Əsrimizin təhlükəsi- ATOM
11.10.2022 [10:50]
Nüvə silahından istifadə kimə, necə, nə qədər sərfəlidir?
Bəşəriyyət yeni sınaq qarşısındadır. 9 aya yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə - lokal səviyyədən qlobal müstəviyə transferi hər an baş verə bilər.
Hazırki siyasi gedişat da bunu diktə etməkdədir. Son günlər baş verən mühüm kataklizmləri də nəzərə alsaq, fərqli güclərin, daha doğrusu, maraqlı güclərin münaqişəyə daxil olması artıq aktuallıq daşıyır. Gözlənilən NATO-Rusiya çarpışmasının, yəni qlobal müharibənin isə bir bəhanəsi ola bilər - nüvə...
Müharibənin ilk günlərindən müharibədən “qaçan” NATO, əslində, bunu görüntü olaraq yaradıb. Əslində, müharibənin hazırki situasiyasını da Qərb yetişdirib desək, yanılmarıq. Xatırlasaq, ilk nüvə “təhdidi” məsələsini gündəmə Qərb mətbuatı daşımışdı. ABŞ-ın aparıcı qəzetləri hələ 2021-ci ilin ortalarından israrla bəşəriyyətin sonunu gətirə biləcək bu silahdan “qorunmağı”, onun fəsadlarını necə “qarşılamalı” haqda təbliğat aparır. Hətta siyasi platformada da Qərbin leksikonundan “nüvə” sözü əskilmədi.
Aylardır ki, yüksələn xətlə artan “nüvə ritorikası”nda tərəflər bir-birini günahlandırmağa çalışır. Hələ müharibədən öncə Almaniya kansleri Şoltsun Moskva səfəri zamanı gündəmə gələn “atom müzakirəsi” sentyabr-oktyabr aylarında daha intensiv şəkildə eşidilməyə başlayıb. Bunun bir səbəbi Rusiyanın qlobal güclərə qarşı mübarizədə “tək olmadığını” nümayiş etdirməkdisə, ikinci səbəb kimi Kremlin ABŞ-ın “dünyanın tək sahibi” olmasına heç bir halda izin verməyəcəyinin göstərişidir. Yəni, bu, sonun başlanğıcıdır...
“Demokratiya Sammiti” - bitməyən yol, bitməyən iddialar
Ötən ilin dekabrında ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilən “Demokratiya Sammiti” ilə start götürən “yeni dövrün yumşaq yürüşü”nün nələrə yol açacağı analitiklər tərəfindən narahatlıqla bildirilirdi. Bəzi ölkələrdə yumşaq güc yolu ilə öz maraqlarını təmin etməyə, demokratiya pərdəsi altında həmin dövlətləri öz nüfuzu altına almağa çalışan ABŞ bəzi regionlarda buna nail oldu. Təbii ki, planın ikinci hissəsi daha “maraqlı” sayılırdı. Çünki ABŞ-ın belə sakit yolla sıradan çıxara bilməyəcəyi dünya gücləri mövcuddur. Həmin ölkələri sıradan çıxarmaq üçün Sammit “yeni dünya düzəni” üçün şərait formalaşdırmağı hədəflədi. Hədəfin ştrixlərini təxminən bu şəkildə qruplaşdırmaq olar:
- ABŞ Şərqdə qurduğu yeni hərbi koalisiya vasitəsilə öz dayaqlarını daha da möhkəmləndirirdi. AUKUS Şərqi Çin dənizini, Atlantik sularını, Sakit Okean hövzəsini daim nəzarətdə saxlayacaq gücə çevrilməli idi. Yaranacaq təhlükə qarşısında isə AUKUS və tərəfdaşları (Yaponiya, Cənubi Koreya) Qərbin maraqlarının ifadəçisi rolunda çıxış etməli idilər.
- Anti-Çin, anti-KXDR addımlar kəskinləşmişdi. Tayvan problemi yenidən aktuallaşdırıldı. Süni şəkildə Çin-Tayvan qarşıdurması mənzərəsi formalaşdırıldı. 2020-ci ilə qədər KXDR ilə aparılan danışıqların arası birdən-birə kəsildi. Ortada yalnız qəti iradəni əks etdirən ultimatum tipli bəyanatlar yer almağa başladı.
- Mərkəzçi Avropanı müharibəyə razı salmaq üçün bütün vasitələrdən istifadə edildi. Hətta Avropa üçün həyati əhəmiyyət daşıyan qaz probleminin həlli istiqamətində də ən böyük canfəşanlığı Ağ Ev administrasiyası göstərdi. Bütün hallarda, Avropa qısa sayılmayacaq müharibəyə itələnirdi.
