Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Regional əməkdaşlıq və təhlükəsizlik məsələləri Azərbaycanın daim diqqət mərkəzindədir

Regional əməkdaşlıq və təhlükəsizlik məsələləri Azərbaycanın daim diqqət mərkəzindədir

21.11.2009 [08:41]

“Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib
Dünən Bakıda “Park-İNN” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Dünyanın aparıcı elmi araşdırma mərkəzlərinin nümayəndələrinin də dəvət olunduğu konfransın məqsədi Cənubi Qafqaz dövlətlərinin mövcud reallıqlarını müzakirə etmək, regionun inkişaf perspektivlərinə, təhlükəsizlik məsələsinə, sülhə və əməkdaşlığa dair fikir mübadiləsi aparmaq olub.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, regional əməkdaşlıq və təhlükəsizlik məsələləri Azərbaycanın daim diqqət mərkəzindədir. Azərbaycan regionun nadir ölkələrindən biridir ki, çətin geosiyasi mühitdə müstəqil xarici siyasət yürüdür və bu siyasət ölkəmizə regional əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni imkanlar verir. Azərbaycanın regional təhlükəsizlikdə rolu həm də onun regional layihələri inkişaf etdirmək bacarığı ilə bağlıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələr regional əməkdaşlığın inkişafını şərtləndirməklə yanaşı, təhlükəsizlik baxımından da mühüm rol oynayır. Azərbaycanın Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı olduğunu qeyd edən E.Aslanov ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığını vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan şöbə müdiri bildirib ki, münaqişə regional təhlükəsizlik üçün real təhdid, yeni dünya nizamı üçün çağırışdır. Avropa İttifaqı malik olduğu siyasi, iqtisadi və institusional vasitələrlə münaqişənin həll edilməsində fəal rol oynamalı, Ermənistanın konstruktiv mövqe tutması üçün səy göstərməlidir. Bu, eyni zamanda, Avropanın özünün marağındadır, çünki Dağlıq Qarabağın qeyri-qanuni fəaliyyət zonasına, nəzarətsiz əraziyə çevrilməsi bu ərazilərin narkotik maddələrin istehsalı və tranziti üçün istifadəsinə imkan yaradır.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, bu gün terrorun dövlət səviyyəsində himayə edildiyi Ermənistan Cənubi Qafqazın inkişafı üçün başlıca maneədir. Natiq Dağlıq Qarabağ münaqişəsinin regionun təhlükəsizliyi üçün ən böyük təhdid olduğunu vurğulayıb, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq işğalçılıq siyasətini davam etdirən Ermənistanın cəzalandırılmamasından təəssüfləndiyini bildirib. Z.Əsgərov, həmçinin, Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasətin ən optimal siyasət olduğunu qeyd edib.
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, Azərbaycan postsovet məkanında Qərblə həqiqi mənada faydalı əməkdaşlıq edən yeganə dövlətdir. Lakin, təəssüflər olsun ki, ölkəmiz Qərbin ikili standartları ilə üzləşib. İsveçrənin Sürix şəhərində Türkiyə və Ermənistan arasında protokolların imzalanması mərasimində iştirak edən Minsk qrupunun həmsədr dövlətlərinin xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı belə bir konkret mövqe ortaya qoymalıdırlar.
Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun baş elmi işçisi Oksana Antonenko uzun sürən münaqişələrin Cənubi Qafqazda təhlükəli vəziyyət yaratdığını bildirib. O, beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri daha da artırmağa çağırıb.
ABŞ-ın Ceymstaun Fondunun nümayəndəsi Vladimir Sokor Ermənistanın beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan torpaqlarını işğal etdiyini bildirib. O, NATO-nun Balkanlarda və keçmiş Yuqoslaviyada münaqişələrin həlli istiqamətində atdığı addımları Dağlıq Qarabağa münasibətdə də tətbiq etməsinin zəruriliyini vurğulayıb. V.Sokor, həmçinin, bildirib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi münaqişənin həlli ilə paralel aparılmalıdır.
Konfransın “Şərq-Qərb enerji dəhlizi: çağırışlar və imkanlar” mövsuzunda ikinci sessiyasında çıxış edən ABŞ-ın “Heritage” Fondunun nümayəndəsi Ariel Koen, Avropa Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti İrnerio Seminatore, ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov karbohidrogen resurslarının hasilatı və nəqlinə görə dünya dövlətləri arasında Azərbaycanın xüsusi mövqeyə malik olduğunu, Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın vacib rol oynadığını vurğulayıblar.
Konfrans işini işçi qruplarda müzakirələrlə davam etdirib.

Paylaş:
Baxılıb: 1184 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30