Ədəbi mühit XXI əsrin çağırışlarına cavab verməyə hazır olmalıdır
22.12.2009 [11:08]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin noyabrın 21-də Dövlət İdarəçilik Akademiyasında keçirilən müşavirədəki çıxışında və dekabrın 8-də “Azərbaycan” qəzetində dərc olunmuş “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı məqaləsində ictimai-siyasi və humanitar elmlərin ölkəmizdə vəziyyəti nəzərdən keçirilib, bütövlükdə Azərbaycan elminin bu gün öz üzərinə düşən vəzifəni nə dərəcədə yerinə yetirməsi və bunun lazımi səviyyədə olub-olmaması ilə bağlı mühüm problematik məsələlər qaldırılıb. Akademik həm də ədəbiyyat, dil və azərbaycançılıq məfkurəsi məsələlərinə toxunub. Ədəbi proseslə bağlı maraqlı və hətta bir qədər tənqidi fikirlər söyləyib. Lakin alimlərə nisbətən ədəbiyyat adamları buna daha çevik reaksiya veriblər. Xüsusən bəzi yazıçıların reaksiyası diqqəti daha çox cəlb edir. Həmin məsələyə münasibət bildirən akademik Ramiz Mehdiyev “mənim çıxışımı və məqaləmi ittiham kimi qəbul edənlər ciddi yanılırlar. Əslində həmin çıxışda və məqalədə əsasən ictimai elmlər sahəsində vəziyyət və bəzi problemlər öz əksini tapmışdır. Mətbuatda və internet səhifələrində dərc olunmuş rəylərin əksəriyyəti göstərir ki, məqalədə qaldırılmış problemlər insanlarımızı dərindən düşündürür. Onu da qeyd edim ki, ictimai elmlərin nümayəndələri məqalədəki müddəaları düzgün sayır və qəbul edirlər. Bunu isə həmin elmin kifayət qədər obyektiv nümayəndələrinin bu sahədəki vəziyyəti düzgün təhlil etmək bacarıqlarının göstəricisi kimi qiymətləndirmək mümkündür” deyib. Mövzu ilə bağlı “AzərTAc”a müsahibə verən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, eyni zamanda, digər maraqlı məqamlara da aydınlıq gətirib. Toxunulan mövzuların aktuallığını və ictimaiyyət tərəfindən maraqla qarşılandığını nəzərə alaraq, müsahibəni müəyyən ixtisarlarla oxucularımıza təqdim etməyə qərar verdik.
Məqalədə milli ədəbiyyatımız haqqında da yüksək həssaslıqla fikir söyləndiyini deyən akademik əlavə edib ki, nədənsə məqalənin bu hissəsi müəyyən ajiotaj yaradıb: “Bədxahların, araqarışdıran intriqabazların və dəyərli yazıçıları addımbaşı qaralayanların əllərinə fürsət düşüb. Onlar çalışırlar ki, ədiblərimizin yaradıcılığı üzərindən qara xətt çəkərək özlərinin çirkin niyyətlərini həyata keçirsinlər. Bu qaragüruhçular hiyləgərliklərini işə salaraq belə bir rəy yaratmağa çalışırlar ki, guya hakimiyyətlə Yazıçılar Birliyi arasında soyuqluq yaranıb və yaşlı yazıçılara münasibət dəyişib. Düşünürəm ki, bu, çox əbəs işdir. Yaxşı görünür ki, kim millətə xidmət göstərir və kim dağıdıcılıq fəaliyyəti ilə məşğul olur. Anar doğru yazır ki, “bəzi qəzetlər yazıçıları zəhərləməklə məşğuldur”. Onu da düzgün deyir ki, “son məqalənin böyük hissəsi elmə aiddir, ona görə bir şey deyə bilmərəm. Yalnız bir abzas yazıçılar haqqındadır və nədənsə hamı onu bayraq edib”. Mən istər görüşdəki çıxışımda, istərsə də işıq üzü görən məqaləmdə nailiyyətlərimizi hər hansı şəkildə inkar etmək fikrindən uzağam. Axı məqalədə, əslində bizim gələcək inkişafımızla bilavasitə bağlı məsələlərin müzakirəsi aparılır. Burada çağırış və dəvət də vardır. Amma ittiham və inkar yoxdur. Məqsəd kimisə nədəsə günahlandırmaq da deyildir. Məqsədimiz yalnız gündən-günə artan mənəviyyat problemlərinə bir yerdə cavab tapmaqdan ibarətdir. Bir daha vurğulamaq istəyirəm ki, mən tərəf-müqabil idim. Bunu ancaq bu cür qəbul etmək lazımdır. Mən bu gün geniş ictimaiyyətimizi düşündürən ciddi məsələlər barədə bizim alimlərlə, yazıçılarla bir yerdə fikir mübadiləsi aparmaq arzusunda idim”.
