Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Antiqərb hərəkatı güclənir

Antiqərb hərəkatı güclənir

24.08.2023 [11:12]

Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində Çin və Rusiya da daxil olmaqla dünya əhalisinin, demək olar, yarısını təmsil edən inkişaf etməkdə olan ölkələr qrupu BRİCS-in (ing. BRICS - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) iki günlük sammiti bu gün başa çatır.

Sammitdə BRİCS ölkələrinin liderləri: Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa, Hindistanın Baş naziri Narendra Modi, Çin Prezidenti Si Cinpin, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və Rusiya prezidenti Vladimir Putini əvəz edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edir. Putinin həbsinə dair qərar çıxaran Beynəlxalq Cinayət Məhkəməsinin məlum qərarını Cənubi Afrika Respublikası da təsdiq etdiyi üçün Rusiya prezidenti bu ölkədə keçirilən toplantıda iştirak etməkdən boyun qaçırıb. 

Avqustun 22-dən işə başlayan beynəlxalq forum ayın 24-dək davam edib. Qlobal tədbirə Afrika, Asiya və Yaxın Şərq ölkələrindən onlarla dövlət və hökumət rəhbəri qatılıb. Tədbirdə iştirak edən bir çox ölkə bloka qoşulmaq arzusunu dilə gətirib. Cənubi Afrika rəsmilərinin sözlərinə görə, 40-dan çox ölkə BRİCS-ə qoşulmaqda maraqlı olduğunu bildirib. 23 ölkə isə qəbul üçün rəsmən müraciət edib. 

Qərbin alternativi

BRİCS qrupu 2006-cı ilin sentyabrında yaradılıb. Təşkilatın maliyyə qurumu olan Yeni İnkişaf Bankı (NDB) öz valyuta ehtiyatları ilə Beynəlxalq Valyuta Fonduna alternativ sayıla bilər. BRİCS əsasən ABŞ-ın qlobal liderliyinə qarşı çıxan və Qərb ittifaqlarına, xüsusən də G7-yə qarşı tarazlıq yaratmağa çalışan qrup kimi qəbul edilir. Təşkilat beynəlxalq arenada Qərbin Rusiyaya qarşı sanksiyalarına qarşı çıxmaqla Ağ Evin Ukrayna ilə bağlı strategiyasına maneələr yaradır. İqtisadi baxımdan isə BRİCS dolların dünyanın defolt valyutası rolunu zəiflədərək ABŞ-ın dünya üzərində hakim mövqeyini sarsıtmağa çalışır. Qrup üzvləri bu niyyətlərini açıq şəkildə elan edir və Qərbə qarşı alternativ güc rolunu oynamağa iddialı olduqlarını bildirirlər.

Sözsüz ki, bu gün BRİCS nəhəng bir gücdür və dünya əhalisinin 41%-ni, dünya üzrə ümumi daxili məhsulun 31,5%-ni, dünya ticarətinin isə 16%-ni təşkil edir. Üstəlik, BRİCS-in tərkibinin genişlənməsi və inkişafda olan ölkələrin quruma marağının artması təşkilatın yaxın gələcəkdə Qərbin alternativinə çevriləcəyini göstərir.

Yohannesburq sammiti Vaşinqtonda və Avropa İttifaqı ölkələrində diqqətlə izlənilir. Çünki blok İran, Kuba,  Venesuela kimi ölkələri özünə cəlb etməklə anti-amerikan mövqeyini daha da gücləndirməyə çalışır.

Fərqli güclər, oxşar maraqlar

Lakin analitiklər hesab edirlər ki, yeni üzvlər cəlb etməzdən öncə BRİCS ölkələri öz aralarında olan ciddi fikir ayrılıqlarını aradan qaldırmağa məcburdur. Elə sammitin əsas məqsədi də budur.

Böyük Britaniyanın nüfuzlu “Economist” jurnalı isə yazır ki, hazırda BRİCS bloku G7-dən qat-qat heterogendir: “Qrup üzvləri siyasi, iqtisadi və hərbi güc baxımından bir-birindən fərqlənir. Təşkilatın genişlənməsi ilə üzv dövlətlər arasındakı ziddiyyətlər də artacaq. Bu isə o deməkdir ki, BRİCS Qərbin yönəltdiyi beynəlxalq nizamı sərt şəkildə tənqid etsə də, alternativə çevrilmək onun  üçün çox çətin olacaq”.

