Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Milli maraqlara əsaslanan praqmatik və çoxvektorlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib

Milli maraqlara əsaslanan praqmatik və çoxvektorlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib

13.08.2020 [08:14]

“Yeni Azərbaycan” qəzetinin təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”da qeyd edildiyi kimi, uğurlu xarici siyasət kursu ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin dinamik inkişafını, respublikamızın regional və beynəlxalq təşkilatlarda müvəffəqiyyətlə təmsil olunmasını şərtləndirib
Cənubi Qafqaz regionunun lider dövləti olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan dünyada böyük etimad qazanıb və müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara əsaslanan müstəqil, praqmatik və çoxvektorlu xarici siyasət kursuna malik olan ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Başqa sözlə, Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bütövlükdə, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.
Yeri gəlmişkən, “Yeni Azərbaycan” qəzetinin KİVDF-nin elan etdiyi müsabiqə üzrə keçirdiyi onlayn formatda “dəyirmi masa”da da bu məqamlar xüsusi olaraq vurğulanıb. “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi” istiqaməti üzrə “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində: milli-strateji maraqlar kontekstində” mövzusunda təşkil edilən, Milli Məclisin deputatı Ramil Həsənin, millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlunun, AMEA-nın Naxçıvan bölməsinin Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Arifin iştirak iştirak etdiyi tədbirdə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın xarici siyasət kursunun strateji prioritetləri və istiqamətlərindən, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf dinamikasından danışılıb. Vurğulanıb ki, Azərbaycan regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir, ölkəmiz müsbət beynəlxalq imicə malikdir. Bununla yanaşı, respublikamızın xarici siyasət kursu bərbarəhüquqlu və qarşılıqlı-faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır, milli maraqların təmin olunmasına xidmət edir.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi praqmatik xarici siyasət sayəsində Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındı
Beləliklə, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşioroğlu müstəqillik dövründə Azərbaycanın xarici siyasət kursunun səciyyəvi xüsusiyyətlərinə nəzərə salaraq deyib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə gəlişindən sonra həyata keçirilən balanslaşdırılmış, müstəqil strateji kurs ölkəmizin beynəlxalq münasibətlər sistemində uğurlu iştirakını təmin edib. Onun sözlərinə görə, bundan sonra Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətlərində dinamik inkişaf qeydə alınıb, ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınmağa başlayıb: “Eyni zamanda, Azərbaycan regional və beynəxalq təşkilatlarda uğurla təmsil olunmağa başladı. Ölkəmizin xarici siyasət kursunun strateji prioritetlərini dövrün tələbləri və çağırışlarına müvafiq surətdə dəqiq müəyyən edən Ulu Öndərin atdığı uzaqgörən və praqmatik addımlar Azərbaycanın dostlarının və tərəfdaşlarının, eyni zamanda, ölkəmizlə əməkdaşlığa maraq göstərən dövlətlərin sayının artmasını şərtləndirdi. Bu, müstəqil siyasət həyata keçirən Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə mühüm töhfə olmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar həqiqətlərin dünya ictimaiyyətinə dolğun surətdə çatdırılması və obyektiv ictimai rəyin formalaşmasında böyük əhəmiyyətə malik idi”.
Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu çoxvektorlu, praqmatik və milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini deyən Elşad Mirbəşiroğlu əlavə edib ki, Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir, ölkəmizin beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Ümumiyyətlə, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu aktor, həmçinin etibarlı strateji tərəfdaş kimi tanınır. “Diqqət yetirsək, görərik ki, müstəqil, prinsipial xarici siyasət kursu ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin uğurla inkişaf etməsini, respublikamızın regional və beynəlxalq təşkilatlarda müvəffəqiyyətlə təmsil olunmasını şərtləndirib. Bütün bu faktlar isə gələcəyə dair optimist proqnoz ifadə etməyə imkan verir. Əminliklə söyləmək olar ki, ölkəmizin beynəlxalq mövqeyi bundan sonra da möhkəmlənəcək, Azərbaycan dünya arenasında yeni nailiyyətlər qazanacaq”, - deyə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu əlavə edib.