Akademik Ramiz Mehdiyevin sözlərinə görə, ədəbiyyatımızın bugününün təhlilini aparmalı və onun gələcəyini düşünməliyik. Azərbaycan oxucusu indi ədəbiyyatımızda 25-30 yaş arasında olan gənc istedadların maraqlı əsərlərini görmək istəyir. Hazırda ad-san sahibi olan ədiblərimiz də 1960-cı illərin ortalarında, elə həmin yaşlarda ikən ədəbiyyata gəliblər.
Akademik cəmiyyətimiz üçün aktual olan daha bir məsələyə toxunub: “Misal üçün, məni ziyalı kimi daim bir məsələ düşündürür: 1987-ci ildən etibarən biz Dağlıq Qarabağ dərdi, Qanlı Yanvar faciəsi, Xocalı soyqırımı ilə, qaçqın-köçkünlük kimi böyük bir humanitar fəlakətlə üzləşmişik. Yaradıcı ziyalılar bu ağır günlərin həyəcanını hansı bədii əsərlərdə lazımınca əks etdiriblər? Mən ayrı-ayrı məqalə və çıxışları yox, dərin təfəkkürlə yaradılan elmi və bədii əsərləri nəzərdə tuturam. Yaxud 1994-cü və 1995-ci illərin dövlət çevrilişi cəhdləri, həmin dövrdə cərəyan edən mürəkkəb daxili prosesləri və dövlətimizə qarşı xaricdən göstərilən təzyiqləri götürək. Hansı kitabda, hansı əsərdə bu məqamlar dolğun elmi və bədii əksini tapıb? Yaxşı, bəs bütün bu işləri kimlər görməlidir? Bunun tək bir cavabı var: alimlərimiz və yazıçılarımız”.
Azərbaycanda ədəbi mühitin olduğunu deməklə yanaşı akademik, eyni zamanda, “Lakin indiki ədəbi mühit XXI əsrin çağırışlarına cavab verməyə hazırdırmı? O, Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin mənəvi ehtiyacını təmin etmək iqtidarındadırmı?” suallarına cavab verilməsini vacib sayır. Onun sözlərinə görə, cəmiyyətin həyatında yeni dəyərlər sistemi formalaşır, yeni prioritetlər meydana gəlir. Bizim insanlar tədricən bütün bunlara hazır olmalıdırlar: “Bu vəzifənin öhdəsindən biz çox dərin düşüncənin məhsulu kimi yaranan sanballı elmi və ədəbi əsərlər vasitəsilə, həmin əsərlərin təbliği sayəsində gələ bilərik. Bax bu gün bu çatmır. Mən yaxşı bilirəm ki, ədəbiyyat inciləri və ya böyük elmi əsərlər göstərişlə, yaxud tapşırıqla ortaya qoyulmur. Bunu sovet dövründə də bilirdim, indiki müstəqillik illərində də çox gözəl anlayıram. Belə əsərləri yazmaq üçün xüsusi qabiliyyət, böyük istedad və dərin zəka tələb olunur. Bizim insanlarımız arasında belələri, şübhəsiz ki, az deyil. Sadəcə, onlara dəstək olmaq, mənəvi dayaq olmağı bacarmaq lazımdır. Bunun üçün də müvafiq elmi və ictimai qurumlar vardır. Bax burada yaradıcı mühit olmalıdır. Əsasən də kreativ düşüncəli elmi işçilərin və yazıçıların yaradıcılıq fəaliyyətləri üçün əlverişli mühit olmalıdır. Bazar iqtisadiyyatı şəraitində dövlət elmin və ədəbiyyatın inkişafı üçün öz töhfəsini əsirgəmir. Lakin yaradıcılıq sahəsində lazımi mühit heç də