Sülhə doğru, yaxud diqqət Brüsselə
01.04.2022 [09:50]
İlham Əliyev: Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur
Nurlan QƏLƏNDƏRLİ
Rusiya-Ukrayna müharibəsi regional təhlükəsizlik məsələsinin aktuallığını daha da artırıb. İndi həm Avropa məkanında, həm də müxtəlif bölgələrdə sabitlik və əməkdaşlıq mühitinin təmin olunması geosiyasi qüvvələr və qütblərin, eləcə də regional güc mərkəzlərinin diqqətindədir. Beynəlxalq ictimaiyyətin nəzəri həm də postmüharibə dönəminə qədəm qoymuş Cənubi Qafqazdadır. Xüsusilə də, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Ekspertlər qeyd edirlər ki, yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir.
Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Yeni əməkdaşlıq mühiti həm region dövlətləri, həm də bölgədənkənar qüvvələr üçün strateji şans - tarixi fürsətdir. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir. Bunun üçün müvafiq təklif və təşəbbüslər irəli sürülür, diplomatik təmaslar davam etdirilir. Aprelin 6-da Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçiriləcək görüş də bu baxımdan əhəmiyyətlidir.
Ümumiyyətlə, sülh gündəliyi qalib Azərbaycanın haqlı, birmənalı və qətiyyətli mövqeyi, müvafiq təklifləri əsasında müəyyən olunur. Hələ bir müddət öncə Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilən görüşdə müzakirə olunan məsələlər, ifadə edilən mövqelər də bu reallığı bir daha təsdiqləyib. Elə Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatında əksini tapan məqamlar və məsələlər bölgədə postmüharibə dövrünə dair yanaşma və fəaliyyətlərin məhz Azərbaycanın geosiyasi iradəsi əsasında təyin olunduğunu göstərmişdi. Bu da təsadüfi deyil. Çünki Bakının mövqeyi tam adekvat yanaşma kimi xarakterizə olunur.
Postmüharibə dönəmində regional proseslərin tənzimlənməsində Aİ-nin fəallığı da diqqət mərkəzindədir. Martın 31-də Prezident İlham Əliyevin Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı da bu məsələlər müzakirə olunub. Dövlət başçısı aprelin 6-da keçiriləcək görüşü nəzərdə tutaraq “Ümid edirəm ki, bu görüş məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib” ,- deyə söyləyib. İlham Əliyev münaqişənin artıq öz həllini tapdığını, Azərbaycanın bunu özü etdiyini və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtı olduğunu söyləyib: “Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək”.
Bir müddət əvvəl Azərbaycanın iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsipi əks olunub: dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Beləliklə, Bakının şərtləri aydındır: Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır. Xüsusilə də, ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsipləri əsas götürülməlidir. İki dövlət məhz bu baza prinsipləri əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Prezident İlham Əliyev söyləyib ki, bütün bu prinsiplər istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləridir: “Qarşılıqlı olaraq ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, daha sonra sərhədlərin delimitasiyası - hesab edirəm ki, bunun əsasında Qafqaza sülh gələcəkdir. Biz bunu istəyirik. Biz Cənubi Qafqazın üç ölkəsi arasında Cənubi Qafqazda fəal əməkdaşlıq üçün potensialın olduğunu görürük və hesab edirəm ki, bu, nəinki bu ölkələr üçün, daha geniş region üçün önəmli olacaq. Əlbəttə ki, bütün bu məsələləri çox ehtiyatla və vaxtında həll etmək lazımdır. Çox şadam ki, bu və digər mühüm məsələləri sizinlə müzakirə etmək imkanımız var”.
