Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qeydə alınmış 1667 asteroidin Yerlə real toqquşma təhlükəsi yoxdur

Qeydə alınmış 1667 asteroidin Yerlə real toqquşma təhlükəsi yoxdur

04.02.2016 [09:41]

Son vaxtlar KİV-lərdə Yerə təhlükə yaradan səma cisimləri barədə xəbərlər daha tez-tez görünür. Bu da insanlarda müəyyən təşviş doğurur, hətta bəzən şayiələrə gətirib çıxarır.
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev AZƏRTAC-ın xahişi ilə bu məsələni şərh edir:
- Elə kosmik obyektlər var ki, Yerə potensial təhlükəli məsafəyə qədər yaxınlaşmağa imkan verən orbitə, toqquşma olacağı təqdirdə kifayət qədər ciddi ziyan vura biləcək, yaxın 100 il və daha çox müddətdə təhlükə mənbəyi olaraq qalacaq böyük ölçülərə malikdirlər. Bunlar əsasən asteroid və ya kometlərdir.
Əgər kosmik obyekt Yerin orbitini 0.05 “astronomik vahid”dən (Yerdən Aya qədər olan məsafənin 19.5 misli) kiçik məsafədə kəsib keçirsə, diametri 100-150 metrdən böyükdürsə, o, potensial təhlükəli hesab olunur. Qeyd edim ki, Yerdən Ayadək orta məsafə 384,400 kilometr, “astronomik vahid” isə Yerlə Günəş arasında orta məsafə olmaqla, təqribən 150 milyon kilometrdir. Bu cür ölçüyə malik obyektlər Yerə düşəcəyi təqdirdə torpaq qatında dəhşətli dağıntılar və ya okeanda nəhəng sunamilər yarada biləcək qədər böyükdürlər.
Adətən belə miqyaslı hadisələr 10 min ildə bir dəfə baş verə bilər. WISE kosmik teleskopundan alınan məlumatların analizi göstərir ki, diametri 100 metrdən böyük olan potensial ən təhlükəli obyektlərin sayı 4700-6200 arasında dəyişir. Diametri 35 metrdən böyük olan asteroidlər yaşayış məntəqələrinə düşdüyü halda ciddi dağıntılara səbəb ola bilər.
Kiçik asteroidlərin əksəriyyətinin diametri naməlumdur və yalnız parlaqlıq və məsafə kimi parametrlər əsasında hesablanır. NASA və JPL kimi məşhur qurumların birgə proqramı olan NEO (“Near-Earth Objects” Program) Yerə yaxınlaşan obyektlərin müşahidəsi və təsnifatı ilə məşğul olur.
1990-cı ildən başlayaraq, texnoloji inkişaf Yer üçün potensial təhlükəli kosmik obyektlərin (asteroid və kometlər) sayının daha dəqiq hesablanmasına imkan verir. Yerətrafı təhlükəli obyektlərin sayı artıq 13 minə yaxınlaşıb və onların əksəriyyəti asteroidlər, təqribən 85-i isə qısa-periodlu kometlərdir. Bu obyektlər müxtəlif cihazlar, teleskoplar, radarlar, infraqırmızı kameralar vasitəsilə tədqiq olunur, xüsusiyyətləri, ölçüləri, tərkibi, öz oxu ətrafında fırlanma periodu, daha dəqiq orbiti təyin edilir. Maraqlıdır ki, bu tədqiqatlarda peşəkarlarla yanaşı, həvəskar astronomlar da kifayət qədər fəal iştirak edirlər.
Asteroid planetlərə və peyklərinə yanaşarkən, onlara qravitasiya təsiri göstərir, orbitini dəyişir və hətta potensial təhlükəli obyekt siyahısından çıxa və ya əksinə, ora düşə bilər. Bu, Günəş sisteminin dinamik xarakterini əks etdirir.
Bu sahədə çalışan dünya alimləri 2020-ci ilə qədər olan müddətdə Yerə yaxınlaşan və diametrinin ölçüsü 140 metrdən böyük olan obyektlərin ən azı 90 faizini tapmağı qarşılarına məqsəd qoyublar. Lakin ölçüsü bundan kiçik olan obyektlər də kifayət qədər təhlükəli ola bilər. Məsələn, məşhur Tunqus hadisəsini diametri 50-80 metr olan obyektin törətdiyi güman edilir.
Asteroidlərin toqquşma təhlükəsini təsnifatlaşdırmaq üçün xüsusi şkalalar mövcuddur. İki əsas şkala Palermo və Turin şkalaları sayılır. Böyük təhlükə üçün bal 4-dür. Periheli, afeli məsafəsinə və böyük yarımox parametrlərinə görə seçilmiş təhlükəli asteroidlərin əsasən 3 qrupu var: Aten, Apollon və Amor. Ən çox kəşf edilmiş obyektlər Apollon asteroidləridir.
2016-cı il fevralın 3-dək 1667 potensial təhlükəli asteroid qeydə alınıb. Bunlardan 153-nün diametrinin 1 kilometrdən böyük olduğu fərz edilir. Həmin 1667 asteroid Yer üçün yalnız potensial təhlükə təşkil edir, real toqquşma təhlükəsi isə yoxdur.
Bu il martın 5-də Yerə ən yaxın məsafədən (Yerdən Aya qədər olan məsafənin 1.3 misli) keçməsi gözlənilən 2013 TX68 asteroidinin diametri 38 metrdir.

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30