göstərişlə formalaşdırıla bilməz. Əgər düşünsək ki, ayrı-ayrı yazıçılar əsər yazırsa və bu əsərlər də çap olunursa, sonra onların təqdimatları keçirilir və barələrində hansısa qəzetdə yaxın sovet dövründəki şablonlara uyğun resenziyalar çıxırsa, deməli, gözəl ədəbi mühit və güclü ədəbi proses mövcuddur, onda biz səhv edərik. Arzusunda olduğumuz ədəbi mühit ədəbiyyatın öz daxilində yaranmalıdır. O, qıraqdan gətirilə bilməz. Lakin bu gün az qala əli qələm tutan hər kəs utanıb-çəkinmədən özünü və ya dostunu-yoldaşını asanlıqla ədəbi mühitin, prosesin üzvü kimi təqdim edə bilir. Bunun üçün bu adamın rəsmi formal atributları da var; o, Yazıçılar Birliyinin üzvüdür, hansısa ədəbi orqanın redaksiya heyətinə daxildir, müxtəlif rəyasət və idarə heyətlərinin, nə bilim, daha hansı qurumun üzvüdür və s. və i.a. Amma bu adamı bir yazıçı, dramaturq və ya şair kimi cəmiyyət tanıyıb qəbul edirmi? Bu adam mövcud ədəbi prosesə, ictimai rəyin formalaşması işinə indiyədək nə verib? Bax, bunu biz çox zaman düşünmürük, bu suala cavab axtarmırıq. Yazıçı adının bütün formal atributlarına malik olmaq çox asandır, əsl böyük yazıçı olmaq isə son dərəcə çətindir. Həqiqətən bu gün yazanlarımızın sayı çoxdur. Amma bu, hələlik kəmiyyətlə bağlı məsələdir. Kəmiyyətdən keyfiyyətə isə birbaşa keçid yoxdur. Yazıçılar Birliyinin 1500 üzvü içərisində bütün xalqın hörmət və sevgisini qazanmış neçə yazıçı var?! Hesab edirəm ki, bu sualın da cavabı üzərində düşünməyə dəyər. Ədəbi qəzetlər və jurnallara gəlincə, onlar sözün əsl mənasında ədəbi mühitin və prosesin formalaşmasının aparıcı qüvvələri olmalıdırlar. Bəs bu necə, baş verirmi? Mən arzu edərdim ki, bu gün cəmiyyətimizin hər bir üzvü ədəbi qəzeti, yaxud jurnalı aldıqdan sonra onu səbirsizliklə oxumağa tələsəydi”.
Bu gün ədəbi qəzet və jurnalların oxunmaması səbəbinə gəlincə, akademik deyib ki, qəzet də, jurnal da oxucunu cəlb etmək üçün maraqlı olmalıdır, onun mənəvi-intellektual tələbatını ödəməyi bacarmalıdır. Prezident Administrasiyasının rəhbəri bildirib ki, ədəbi orqanın siyasəti, ilk növbədə, ədəbi mühiti formalaşdırmaq, yeni əsərlər haqqında fikirlər söyləyərək ictimai rəy yaratmağı bacarmaq, ədəbi dilin, milli-mənəvi ləyaqətin keşiyində dayanmaqdır. Bu işlər görülərsə, bu elə dövlətin siyasətinin ədəbi müstəvidə həyata keçirilməsidir.
Akademik hesab edir ki, “ədəbi mühitə yeni qüvvələr gəlməli və bu mühit artıq qrafomanlığa “yox” deməyi bacarmalıdır, dilin və ədəbiyyatın saflığını qoruyaraq maraqlı, sağlam ruhlu mübahisə və polemikalara yol açmalı, novator fikirlərin təbliğinə çalışmalıdır. O zaman ədəbi nəşrləri də əldə çıraq axtararlar”.