“Economist”in təhlilinə görə, BRİCS ölkələri arasında ən kəskin fərqlər iqtisadi sahədədir. Blokun ən yoxsul üzvü olan Hindistanda adambaşına düşən ÜDM Çin və Rusiyada adambaşına düşən ÜDM-in təxminən beşdə birinə bərabərdir. Sonuncuların cari balansı müsbət, qalanlarınkı isə mənfidir. OPEC+ kartelinin mühüm qüvvəsi olan Rusiya və Braziliya xalis neft ixracatçılarıdır, digər üç ölkə isə sadəcə idxaldan asılıdır. Çin öz valyutasının məzənnəsinə aktiv şəkildə nəzarət edir, digər dörd ölkə isə bu məsələdə daha zəif rol oynayır.

Hansı daha qorxuludur: Ağ Ev, yoxsa Kreml?

BRİCS siyasi baxımdan da eklektik qrupdur. Rusiya və Çin Qərbdən ixrac olunan liberalizmə ehtiyatla yanaşır, Qərbin təklif etdiyi hazır qəliblərdən imtina edərək öz siyasi modelini yaratmağa üstünlük verir. Braziliya, Hindistan və Cənubi Afrika isə əksinə, Qərb demokratiyasına meyilli ölkələrdir.

Bu üç ölkə xüsusilə Rusiyadan fərqli olaraq “antiamerikanist” mövqeyini açıq formada bəyan etməkdə az maraqlıdır və xarici siyasətdə daha çox “qoşulmamağa” üstünlük verir. Cənubi Afrika Respublikası Ukrayna müharibəsinin birinci ildönümündə Rusiya ilə birgə dəniz təlimləri keçirməklə Qərbi hiddətləndirmişdi. CAR prezidenti Ramafosa Rusiya ilə yaxınlaşsa da, Qərblə əlaqəni kəsməkdən çəkinir.

O, BRİCS-in sammiti ərəfəsində televiziya ilə yayılan çıxışında öz ölkəsinin mövqeyini açıqlayaraq belə deyib: “Qlobal güclərin heç birinə qoşulmamaq qərarımız prinsipial və milli maraqlara dair məsələlərdə bitərəf olduğumuz anlamına gəlməməlidir”.

Braziliya prezidenti Lula da Silva isə Qərb mövzusuna daha yumşaq yanaşır. O, ABŞ-ın dünyadakı hegemon rolunu azaltmaq tərəfdarı olsa da, xarici sərmayənin və silahın əsas mənbəyi olan Qərblə yaxşı münasibətlərə ehtiyac olduğunu əvvəllər dəfələrlə dilə gətirib. Hindistan isə Rusiyadan silah almağa davam edir, bu ölkə ilə hərbi əlaqələrini şaxələndirir.

Blok üzvləri arasında fikir ayrılıqlarından danışanda ilk növbədə Ukrayna müharibəsinə münasibəti qeyd etmək lazımdır. Aydındır ki, bu məsələdə Rusiya ilə Braziliya həmfikir deyil. Bu mövzuya digər üzvlərin də hər birinin öz yanaşması var.

İkinci siyasi fikir ayrılığı isə BRİCS-in vahidliyini qoruyub saxlamağın nə qədər vacib olması ilə bağlıdır. Lula da Silva onunla həmrəy olan digər Latın Amerikası liderlərini də kluba cəlb etmək istəyir. Birliyin digər üzvləri buna daha çox şübhə ilə yanaşır və BR?CS “brendini” qorumağın zərurətindən danışırlar. Cənubi Afrika isə “qara qitə”nin bu blokda yeganə nümayəndəsi olmağından məmnun görünür.

Çin liderə çevrilir

Çinin artan iqtisadi və siyasi gücü ilə blokun genişlənməsində maraqlı olduğu aydın sezilməkdədir. Hələ 2010-cu ildə CAR-ın bloka qəbul edilməsi Pekinin təşəbbüsü ilə baş tutmuşdu. BRİCS-in hasilatında Çinin payı 2001-ci ildə 47% idisə, bu gün bu göstərici artaraq 70% təşkil edir. 2022-ci ildə Çin qrupun ümumi ticarətinin 69%-ni, 2001-ci ildə isə 55%-dən çoxunu təşkil edib.

Ekspertlərin fikrincə, indiki dönəmdə Rusiya Çindən daha çox asılıdır. Hindistan isə öz növbəsində BRİCS-in genişlənməsindən qorxur. Blok genişlənərsə, gələcəkdə Kuba və Belarus kimi ölkələr də qrupa qoşularaq nüfuz sahibinə çevrilə bilər.

Yohannesburq sammiti BRİCS üçün həlledici məqamları ortaya çıxarır. Təşkilatın genişlənmə potensialı isə Çinin blokdakı təsirinin üst səviyyədə olduğuna əyani sübutdur.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 565 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30