Avropa Parlamentinin qətnaməsi anti-Azərbaycan dairələrin maraqlarına xidmət edir
24.09.2014 [09:38]
Əli Əhmədov: Azərbaycan müstəqil dövlətdir və öz taleyini özü həll etmək haqqına sahibdir. Avropa Parlamentinin bəzi üzvlərinin düşündüyü formada Azərbaycana təsir göstərmək, onun daxili işlərinə qarışmaq mümkün deyil
Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil edir. Odur ki, bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer alır. Ölkəmizdə demokratiyanın, həmçinin, onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını və inkişafını təmin edən başlıca amil isə mütəmadi surətdə sistem-struktur islahatlarının həyata keçirilməsidir.
“Demokratiya” və “insan hüquqları” məsələsi Avropa Parlamentinin timsalında manipulyasiya vasitəsi kimi...
Bütün bunlara baxmayaraq, qeyd etmək lazımdır ki, bəzi anti-Azərbaycan dairələri bu və ya digər məsələlər ətrafında dövlətimizə təzyiq etmək, Azərbaycanın yüksək beynəlxalq imici və reytinqinə xələl gətirmək üçün müxtəlif vasitələrə baş vururlar. Bu sırada daha çox “demokratiya”, “insan hüquqları” kimi formal məfhumlardan istifadə edilir. Məsələn, bu kontekstdə son olaraq Avropa Parlamentində (AP) bir qrup deputatın iştirakı ilə insan hüquqları məsələsi ətrafında Azərbaycan əleyhinə müzakirələrin aparılması və qətnamənin qəbul edilməsi bəzi dairələrin Azərbaycana qarşı qərəzli mövqeyindən xəbər verir. Başqa sözlə, bu hal növbəti dəfə onu göstərir ki, Avropanın bəzi qurumlarının fəaliyyətinin timsalında “demokratiya” oyunu müstəqil milli dövlətlərə, o cümlədən Azərbaycana qarşı təzyiq missiyasına xidmət edir.
Beləliklə, görünən odur ki, Avropa Parlamentinin bir qrup deputatı ölkəmizə qarşı lobbi fəaliyyəti ilə məşğuldur. Məhz buna görə də bir sıra əsassız məsələləri qabardaraq ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qətnamənin qərəzli və qeyri-obyektiv olduğunu bildirib: “Təəssüf hissi ilə bildirməliyəm ki, Avropanın bu nüfuzlu orqanı qurumun bəzi deputatlarının dar məqsədlər güdən təşəbbüsünü dəstəkləmək kimi səhv yol tutub. Son illərdə Azərbaycanın sürətli inkişafı, insanların rifahının yaxşılaşması, fundamental hüquq və azadlıqlarının qorunması Avropa Parlamentinin hər bir üzvünə yaxşı məlumdur. Onların böyük bir hissəsi dəfələrlə Azərbaycanda olublar”.
Avropa Parlamentinin bir qrup üzvü öz “ənənə”lərinə sadiqdir...
Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır: bu qərəzli, subyektiv mülahizələrə söykənən - reallığı əks etdirməyən qətnamə göstərdi ki, Avropa Parlamentinin bir qrup üzvü öz “ənənə”lərinə sadiqdir. Ümumiyyətlə, əvvəlki illərin təcrübəsi də təsdiq edir ki, Avropa Parlamentində bu tipli qərəzli sənədlər Azərbaycanın inkişafını və müstəqil siyasətini həzm edə bilməyən bəzi xarici ermənipərəst dairələrin sifarişi əsasında qurumun islamofob, həmçinin, anti-Azərbaycan mövqeli bir qrup deputatı tərəfindən hazırlanır və olduqca məhdud sayda parlament üzvlərinin iştirakı ilə keçirilən iclasda qəbul edilir. Məsələn, 2011-ci il mayın 12-də və 2013-cü il iyunun 15-də Avropa Parlamentində 754 üzvdən cəmi 40-50 deputatının iştirakı ilə, tələm-tələsik Azərbaycanla bağlı qərəzli qətnamələr müzakirəyə çıxarılıb və təsdiq edilib. Şübhəsiz, 2014-cü il sentyabrın 18-də qəbul olunmuş qətnamə də bu qəbildəndir. Sentyabrın 18-də Avropa Parlamentində keçirilmiş müzakirələr ilk növbədə bu qurumun nüfuzuna mənfi təsir göstərən şoudur. Xarici ermənipərəst qüvvələr belə ucuz addımlarla Azərbaycanın müstəqil siyasətinə təsir və təzyiq göstərməyə, onu öz inkişaf yolundan döndərməyə çalışırlar.
İnsan hüquqlarını əsas tutduqlarını iddia edən Avropa parlamentariləri nə üçün qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan çox soydaşımızın hüquqlarının pozulmasına göz yumurlar?