Müsahibəsində ədəbi dilin qorunması məsələsinə də toxunan akademik “Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, milli məfkurəmizin əsaslarından biri olan milli-mənəvi dəyərlərimiz içərisində ana dilimiz - Azərbaycan dili xüsusi yer tutur. Ana dili milli ədəbi dil kimi əsrlər boyu yaranıb cilalanmış misilsiz sərvətimizdir. O, bizim varlığımız, canımız və qanımızdır. Amma gəlin baxaq. Bu gün doğma ana dilimiz - istər gündəlik danışıq dilimiz, istərsə də ədəbi dilimizin müəyyən üslubları hansı vəziyyətdədir?!” deyib.
Akademikin qənaətinə görə, ədəbi mühit özü özünü saflaşdıraraq, təkmilləşdirərək sözünü deməlidir: “Heç bir kənar qüvvə onu dəyişdirə bilməz. O, özü özünü hərəkətə gətirməlidir. Başlıcası isə, ədəbi mühit ictimai rəyin formalaşdırılmasına xidmət göstərməlidir. Xalqımızın gözəl dil duyumu vardır. Məhəmməd Füzulini, yaxud Hüseyn Cavidi hər hansı biri yanlış oxuyursa və ucqar dağ kəndinin bir sakini də onun səhvini düzəldirsə, burada artıq biz əsl ədəbiyyata sevgidən danışa bilərik. “Dilin keşiyində dayanmaq” bax buna deyirlər! Daha dövlət bunun üçün də “dil polisi” ayırmayacaq ki?! Cəmiyyət özü dilə həssas münasibət bildirməlidir. Yeni yazılan diqqətəlayiq hər bir əsəri cəmiyyətin diqqətinə də məhz ədəbiyyatşünaslar, ədəbi tənqidçilər dəyərləndirib təqdim etməlidirlər”.
Ədəbi tənqid haqqında suala gəlincə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri bu məsələ ilə bağlı xüsusi tədqiqat aparmadığını və ona qiymət vermək fikrindən uzaq olduğunu deyib: “Ədəbi tənqidlə mətbuatdan tanışam. Onu deyə bilərəm ki, əsl söz sərrafı bədii obrazlarla gerçəkliyi məharətlə əks etdirəndir. Yazıçının istedadına və yaxud şairin qələminin qüdrətinə məhz əsərlərində ifadə etdikləri fikirlərdəki məna dərinliyinə görə qiymət vermək lazımdır. Ədəbi tənqidin başlıca vəzifəsi, zənnimcə, bundan ibarətdir. Vaxtilə bizim Məmməd Cəfər, Mehdi Hüseyn, Qulu Xəlilov, Yaşar Qarayev kimi tənqidçilərimiz var idi və onlar ədəbi prosesə dərindən, prinsipiallıqla nüfuz edirdilər. Əsl ədəbi tənqidimiz bir məktəb kimi də onlar tərəfindən yaradılmışdır. Bəs bu gün bizdə nələr baş verir? Gəlin gizlətməyək ki, ədəbi tənqidimiz bədii əsərin dolğun və məzmunlu təhlilinə deyil, daha çox tərifə qaçır, ən yaxşı halda uzun-uzadı şərhlər verir. Ədəbi tənqid, - təbii ki, söhbət sağlam tənqiddən gedir, - ədəbiyyatın başlıca inkişaf meyillərini görməli, ümumiyyətlə, ədəbi prosesə təsir göstərməli, istiqamət verməlidir. Ədəbiyyat və ədəbi tənqid bir vasitə kimi vəhdət şəklində insanların mənəvi-estetik və ədəbi-bədii zövqünü formalaşdırmağa xidmət etməlidir. Həqiqi ədəbiyyat obyektiv gerçəkliyi əks etdirməklə yanaşı, onun estetik dərkini də təmin etməlidir. Bütün bunlar, eyni zamanda, cəmiyyətin mədəni-mənəvi tələbat və maraqları ilə qırılmaz əlaqədə olmalıdır. Əsl ədəbiyyat zamanın ruhunu, dövrün fəlsəfi-estetik ideyalarını özündə əks etdirməyi bacarmalıdır. Ədəbi tənqidin üzərinə düşən vəzifə bütün bunların gerçəkləşdirilməsi üçün ədəbi prosesə istiqamət vermək və yazıçıya, yaxud şairə həyatın yeni çağırışlarını əsl vətəndaşlıq mövqeyindən qəbul etməsində köməyini əsirgəməməkdir”.
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

