Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sərhəd oyunu, yaxud Kalyurandın məsləhəti...

Sərhəd oyunu, yaxud Kalyurandın məsləhəti...

03.03.2023 [10:10]

Rəsmi İrəvan Aİ missiyasını delimitasiya prosesinə cəlb etməyə çalışır

Nardar BAYRAMLI

Ermənistan regionda gərginliyi artırmaq üçün “siyasi manevrlərini” davam etdirir. Bu dəfə rəsmi İrəvan Avropa İttifaqının (Aİ) monitorinq missiyasını Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə cəlb etməklə növbəti “cığallığa” başlayıb. Erməni tərəfi patrul xidmətini monitorinq missiyası adı ilə birtərəfli qaydada regiona gətirməsinin ardınca, delimitasiya prosesinə cəlb etməklə həmin missiyanın fəaliyyətini daha da “genişləndirməyə” çalışır. Belə bir məqsədi  ilk olaraq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli kütləvi informasiya vasitələrinə açıqlayıb. O deyib ki, Avropa İttifaqının   müşahidəçilərinin sərhədlərin delimitasiyası məsələlərində iştirak etmək mandatı yoxdur, lakin onlar bu məsələdə məsləhət vermək şəklində “faydalı” ola bilərlər. “Mülki missiya Ermənistan üçün çox vacibdir. Missiyanın Azərbaycan ərazisində olması arzuolunan olardı, amma bu baş vermədi. Ermənistan bunu sülh gündəminə töhfə verəcək sabitləşdirici amil hesab edir. Delimitasiya məsələsində onların məsləhətindən istifadə etmək faydalı olar”, - deyə Qriqoryan bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi  belə bir vəziyyətin yaranmasına görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) günahlandırmaqdan da çəkinməyib. Onun sözlərinə görə, KTMT Ermənistanın sərhədlərini tanımır, bu, ciddi problemdir, çünki sərhəd yoxdursa, deməli, məsuliyyət sahəsi də yoxdur. Avropa Parlamentinin deputatı Marina Kalyurand isə bu mövzu ilə bağlı deyib ki, əgər Ermənistan özü hazır və sadiqdirsə, Avropa İttifaqı Ermənistanla münasibətləri genişləndirə bilər. Kalyurand söyləyib ki, Ermənistan Rusiya ilə bir neçə təşkilatda müttəfiqdir: “Biz Ermənistanın KTMT-nin üzvü olmasını, eləcə də Rusiya və Belarusla Gömrük İttifaqında iştirak etməsini görməzdən gələ bilmərik. Ermənistanın Aİ ilə əməkdaşlıqda nə qədər irəli getməyə hazır olması vacibdir. Ümid edirəm ki, erməni xalqı da Gürcüstan xalqı kimi qərar verəcək və bu məsələdə hökumətə təzyiq göstərəcək”. Bu kimi fikirlər isə Ermənistanın geosiyasi güclərin əlində alət olduğunu bir daha təsdiqləyir.

Ümumiyyətlə, Ermənistan Avropa İttifaqı missiyasını delimitasiya prosesinə cəlb etməyə çalışmaqla nəyə nail olmaq istəyir? Missiyanın delimitasiya prosesinə qoşulması mümkündürmü? Məsələ ilə bağlı qəzetimizə açıqlamasında politoloq İlyas Hüseynov Avropa İttifaqının ilk  mülki missiyasının Ermənistana gəlməsinin və regionda yerləşməsinin Praqa görüşünün nəticəsində baş tutduğunu xatırladıb. Praqa bəyanatına nəzər salsaq görərik ki, bu missiyanın həm də delimitasiya işinə töhfə verməsi vurğulanırdı. Amma zaman keçdikcə biz missiyanın fəaliyyətinin müəmmalı olduğunu müşahidə etdik. 40 nəfərdən ibarət və iki ay müddətində fəaliyyət göstərən həmin missiyanın fəaliyyəti hələ də qaranlıqdır. Ötən il oktyabrın sonundan dekabrın sonunadək Ermənistanda olan missiya  öz fəaliyyəti haqqında heç bir hesabat təqdim etmədi. Sadəcə,  Ermənistan manipulyativ bəyanatlar versə  də, öz iddialarını isbat edə bilmədi. Bütün bunların ardınca isə, bu il fevralın 20-də Avropa İttifaqının daha geniş tərkibli missiyası 2 illik müddətə Ermənistanda yerləşdirildi. Amma bu, Azərbaycanın razılığı olmadan baş verdi.

Politoloqun fikrincə, ölkəmizin razılığı olmadan belə bir addımın atılması həmin  missiyanın arxasında təzadlı və xoşagəlməz geosiyasi problemlərin dayandığını göstərir. Həmsöhbətimiz qeyd edib ki, hazırkı şəraitdə sərhədlərin delimitasiyası işinə missiyanın tərkibindəki Aİ emissarları tərəfindən dəstək verilməsi birtərəfli olacaq: “Çünki missiyanın işində Azərbaycan iştirak etmir, o, ölkəmizin razılığı olmadan bölgəyə gəlib. Praqa görüşündə olduğu kimi, bu dəfə də missiyanın fəaliyyəti Azərbaycanla razılşadırılmalı və mövqeyimiz öyrənilməli idi. Amma belə olmadı. Azərbaycanın bu missiyanın işində iştirak etməməsinin çox obyektiv və real səbəbləri var. Nəzərə almaq lazımdır ki, delimitasiya prosesi Azərbaycan və Ermənistan arasındakı dövlət sərhəddi ilə bağlıdır. Buradan belə qənaətə gəlmək olar ki, ölkəmizin razılığı olmadan Avropa İttifaqının missiyası bu prosesə qoşula bilməz. Yəni, dövlətimiz onlarla əməkdaşlıq etməyəcək və bununla da Ermənistanın bu məqsədi reallaşmayacaq. Lakin rəsmi İrəvan avropalı emissarları birtərəfli qaydada öz tərəfindən prosesə cəlb edərsə delimitasiya işinin nəticələri qərəzli olacaq və Azərbaycana qarşı  həqiqətə uyğun olmayan məqamlar yer ala bilər. Ona görə də, düşünürəm ki, bu missiyanın sərhədlərin delimitasiyası işinə cəlb olunmasını əvvəlcədən qərəzli hesab etmək olar. Bu prosesin özü, ümumilikdə, geosiyasi mərkəzlər arasında mübarizənin, ziddiyətlərin, fikir ayrılıqlarının, gələcəkdə isə münaqişələrin yaranmasına səbəb ola bilər”.

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31