Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gümrüdə növbəti anti-Rusiya aksiyası

Gümrüdə növbəti anti-Rusiya aksiyası

31.01.2023 [11:06]

Etirazlar Rusiya-Ermənistan münasibətlərinə necə təsir edəcək?

Nardar BAYRAMLI

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında növbəti dəfə etiraz aksiyası keçirilib. Yanvarın 29-da baş tutan aksiyada etirazçılar Rusiyanı Ermənistanın üzləşdiyi problemlərin həllində qeyri-aktiv olmaqda ittiham ediblər. “Milli-demokratik qütb” təşkilatının təşkil etdiyi mitinqdə 100-ə yaxın insan iştirak edib. Qeyd edək ki, bu ayın əvvəlində də Gümrü hərbi bazası yaxınlığında aksiya keçirilmişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları öncədən aksiya iştirakçılarının sərbəst toplaşmaq azadlığı haqqında qanunu pozduqları və polisin qanuni tələblərinə tabe olmadıqlarına görə məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq etmişdilər. Lakin etirazçıların əsas hissəsi ərazidə magistral yolu  bağlamağa cəhd göstərmişdilər. O zaman Rusiyaya qarşı etiraz aksiyasının iştirakçısı olan 100-dən çox erməni polis tərəfindən saxlanılmışdı.

Rəsmi İrəvan 2044-cü ilə qədər gözləmək istəmir?

Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisində yerləşən Rusiya Federasiyası Silahlı Qüvvələrinin hüquqi statusu haqqında 21 avqust 1992-ci ildə imzalanmış müqaviləyə əsasən Gümrüdə yerləşib. 16 mart 1995-ci ildə Ermənistan ərazisində Rusiya Federasiyasının hərbi bazası haqqında müqaviləyə uyğun olaraq yaradılıb. Bazanın fəaliyyəti haqqında saziş 25 il müddətinə bağlanılıb. 2010-cu ildə həmin dövrdə Rusiya prezidenti olan Dmitri Medvedevin Ermənistana səfəri zamanı daha 49 il (2044-cü ilə qədər) uzadılıb.

Hadisələr göstərir ki, indiki hakimiyyət Ermənistanı Rusiyadan uzaqlaşdırmağa, Qərbə isə yaxınlaşdırmağa çalışır. Bunu erməni ekspertləri də etiraf edirlər. Məsələn, erməni analitik Tevos Arşakyan hesab edir ki, Ermənistan artıq Rusiyaya güvənmir. Görünən odur ki, Nikol Paşinyanın Ermənistanı Rusiyanın təsir zonasından çıxarıb ölkəni Qərbə təslim etməsi reallaşmağa başlayır. Buna nümunə olaraq Avropa İttifaqının Ermənistana missiya göndərməsini göstərmək olar. Erməni ekspertin fikrincə, belə bir geosiyasi dönüşün baş verməsi çoxdan gözlənilirdi: “Söhbət Aİ-nin ölkəmizə 100 nəfərlik uzunmüddətli missiya göndərmək qərarından gedir. İlk baxışdan bu addımın sırf sərhəd təhlükəsizliyi məsələlərinə görə atıldığı bildirilir. Axı həm Aİ, həm də İrəvanın açıq şəkildə bəyan etdiyi kimi, Ermənistan ərazisində yerləşəcək tamhüquqlu mülki missiyası patrul xidməti həyata keçirəcək. Yəni təhlükəsizliyin təmin edilməsinə və Ermənistanla Azərbaycan arasında etimadın yaradılmasına köməklik göstərəcək. Bu, müəyyən dərəcədə doğrudur. Amma gəlin vəziyyətə digər tərəfdən baxaq. Xatırlayırsınızsa, Rusiya və KTMT də Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyi təklif etmişdi. Lakin Ermənistan tərəfi qəti şəkildə rədd cavabı vermişdi. Moskvanın və KTMT-dəki “müttəfiqlərimizin” son iki il yarımda sərgilədiyi davranış erməni xalqını və hökumətini qane etmir. Moskva indi Bakı və Ankara ilə eyni komandada çıxış edir. Və belə bir vəziyyətdə Ermənistanda heç kim Rusiyanı istəmir. Yəni bizim hakimiyyət rusları rədd edib avropalıları seçməklə bir tərəfdən Moskvaya qara ləkə vurdu, digər tərəfdən də dünyaya Ermənistanın üzünü Qərbə çevirdiklərini göstərdi. Amma hələlik yalnız Aİ-yə doğru. Bəlkə yaxın gələcəkdə NATO haqqında da danışacağıq”.

Kimdir günahkar?