Təbii ki, hazırda müharibənin Qərbdə, daha doğrusu, mövcud situasiyada mərkəzi Avropada getdiyini nəzər alsaq, üçüncü şərtin daha asan reallaşdığını deyə bilərik. “Brexit”lə Avropanın ittifaq müqaviləsini tərk edən Britaniyanın ardından Avropa əvvəlki kimi qüdrətli görünə bilmir. Angela Merkelin öz postunu Şoltsa təhvil verməsi Almaniyanı “gücdən” salıb. Belə olan təqdirdə özünü Avropa lideri elan etmək üçün bütün vasitələrə əl atan Fransa ABŞ və onun hərbi iddiaları qarşısında olduqca aciz görünür. Bu səbəbdəndir ki, şərti olaraq III Dünya ?üharibəsinin ilkin qığılcımı gözlənilənlərin əksinə olaraq Şərq sularında deyil, Avropada baş verdi. Başqa sözlə, ABŞ üçün güclü Çinə, heç bir standarta uyğun gəlməyən və heç bir qərarının proqnozlaşdırılması mümkün olmayan KXDR-a, döyüşlərin mərkəzdən çox uzaqda baş verəcəyi səbəbilə o qədər də heydən düşürülməyəcək Rusiyaya qarşı Uzaq Şərqdə cəbhə açmaq sərfəli ola bilməzdi. Belə olan halda tək meydan qalır - iki dünya müharibəsinə “ev sahibliyi” etmiş Avropa.
Katapultlar hazır vəziyyətə gətirilib?
Artıq 9 aydır ki, Avropanın tam mərkəzində qanlı döyüşlər gedir. Bu günə qədər Rusiya və Ukrayna qarşılıqlı şəkildə on minlərlə itki verib. Şəhərlər dağılır, insanlar öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalırlar. Regionda baş verən siyasi proseslər isə dinamikliyinə və dəyişkənliyinə görə hərbi əməliyyatları belə üstələyir. O baxımdan ki, cəmisi 9 ay ərzində regionda yeni siyasi reallıqlar formalaşıb - burada Ukraynanın 4 regionunda keçirilən referendum ən bariz misaldır. Bu baxımdan, yeni siyasi reallıqlar hərbi əməliyyatların daha da aqressiv mərhələyə keçməsini şərtləndirib. Müharibənin bu mərhələsi isə “nüvə müharibəsi” riskini daha da artırır. Deyilənlərə görə, hətta artıq Kreml və ABŞ artıq “nüvə sınaq”ları üçün katapultu hazır vəziyyətə belə gətirib.
“Nüvə silahı” - atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20-80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir.
Bu, nüvə silahının elmi izahıdır. Amma bunun bir də, real görünən tərəfi var. Dağıntıların miqyası, insan tələfatının sayı, fəsadların illərlə, bəlkə də əsrlərlə davam etməsi. Bunun bariz misalı 1945-ci ildə ABŞ tərəifndən Yaponiyaya atılmış nüvə bombalarıdır.
İlk “nüvə” necə yarandı?
İlk nüvə bombaları haqda qısa arayış - məşhur danimarkalı fizik Nils Bor atomun quruluşu haqqında mükəmmələ yaxın modeli qurduqdan sonra ABŞ-a tərəf yol alır. O, burada Albert Eynşteyn ilə görüşür. Amerikada toplanan avropalı alimlər bir araya gəlib, uraniumun parçalanmasını daha dərindən öyrənirlər. 1938-ci ildə, neytron bombardmanı ilə yeni radioaktiv izotoplar sintez etdiyi üçün, Enrico Fermiyə Nobel mükafatı verilir. Artıq 1939-cu il - İkinci Dünya müharibəsi astanada idi. Amerikadakı alimlər nasist Almaniyasının törədə biləcəklərindən narahat idilər. Bunun üçün də professor Fermi Vaşinqtonda general Leslie Groovesla görüşərək, Hitlerin tezliklə atom bombası hazırlatdıra biləcəyi xəbərini çatdırır. Atom bombasının kimyəvi bombalardan yüzlərlə qat daha güclü partlayacağını izah etməyə çalışsa da, general Grooves professoru ciddiyə almır. Ən maraqlısı isə odur ki, dünyanın sonunu gətirə biləcək elmi kəşflərə imza atan Fermi ingilis dilində çox zəif danışırdı deyə, Grooves onu yaxşı başa düşməmişdi. Yəni, ABŞ-ın ilk atomdan imtina səbəbi sırf texniki və təsadüfi səbəb idi. Ardından iki macar alim - Leo Szilard və Eugene Vegner, həmin ərəfələrdə yetərincə məhşurlaşmış Eynşteynə ABŞ prezidenti Franklin Ruzveltə məktub yazmasını təklif edirlər. Məktubu macar alimlər yazır, Eynşteyn isə imzalayır. Məktubda deyilir: “Enrico Fermi və Leo Szilardın atom parçalanması ilə bağlı araşdırmaları, məni, uran elementinin böyük ölçüdə enerji potensialına sahib olması haqqında düşündürür. Bu enerji yaxın zamanda əldə oluna bilər. Uranın artıq ölçüsünü alıb, nüvə zənciri reaksiyasını quraşdıra bilər və bunun nəticəsində böyük güc əmələ gətirə bilərik. Hətta, daha sonra, atom bombası da qura bilərik... Dünya tarixində ilk dəfə, insanoğlu günəş enerjisi resursundan istifadə etmədən, enerji daşıyan sistem təsis edəcək - 2 avqust, 1939-cu il”.