Avrasiyanın yeni enerji və nəqliyyat-kommunikasiya xəritəsini tərtib edən Azərbaycan beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir
Xarici siyasətin daxili siyasətin davamı olduğunu deyən Milli Məclisin deputatı Ramil Həsən isə bildirib ki, Azərbaycanı müasir beynəlxalq münasibətlər sistemində fərqləndirən xarakterik xüsusiyyətlər sırasında ölkəmizin müstəqil, heç bir kənar qüvvədən asılı olmayan, eyni zamanda, rasional və praqmatik xarici siyasət həyata keçirməsidir: “Bu siyasət, heç şübhəsiz, milli maraqlara əsaslanır. Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil xarici siyasət kursu Azərbaycanın dünya birliyinə uğurlu inteqrasiyasını təmin etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlər açdı. “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan yeni neft strategiyası Azərbaycanın sosial-iqtisadi tərəqqisinə mühüm təkan verməklə yanaşı, ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı baxımından böyük əhəmiyyətə malik oldu. Bu gün Avrasiyanın yeni enerji və nəqliyyat-kommunikasiya xəritəsini tərtib edən Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir geostrateji əhəmiyyətli layihə reallaşdırıla bilməz. Ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən layihələr beynəlxalq təhlükəsizliyin möhkəmlənməsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir”.
Millət vəkili əlavə edib ki, Azərbaycan beynəlxalq həmrəyliyə və əməkdaşlığa xidmət edən təşəbbüslərlə çıxış edir və bu, dünya miqyasında təqdirəlayiq nümunə kimi olduqca yüksək qiymətləndirilir: “Bu kontekstdə bir nümunəni diqqətə çatdırmaq məqsədəmüvafiq olar. Belə ki, dövlətimizin başçısının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sədri statusunda təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında koronavirus pandemiyasına qarşı mübarizə məsələsi ilə əlaqədar fövqəladə Zirvə görüşü keçirildi. Xatırladım ki, Türk Şurası COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat oldu. Bundan başqa, Qoşulmama Hərəkatının Sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə cari il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Dövlətimizin başçısı Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Bu təşəbbüsün BMT-nin 130-dək üzv dövləti tərəfindən dəstəklənməsi isə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin yüksək nüfuzunun, beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük inam və etimadın bariz nümunəsi kimi qiymətləndirilə bilər. Digər tərəfdən, təşəbbüsü dəstəkləyən ölkələrin dünyanın bütün regionlarını əhatə etməsi olduqca mühüm əhəmiyyətə malikdir”.
“Bütövlükdə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strateji kurs konseptual əsaslara söykənir, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini və beynəlxalq nüfuzunun artmasını təmin edir”, - deyə Milli Məclisin deputatı Ramil Həsən əlavə edib ki, mövcud reallıqlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini daha da möhkəmləndirdiyini göstərir.
Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi...
AMEA-nın Naxçıvan bölməsinin Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Arif isə Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı olduğunu, tolerantlıq ənənələrinə malik olan ölkəmizin sivilizasiyalararası dialoqa mühüm töhfələr verdiyini vurğulayıb. O, Azərbaycanın təşəbbüslərinin beynəlxalq əməkdaşlığın möhkəmlənməsində mühüm rola malik olduğunu bildirərək “Ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yüksək nüfuza sahib olduğunu və dünyada böyük etimad qazandığını nümayiş etdirir”, - deyə söyləyib: “Bilirsiniz ki, hazırda sivilizasiyalaraarası dialoq, o cümlədən tolerantlığın, multikulturalizmin təbliği və təşviqi məsələsi bütün dünyada aktualdır. Bu baxımdan, Azərbaycanın təcrübəsi müsbət nümunə kimi diqqəti cəlb edir, ölkəmiz strateji dialoq platforması rolunu oynayır”.
O, Dağlıq Qarabağ münaqişəsinin həllli məsələsinin Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioritetlərindən olduğunu vurğulayaraq deyib: “Ölkəmizin bu məsələdə mövqeyi dəyişməz, qətiyyətli və prinsipialdır. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu Ermənistana təzyiq göstərməli, bu ölkənin işğalçı və təcavüzkar mövqeyinə son qoyulmalıdır”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 644 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30