Ermənistan göstərməyə çalışır ki, Cənubi Qafqaz təkcə Rusiya üçün deyil, həm də Avropanın maraq zonasına daxildir. Xüsusən ona görə ki, Brüssel regional məsələlərdə daha mühüm rol oynamaq istəyir və İrəvan buna qarşı “çıxmır”. Ermənistan vasitəsilə regionumuza nüfuz edən Qərb Rusiyanı sıxışdırıb çıxarmaq kimi geosiyasi məqsədlərini həyata keçirir. Bəs İrəvanın xarici siyasətini Moskvadan Brüsselə dəyişməsində günahkar kimdir? Ermənilər hesab edirlər ki, həm 44 günlük müharibədə, həm də ondan sonrakı dövrdə Ermənistana “xəyanət edən” yalnız Rusiyanın özü günahkardır. Təbii ki, Rusiyanın hələ də Ermənistana qarşı çoxlu təzyiq rıçaqları var. Ermənistanın qərbyönümlü ekspertləri hesab edirlər ki, hakimiyyət Rusiyanın təzyiqlərindən “qorxmayacaq” və Qərblə, o cümlədən onun hərbi-siyasi strukturları ilə əlaqələri gücləndirmək siyasətini davam etdirəcək.

Ümumiyyətlə, son dövrlərdə Ermənistanda anti-Rusiya əhvali-ruhiyyəsinin artması mühüm məqamlardan xəbər verir. Belə ki, Gümrüdə Rusiya əleyhinə keçirilən mitinqlər, ondan öncə isə ABŞ-ın Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin İrəvan səfəri zamanı Rusiya əleyhinə etiraz aksiyaları artıq bütün kartları açır. 2020-ci il Vətən müharibəsi ilə başa çatan Qarabağ münaqişəsi regionda yeni siyasi reallıqlar formalaşdırıb - 30 ilə yaxın davam etmiş işğal faktı Cənubi Qafqazı beynəlxalq diqqətdən kənarda saxlamışdı. İşğal faktının yekunlaşması ilə region yenidən diqqət mərkəzinə düşüb. Azərbaycanın təşəbbüsü ilə başlanan əməkdaşlıq platformaları üzrə müzakirələrə dünyanın bir sıra gücləri də qatılmaq niyyətini ortaya qoyur. Qeyd edilən amillər həm də regiondakı maraq mübarizəsini aktuallaşdırıb.

Rusiya əleyhinə aksiyaları Paşinyan təyin edir

Bölgədə Qərb ilə Rusiya arasında üstünlük qazanmaq istiqamətində gedən yarışda əsas “alət” rolunda Ermənistan çıxış edir. Ölkədə güclü dövlət idarəçiliyi institutunun olmaması, xalqın etirazları, ağır sosial vəziyyət, o cümlədən, ortadakı məğlub durum Ermənistanı hər iki gücün əlində oyuncağa çevirib. Son hadisələr bir reallığı da ortaya çıxarıb. Rusiya əleyhinə etirazlar, sülhməramlılarla bağlı açıq narazılıqlar Ermənistanda yeni siyasi proseslər yarada bilərmi? Bütün bunlar Rusiya-Ermənistan münasibətlərini daha da kəskinləşdirə bilərmi?

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Ermənistan iqtidarı anti-Rusiya ritorikasını dərinləşdirir. Onun fikrincə, Paşinyanın özü qəsdən Rusiya əleyhinə aksiyalar təyin edir. Burada əsas üç məqsəd var:

- Ermənistana gələn Aİ missiyasına guya ermənilərin qərbpərəst olmağı haqqında fon yaratmaq;

- Rusiya əleyhinə mitinqlərdə səslənən şüarlarla guya xalqın Rusiyanı istəməməsi, amma Rusiyanın özünün Ermənistandan əl çəkməməyi görüntüsü formalaşdırmaq;

- Rusiyaya KTMT və digər məsələlərlə bağlı öz narazılığını nümayiş etdirmək;

“Bütün siyasi qüvvələrə məlumdur ki, Ermənistan Rusiyasız heç nədir. Ermənistanın yeganə mövcudluq mahiyyəti Rusiyadan asılıdır. Rusiyadan qurtulmaq Ermənistanın məhvi deməkdir. Artan Rusiya əleyhinə çağırışlar, Gümrüdəki aksiyalar ancaq görüntü xarakteri daşıyır. Ermənistanın yeganə məqsədi Qərbdən və Fransadan daha çox dilənçilik etməkdir. Bu etirazların əlbəttə heç bir perspektivi yoxdur. Paşinyan hakimiyyəti Rusiyaya, Rusiya isə Paşinyana nifrət edir. Amma onlar öz siyasi ambisiyaları üçün bir-birinə məhkumdurlar”, - deyə politoloq qeyd edib.

Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31