Ruzvelt məktubu oxuduqdan dərhal sonra, bir sıra alimi özündə cəmləyən “Uran Komitəsi”nin qurulması qərarını verir. Bir az irəli gedib onu qeyd etmək olar ki, yaranan bu komitədə əsas simalardan olan, sonradan isə ABŞ-a iki dönəm prezidentlik edən Lindon Conson uranın zənginləşdirilməsində, atom bombalarının yaradılmasında, hətta çoxaldılmasında və Yaponiyaya atılmasında əhəmiyyətli rol oynamışdı.
“Üç məxfi şəhər” layihəsi iki şəhəri dağıtdı
Nəhayət, 6 dekabr 1941-ci ildə Yaponiyanın dəniz qüvvələri, ABŞ-ın Pearl Limanını bombalayır və cavab olaraq, ABŞ Yaponiyaya qarşı müharibə elan etdiyi xəbərini yayır. Yaponiyanın müttəfiqləri - Almaniya və İtaliya da ABŞ-a qarşı müharibə elan edirlər. Prezident Ruzvelt nüvə araşdırması üçün, on milyonlarla dollar vəsait ayırır. Professor Artur Compton bütün ABŞ-ın nüvə araşdırma rəhbəri təyin olunur. Leslie Grooves, hərbi əməliyyatları genişləndirmək məqsədilə, “Manhattan layihəsi”ni qurur və Robert J.Oppenheimeri elmi rəhbər təyin edir. Bütün nüvə araşdırması aparan alimlər Çikaqo Universitetinə dəvət olunur. Professor Fermi Columbia Universitetindəki quraşdırdığı ilk nüvə reaktorunu daha da böyütmək məqsədilə Çikaqoya köçür. Nəticədə, layihənin adı “Çikaqo nüvə bombası” adlanır. Bu dəfə, ölçülər qat-qat böyükdür - 10 m x 20 m x 9 m quruluşunda olan, çəkisi daha çox olan qrafit və uran daşıyan bu bomba, 57 qatdan ibarət idi. Çalışdıqları yerin adı “Metallurgiya Laboratoriyası” adlanırdı ki, heç kəs bu bölgəyə şübhə ilə yanaşmasın. Bu laboratoriyaya Fermi və köməkçiləri xaric heç kəs buraxılmırdı. Hətta onların həyat yoldaşları belə həmin laboratoriyaların yerini bilmirdi. 1942-ci il dekabrın 2-də “Çikaqo nüvə bombası” layihəsi yekunlaşır və Fermi nüvə zənciri reaksiyasını bir daha test edərək, güclü enerji ayrılmasının şahidi olur.
Müharibə planlarının bir digər layihəsi olan “Üç məxfi şəhər” (Three secret cities) adlı elmi araşdırmaya sürətlə keçid edilir. Layihəyə hərbi əməliyyatların tərkibində yer alan, “Manhattan layihəsi”nin bir hissəsi kimi, general Leslie Grooves tərəfindən ciddi şəkildə nəzarət edilir. Grooves üç fərqli ştatda böyük ərazilər satın alaraq, nüvə reaksiyaları araşdırmalarına şərait yaradır. Qeyd edək ki, birinci məxfi şəhər - Oak Ridge, ikinci məxfi şəhər - Vaşinqton, üçüncü məxfi şəhər - Los-Alamos idi.
6 avqust 1945-ci ildə Hiroşimada 15 kiloton “Little Boy” adlı uran-235 atom bombası partladılır. Şəhər mərkəzini tamamilə sıradan çıxaran bu hadisə nəticəsində şəhər əhalisinin üçdə bir hissəsinə yaxın, yəni 120 min adam ölür. Geriyə qalan minlərlə adam isə mutasiyaya uğrayır, xərçəng xəstəliyinə tutulur və yaxud orqanlarından birini itirir.
3 gün sonra, 9 avqust 1945-cı ildə sabaha yaxın Naqasakidə, 45 kiloton çəkisindəki “Fat Man” adlı, plutonium-239 atom bombası partladılır. Hirosima bombasından üç qat daha ağır və urandan daha radioaktiv, plutonium bombasını şəhərin tam mərkəzinə düşürməyi tutdura bilməyən pilot, 80 min insanın ölümünə səbəb olur.
