında da geniş yer verilib. Bəhs olunan Dövlət Proqramında respublikanın 50 rayon və 3 şəhərində çoxsaylı su layihələrinin, meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Ötən üç ildə müvafiq Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 milyon kubmetr su verilməsi layihəsi çərçivəsində böyük iş həcmi yerinə yetirilib. Dünya Bankının krediti hesabına respublikanın 10 rayonunda 36 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri başa çatdırılıb.
Ümumiyyətlə, son illərdə respublikamızda kənd təsərrüfatının inkişafının stimullaşdırılması, dövriyyəyə yeni əkin sahələrinin cəlb edilməsi məqsədilə reallaşdırılan meliorativ tədbirlərin, yeni su layihələrinin miqyası kifayət qədər genişdir. Həyata keçirilən bu və ya digər tədbirlər ərzaq məhsulları istehsalının artmasında mühüm rol oynayır. Bununla belə, bu sahədə potensial daha böyükdür. Prezident İlham Əliyev bəhs olunan görüşdə diqqəti torpaqlardan səmərəli istifadə edilməsinin zəruriliyinə yönəldib. Azərbaycanın əkinə yararlı torpaq fondu çox deyil. Belə olan halda ayrı-ayrı regionlarda bəzən torpaqların istifadəsiz qalması və yaxud səmərəli istifadə edilməməsi yolverilməzdir. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib ki, bir qarış torpaq da istifadəsiz qalmamalıdır: “Bu gün deyə bilərəm ki, bütün ölkələr ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar yaşayırlar. Çünki dünyada əhali artdıqca tələbat da artır, torpaq sahəsi isə artmır. Əlbəttə ki, bu artan tələbatı ödəmək üçün çox ciddi addımlar atılmalıdır. Bizim o qədər də böyük torpaq sahəmiz yoxdur. Ona görə biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 680 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30