Digər məqam budur ki, Azərbaycan əleyhinə ikili standartlara söykənən qərəzli qətnamə qəbul edən Avropa Parlamenti insan hüquqlarını əsas tutduğunu iddia edirsə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini, 250 mindən çox soydaşımızın öz tarixi torpaqlarından qovulmasını, minlərlə insanın xüsusi qəddarlıq və vəhşiliklərə məruz qalmasını niyə diqqətə çatdırmır? Yaxud, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin yeni bir mərhələsi olan, Azərbaycan xalqının başına gətirilmiş qanlı faciələrdən biri - Xocalı soyqırımı haqqında gerçəkliklər nəyə görə tənqid obyektinə çevrilmir?
YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədovun qeyd etdiyi kimi, Avropa parlamentarilərinə yaxşı məlum olan digər həqiqət isə Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün kütləvi surətdə pozulan hüquqlarıdır: “Təəssüf ki, onların hüquqlarının qorunması, öz doğma yurd-yuvalarına qayıtması barədə qətnamə müəllifləri hər hansı tələb irəli sürmürlər. 20 ildən yuxarı bir milyona yaxın insanın kütləvi surətdə pozulmuş hüquqlarına biganə qalan təşkilatın həqiqətə uyğun olmayan, mahiyyəti təhrif edilmiş faktlar əsasında Azərbaycana qarşı ittihamlar irəli sürməsini ədalətsizlik hesab edirəm. Hüquqi anlayışlar heç zaman siyasi anlayışlara, ələlxüsus siyasi konyukturaya qurban verilməməlidir”.
Görünən odur ki, AP deputatları, həqiqətən də, demokratiya təəssübünü çəksəydilər, 20 ildən artıqdır Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, həmçinin, adi insani hüquqlarının pozulması, işğal altında olan ərazilərdə etnik təmizləmə siyasətinin aparılması və s. bu kimi faktları da məlum qətnaməyə daxil edər, Ermənistana təzyiq göstərməyə çalışardılar.
Avropa Parlamentinin öz qətnaməsində qeyri-qanuni fəaliyyət göstərənləri - qanunları pozanları dəstəkləməsi nəyi ifadə edir?
Bunlarla yanaşı, Avropa Parlamenti Ermənistanın işğalcı siyasətinə son qoymaq tələbi ilə çıxış etmək əvəzinə, “xalq diplomatiyası” adı altında düşmənlə sıx əməkdaşlıq edən Leyla Yunusova və Arif Yunusov kimi ünsürlərin azad olunmasını, onların cinayətkar fəaliyyətinə maneçilik törədilməməsini “tələb edir” və bu tipli fəaliyyəti dəstəkləyir.
Ümumiyyətlə, konkret cinayət əməllərinə görə həbs olunmuş və ya məhkum edilmiş şəxslərin “dərhal, qeyd-şərtsiz azad olunması”, anarxiya və özbaşınalığa yol aça biləcək “sərhədsiz azadlıq” tələbləri, Azərbaycanla əməkdaşlıq edən digər beynəlxalq qurumlara qarşı təzyiq, şantaj cəhdi və s. bu sənədin eyni zamanda, onu qəbul edənlərin məkrli simasını açıq nümayiş etdirir. AP-nin Azərbaycana təzyiq göstərmək üçün Beynəlxalq Olimpiya Komitəsinə və quruma üzv olan ölkələrə çağırışı bunu bir daha təsdiq edir.
AP-nin qətnaməsi donosların, təhdid xarakterli, yalan informasiyaların karusel mexanizmi əsasında dövriyyəsinə təkan verir
Digər tərəfdən, qətnaməni hazırlayan 46 Avropa Parlamenti deputatının və onların Azərbaycandakı mənbələrinin kimliyi bu sənədin necə, hansı məqsədlə ərsəyə gəldiyini izah edə bilər. Yəni, “beşinci kolon”un sifarişlə hazırladığı bu donosların qətnamə halına salınaraq qəbul edilməsi bir qrup ermənipərəst işbazın AP-nin adından spekulyasiya cəhdindən başqa bir şey deyil.
Eyni zamanda, bu qətnamə donosların, təhdid xarakterli, yalan informasiyaların karusel mexanizmi əsasında dövriyyəsinə təkan verir. Həmin yalan və qərəzli informasiyalar xarici anti-Azərbaycan dairələrin sifarişi əsasında AXCP, “Milli şura”, onların təsiri altında olan QHT-lərin və medianın mətbəxində hazırlanır, sonra isə AP kimi qurumlar tərəfindən dövriyyəyə buraxılır.
Avropa Parlamentinin bu cür qətnamələr qəbul etməsi yolverilməzdir
Ən əsası, qeyd etmək lazımdır ki, Azərbaycanın üzv olmadığı və qarşısında heç bir öhdəlik daşımadığı Avropa Parlamentinin bütün etik normalara, diplomatik qaydalara, Avropa İttifaqı ilə bir çox sahələr üzrə əməkdaşlıq əlaqələrinin ruhuna zidd, ikili standartların bariz nümunəsi olan belə sənədlər qəbul etməsi yolverilməzdir. YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədovun vurğuladığı kimi: “Azərbaycan müxtəlif layihələr üzrə Avropa İttifaqı ilə əməkdaşlq edir. Lakin bu əməkdaşlıq Avropa Parlamentinə əsassız olaraq Azərbaycana ittihamlar irəli sürməyə mənəvi haqq vermir. Azərbaycan müstəqil dövlətdir və öz taleyini özü həll etmək haqqına sahibdir. Avropa Parlamentinin bəzi üzvlərinin düşündüyü formada Azərbaycana təsir göstərmək, onun daxili işlərinə qarışmaq mümkün deyil”.