Ermənistanın da şərtləri qəbul etməkdən və sülh müqaviləsinə qeyd-şərtsiz imza atmaqdan başqa yolu yoxdur. Çünki birincisi, haqlı və qalib Azərbaycanın irəli sürdüyü şərtlər konstruktiv məzmuna malikdir. Regionda maraqları olan müxtəlif ölkələrin və beynəlxalq təşkilatların bəyanatları da yeni mərhələdə müzakirə predmetinin müharibəsonrası gerçəkliklər və çağırışlar olduğunu təsdiqləyir. Elə Moskva, Soçi və Brüssel görüşünün yekunları da sülh müqaviləsinin imzalanması məsələsinin əsas gündəm mövzusunu təşkil etdiyini, Azərbaycanın mövqeyinin əsas götürüldüyünü göstərir. İkincisi, Ermənistanın hər hansı pozucu fəaliyyət göstərmək şansı və imkanı yoxdur. İrəvan regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil.
Bəhs olunan görüşdə Zbiqnev Rau da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağına ümidvar olduğunu bildirərək qeyd edib ki, nizamlanmaya aparan indiki mərhələ çox nikbin görünür. ATƏT-in fəaliyyətdə olan sədri bu proseslərin Qafqaz regionu, eyni zamanda, Mərkəzi və Şərqi Avropa üçün də çox sevindirici olduğunu deyib və bunun gələcək üçün yeni imkanlar yaratdığını bildirib.
Aİ-nin prosesdə aktiv iştirakına gəlincə, bu da bir sıra siyasi, iqtidasi və geostrateji məsələləri özündə ehtiva edir. Qurumun Cənubi Qafqaza marağının artmasının, bölgədə cərəyan edən proseslərdə fəal iştirak istəyinin əsas səbəbi postmüharibə dövrünün reallıqları ilə bağlıdır. Bu, bölgədə yeni təhlükəsizlik və geosiyasi əməkdaşlıq arxitekturasının formalaşmasında yer almaq niyyəti ilə əlaqədardır. Hər halda, mövcud reallıqlar fonunda və yeni geostrateji şəraitdə belə bir seçim Avropa İttifaqı üçün siyasi prestij və əlavə iqtisadi imkanlar gətirər. Xüsusilə də nəzərə almaq gərəkdir ki, Aİ yeni mərhələdə yaranmış situasiyadan geoiqtisadi imkanlarını genişləndirmək, bununla da alternativ güc mərkəzinə çevrilmək üçün istifadə etmək niyyətindədir. Bütövlükdə, Prezident İlham Əliyevin Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı səsləndirilən fikirlər yeni mərhələdə müzakirə predmetinin “münaqişə qalıqları” deyil, postmünaqişə reallıqları olduğunu, Azərbaycanla əməkdaşlığın gücləndirilməsinin strateji önəm daşıdığını ifadə edir.
Elə Prezident İlham Əliyevin martın 30-da Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippini qəbulu zamanı diqqətə çatdırılan fikirlər də bu gerçəkliyi təsdiqləyir. Görüş zamanı postmünaqişə dövründə gedən proseslərin müzakirə olunması, 30 illik dövrdə uğurlu əməkdaşlığın həyata keçirilməsinin əlaqələrimizin bundan sonra da genişlənməsi üçün yaxşı zəmin yaratdığının vurğulanması təsadüfi deyil. Məlumdur ki, beynəlxalq münasibətlər sistemində mühüm dəyişikliklər baş verir - Avrasiyada yeni geosiyasi proseslər cərəyan edir. Yeni dünya düzəninin yarandığı hazırkı şəraitdə regional güc mərkəzləri strateji fəaliyyətləri ilə önə çıxır, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasında müstəsna rol oynayır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan da bu mənada xüsusilə fərqlənir. 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi arxitekturanı dəyişən ölkəmiz bölgədə yeni nizam yaradır. Ona görə də Bakı ilə strateji təmasların gücləndirilməsi - çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi güc mərkəzləri, o cümlədən Böyük Britaniya üçün müstəsna əhəmiyyətə malikdir. Nəhayət, görünən odur ki, mükəmməl geosiyasət bilicisi, təcrübəli siyasətçi və dövlət xadimi İlham Əliyev ilə regional və beynəlxalq təhlükəsizliyə dair məsələlərin müzakirəsinə böyük önəm verilir. Bu isə Azərbaycanın regionun geostrateji gündəliyini formalaşdıran əsas - aparıcı qüvvə olduğunu bir daha təsdiqləyir!
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