Kimin neçə bombası var?
“Qiyamət silahı” adlanan nüvə başlıqları müasir günümüzdə cəmisi bir neçə ölkənin arsenalında yer alır. Nüvə silahlarının sayı barədə isə son dərəcə təxmini fikir yürütmək olar. Stokholm Beynəlxalq Sülh İnstitutu (SIPRI) və Amerika Elm Adamları Federasiyasının (FAS) 2019-cu ildə birgə apardığı araşdırmalara görə isə hazırda dünyada, sadəcə, 9 ölkədə nüvə silahı var. Siyahıya Rusiya rəhbərlik edir. 6 min 850 nüvə silahı olan Rusiyada prezident Vladimir Putinin bu silahları istədiyi kimi istifadə etmək hüququ var. İkinci yerdə ABŞ dayanır ki, onun da 6 min 450 nüvə silahı mövcuddur. Baydenin də ABŞ Konqresi ilə məsləhətləşmədən nüvə silahlarından istifadə hüququ var. Üçüncü yerdəki Fransanın isə, sadəcə, 300 ədəd nüvə silahı var ki, bu da prezidentin səlahiyyətindədir. İlk nüvə silahını 1952-ci ildə sınaqdan keçirən İngiltərə isə 225 ədəd nüvə başlığı ilə siyahının dördüncüsüdür. Bu ölkədə nüvə silahından istifadə hüququ ölkənin baş nazirində və ya onun təyin etdiyi bir millət vəkilində olur. Çindəki nüvə prosesləri haqqında çox məlumat yoxdur. 1964-1996-cı illər aralığında ölkədə 45 nüvə silahı sınaqdan çıxarılıb və hazırda Çinin 280 ədəd nüvə silahının olduğu ehtimal edilir. Bu sayı Çini siyahıda 5-ci yerə qoymağa icazə verir. İlk nüvə silahını cəmi 21 il bundan əvvəl sınaqdan çıxarmış Pakistan isə təxminən 140-150 nüvə başlığı ilə 6-cı yeri tutur. Pakistanda baş nazir Nüvə Qərargahına nəzarət etdiyi üçün nüvə silahları onun tabeçiliyində sayılır. 7-ci yerdəki Hindistanın isə 130 və ya 140 nüvə silahı olduğu ehtimal edilir. Burada da nüvə silahlarına baş nazir nəzarət edir. Nüvə silahı olan digər bütün ölkələrdən fərqli olaraq 8-ci yerdəki İsraildə bu silahların istifadə hüququ bir nəfərdə deyil. Beynəlxalq ictimaiyyət İsrailin nüvə silahı olduğundan şübhə eləmir ancaq, İsrail hökuməti indiyə kimi heç vaxt bu barədə rəsmi açıqlama verməyib. Sonuncu yerdəki Şimali Koreyanın isə 10 və ya 20 nüvə başlığı olduğu ehtimal edilir.
Qərb daha dağıdıcı və daha kəskin yollar axtarışındadır
Beləliklə, dünyada “atom müharibəsi”nin əsası qoyulur. XXI əsrdə liberalizmdən danışan, bütün bəşəriyyəti “Demoratiya Sammti” çətiri altına toplamağa çalışan ABŞ dünyada ilk atom “sınağı” həyata keçirən ölkədir. Düzdür, sonradan siyasi proseslərin gedişi ABŞ-ın əsas rəqibi olan SSRİ və onun varisi kimi Rusiyanı da atomla zənginləşməyə vadar etsə də, nüvə təhdidi bu iki qütb arasında müasir günümüzdə də davam etməkdədir. Təbii olaraq nüvə ritorikasının güclənməsi ən çox Avropa ölkələrini narahat edir. Bu mənada, narahatlıq da başadüşüləndir - döyüş məhz Avropa məkanında gedir. Hətta taktiki nüvə silahından istifadə belə, minlərlə, bəlkə də milyonlarla insanın ölümünə yol aça bilər. Avropa İttifaqı Rusiyanın nüvə silahından istifadə təhlükəsini ciddi qəbul etməklə bağlı çağırış belə səsləndirib. Hətta prezident Putinin “blef etmirəm” fikri bu narahatlıq üçün əsas da yaradır. Bununla belə, Qərbin planları da məhz birtərəflidir - münaqişəyə son verməkdənsə, onu daha da alovlandırmaq, beləliklə yeni mərhələlərə keçid etmək. Bu isə, ABŞ-ın dünya liderliyi uğrunda mübarizədə tutduğu yolun - “Demokratiya Sammiti”nin yumşaq nəticələrə yol açmadığını göstərir. Demək ki, Qərb daha dağıdıcı və daha kəskin yollar axtarışındadır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31

