Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xalq Cümhuriyyəti Azərbaycanın XX əsr tarixinin parlaq səhifələrindən biridir

Xalq Cümhuriyyəti Azərbaycanın XX əsr tarixinin parlaq səhifələrindən biridir

13.03.2018 [09:58]

AXC-nin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü
Məlum olduğu kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Bu, 100 ilin tarixinə, Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramdır. Ümumiyyətlə, Xalq Cümhuriyyəti Azərbaycanın XX əsr tarixinin parlaq səhifələrindən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində digər sahələrlə yanaşı ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü. Bu işlərin və əldə edilmiş nəticələrin öyrənilməsi, ümumiləşdirilməsi həm dövrün tarixinin tədqiqi, həm də ordu quruculuğu sahəsində ənənənin bərpası və ondan düzgün nəticə çıxarılması baxımından elmi və praktiki əhəmiyyətə malikdir.
Ümumiyyətlə, o dövrdə Azərbaycanın istiqlaliyyətinin elan olunduğu tarixi şərait, onun qərar tutduğu bölgədə cərəyan edən proseslər xalqın müstəqilliyinə real dayaq ola biləcək ordunun formalaşdırılmasını tələb edirdi. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Cümhuriyyət dövründə müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordumuz formalaşdırıldı. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan Cümhuriyyət hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda Milli Ordunun təməli qoyuldu. 1918-1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik Milli Ordu hissələri formalaşdırıldı. Qeyd olunduğu kimi, 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildilər. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. O zaman Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi.
Azərbaycan parlamentinin 1919-cu il avqustun 18-də keçirilmiş iclasında “Gömrüyə münasibətdə Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin təsis edilməsi haqqında Qanun” qəbul edildi. 8 maddədən ibarət olan qanunun 1-ci maddəsində göstərilirdi: “Azərbaycan Respublikasının sərhədlərini qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla mübarizə aparmaq məqsədilə Azərbaycanın sərhədləri boyu, əlavə edilən dislokasiya məntəqələrinə uyğun olaraq, sayı doxsan doqquza (99) çatan, doqquz yüz doxsan iki (992) mühafizəçidən ibarət tərkibdə sərhəd postları təsis edilsin...”
1919-cu ilin sonlarından etibarən qoşun hissələri, əlahiddə taborlar və hərbi məktəb üçün döyüş bayraqlarının tətbiqinə başlandı. Bu bayraqlar da milli dəyərlər əsasında hazırlanmışdı və onun verildiyi hissənin Azərbaycan Ordusuna məxsusluğunu təsdiq edirdi. Bayraqlar eyni təsvirə malik idilər. Onların layihəsinin hazırlanması nazirliyin hərbi topoqrafiya şöbəsinə tapşırılmışdı və həmin layihə hazırlanarkən milli simvolların istifadəsinə, milli ənənələrə bağlı müəyyən elementlərin tətbiqinə xüsusi diqqət yetirilmişdi.
Döyüş bayrağı - parça, lent, ucluq, ağac və dəstəkdən ibarət idi. Parça gümüşü saçaqlarla tamamlanan, kənarlarına naxış vurulmuş mavi rəngli stof ipəkdən və atlasdan ibarət idi. Yuxarı sol küncündə gümüşü saplarla səkkizguşəli ulduz və aypara çəkilmişdi. Bayrağın kənarı ilə işlənmiş naxış şərqin böyük sərkərdəsi Teymurləngin Səmərqənd şəhərindəki qəbrinin üzərində olan təsvirdən götürülmüşdü və Azərbaycan Ordusunun döyüş bayrağında şərqin qəhrəmanlıq ənənələrinə sadiqliyini təcəssüm etdirirdi. Bayrağın bir üzündə ərəb hərfləri ilə “Azərbaycan” sözü, o biri üzündə isə Qurandan ayə - “Nəsri min Allah və fəthi qərib” (Allahdan kömək olarsa qələbə yaxındadır) yazılmışdı. Bayrağın lentləri 15 santimetr enində yaşıl və qırmızı parçadan hazırlanmışdı və ucluqları 10 santimetr uzunluğunda saçaqlarla tamamlanmışdı.
Döyüş bayrağının təsvirinin elan olunması ilə bağlı nazirin əmrində deyilirdi ki, təsdiq olunmuş layihənin əsasında indiki dövrdə xalqın milli şüurunun inkişafı, məscid və kitablarda, habelə böyük Teymurləng və onun davamçıları tərəfindən inşa edilmiş tikililərdə əks olunmuş qədim memarlıq nişanələri dayanmışdır ki, onlar indi 8-ci Ağdaş piyada alayının və Zəngəzurda yerli əhalidən ibarət xüsusi hərbi hissələrin formalaşdırılması ilə başa çatdırıldı.
Bütün bu təşkilati işləri həyata keçirməklə Hərbi Nazirlik 1919-cu ilin sonunadək Azərbaycan Ordusunun şəxsi heyətinin sayını isə 5 min nəfərə çatdırmalı idi. Bütünlükdə qısa müddət ərzində döyüşkən və hazırlıqlı bir ordu yaratmaq mümkün oldu və bu ordunun köməyi ilə 1920-ci ilin Novruz bayramı günlərində Qarabağ ətrafında başlanan kütləvi erməni hərbi təcavüzünün qarşısını almaq mümkün oldu.
Ümumən, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təşkili Azərbaycanın hərb tarixində və bütünlükdə Azərbaycan xalqının tarixində əhəmiyyətli bir hadisə idi. Çünki hər şeydən əvvəl bu ordunun yaradılması ilə Azərbaycanda nizami ordu quruculuğunun əsası qoyuldu və Azərbaycanda silahlı qüvvələr quruculuğu tarixində xarakter etibarı ilə tamamilə yeni bir səhifə açıldı. XX əsrin əvvəllərində yenidən reallığa çevrilən Azərbaycan Ordusu quruculuğu yeni və mütərəqqi dəyərlər üzərində aparılırdı və həmin dəyərlər şərqdə ilk demokratik dövlət quruluşu olan Azərbaycan Xalq Cümhuriyyətinin mahiyyətindən irəli gəlirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun ən yaxşı ənənələri bizim müasir və güclü ordumuzun simasında öz əksini tapıb. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün inkişafının ən yüksək səviyyəsinə çatan müasir Azərbaycan Ordusu təchizat səviyyəsinə, döyüş hazırlığına, şəxsi heyətinin mənəvi keyfiyyətinə, idarəetmə strukturlarının peşəkarlığına görə dünyanın ən güclü ordularından biridir. Bu ordu xalqımızın qürur və güvənc yerinə, Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə qadir olan bir orduya çevrilib. 2016-cı ilin aprel döyüşləri də bu reallığı nümayiş etdirdi. Həmin döyüşlərin uğurları bizim böyük qələbəmizin başlanğıcıdır. Azərbaycan Ordusunun gücü belə bir əminlik yaradır.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 536 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31