Avropa Parlamenti nə üçün “qoca qitə”nin “polis demokratiyası”na münasibət bildirmir?
Kimsəyə sirr deyil ki, bu gün Avropa ölkələrində ciddi insan hüquqları pozuntuları mövcuddur və hakimiyyət strukturları vətəndaşlara qarşı zorakılıq, diskriminasiya hallarına yol verirlər. Avropa İttifaqı ölkələrində vətəndaşların toplaşmaq, öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ həm qanunvericilik, həm də praktiki cəhətdən məhdudlaşdırıldığı halda, Avropa Parlamentinin Azərbaycana qarşı irəli sürdüyü “tələb”lər qərəzli münasibətin əsl nümunəsi kimi səciyyələndirilə bilər.
Sadalananların fonunda belə bir sual meydana çıxır: Avropa Parlamenti nə üçün “qoca qitə”nin “polis demokratiyası”na münasibət bildirmir?
Azərbaycan ictimaiyyəti Avropa Parlamentinin qətnaməsini narazılıqla qarşılayır
Azərbaycan ictimaiyyəti - ziyalılar, gənclər, ekspertlər və s. Avropa Parlamentinin qətnaməsini kəskin qınayır, bu qurumu ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməkdə ittiham edir və bu tipli fəaliyyətə son qoyulmasını tələb edir.
Məsələn, AŞPA-nın Rasizm və Ksenofobiya alt komitəsinin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova bildirib ki, Avropa Parlamentində bir qrup deputat tərəfindən hazırlanmış və Azərbaycan reallıqlarına uyğun olmayan qətnamə demokratik dəyərlərin heçə sayılması, həmçinin, ikili standart nümunəsidir: “Avropa Parlamenti, bir tərəfdən, insan hüquqlarının qorunması prinsipindən çıxış etdiyini bəyan edir, digər tərəfdən isə, mövcud faktları - reallıqları heçə sayaraq Azərbaycana qarşı ədalətsiz yanaşma sərgiləyir. Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə qanun pozuntusuna yol vermiş hər bir şəxsin hüquqi məsuliyyətə cəlb olunması qanunun tələbidir. Amma Avropa Parlamentinin bir qrup üzvü bu məqamı gözardı edərək qərəzli kampaniya aparır. Ölkə daxilindəki bəzi anti-milli qrupların reallığa uyğun olmayan məlumatları, donosları əsasında belə bir qətnamənin qəbul edilməsi Azərbaycana qarşı qərəzin ifadəsidir”.
“Yaxşı olardı ki, həmin qətnaməni hazırlayan parlamentarilər qaçqın və məcburi köçkün vəziyyətində olan 1 milyondan artıq soydaşımızın hüquqlarının pozulmasına da münasibət bildirsinlər”, - deyə S. Qafarova əlavə edib.
Milli Məclisin deputatı Çingiz Qənizadə isə deyib ki, Avropa Parlamenti bu cür qətnamələrlə Azərbaycana təzyiq göstərə bilməz: “Ölkəmizin nəhəng enerji layihələrinə imza atdığı bir zamanda belə bir qətnamənin qəbulu anti-azərbaycançı qüvvələrin planıdır”.
Ç.Qənizadə bildirib ki, Almaniya parlamentinin üzvü tərəfindən təqdim olunan layihənin Avropa Parlamentinin üzvləri tərəfindən qəbulu təəssüf doğurur. Onun sözlərinə görə, bəzi xarici qüvvələr hansısa bir məsələni problemə çevirərək Azərbaycana qarşı istifadə etməyə çalışırlar.
“Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkünün insan haqları, yaşamaq, sərbəst toplaşmaq hüquqları, ümumiyyətlə, bütün hüquqları pozulub. Amma beynəlxalq təşkilatlar onların hüquqlarının bərpası istiqamətində ciddi addımlar atmırlar. Avropa Parlamentinin bu cür addımı isə özünün nüfuzuna zərbə vura bilər”, - deyə Ç.Qənizadə qeyd edib.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev isə bildirib ki, Avropa Parlamentində Azərbaycan əleyhinə qərəzli qətnamənin qəbul edilməsi qurumun bir qrup üzvünün anti-Azərbaycan dairələrlə və ermənipərəst çevrələrlə işbirliyinin nəticəsidir: “Azərbaycan qanunların aliliyinin təsbit olunduğu hüquqi dövlətdir. Ölkəmiz, eyni zamanda, Qərbin demokratik institutları ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycanın demokratik inkişafı Qərb tərəfindən təqdir olunur. Belə olan halda, Avropa Parlamentinin bir qrup üzvünün ölkəmizə qarşı qərəzli kampaniyası qəbuledilməzdir. Bütövlükdə, bu qətnamə anti-Azərbaycan dairələrin maraqlarını ifadə edən, qərəzli və ədalətsiz sənəddir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

