Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanda yol infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl tədbirlər müvəffəqiyyətlə davam etdirilir

Azərbaycanda yol infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl tədbirlər müvəffəqiyyətlə davam etdirilir

23.07.2020 [09:11]

İnfrastruktur quruculuğu çərçivəsində müasir standartlara uyğun yeni yolların çəkilməsi regionların sosial-iqtisadi inkişafına təkan verir
Azərbaycanda regionların sosial-iqtisadi inkişafını şərtləndirən strateji əhəmiyyətli faktorlardan biri infrastruktur quruculuğunun ardıcıl şəkildə davam etdirilməsidir. Bu baxımdan, ölkəmizdə yol infrastrukturunun yenilənməsi istiqamətində də işlər uğurla davam etdirilir. Bu kontekstdə həyata keçirilən tədbirlər dövlətin məqsədyönlü sosial siyasət kursunun tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Bu, müxtəlif bölgələrin timsalında aşkar nəzərə çarpır. Məsələn, hazırda Astara-İran sərhədi avtomobil yolunun tikintisi işlərinə start verilib. Astara şəhərinə girmədən rayonun ərazisindən İran Respublikasının sərhədinədək yeni magistral yolun çəkilişi davam etdirilir. Layihə çərçivəsində, həmçinin Astaraçayın üzərində avtomobil körpüsünün tikintisi də nəzərdə tutulub. Layihənin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, dövlət başçısının müvafiq sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgələrdə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq irimiqyaslı yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Bu cür layihələrdən biri 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 kilometr uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulmasıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Quba-Qonaqkənd avtomobil yolu III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir. Layihə çərçivəsində mövcud örtük sökülərək kənara daşınıb, yararsız qruntun qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb, bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurları kəsilərək çıxarılıb və torpaq yatağı genişləndirilərək tələb olunan hündürlüyə qaldırılıb, yatağın yamacları mexaniki üsulla hamarlanıb. Yolboyu su ötürücü 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub, 5 min poqonmetr uzunluğunda yeni dəmir-beton küvetlər inşa edilib, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istinad divarları tikilib. Bundan başqa, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol boyunca əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri aparılıb. Hazırda yolboyu xırda dənəli asfalt-beton örtüyünün döşənməsi işləri aparılır ki, bu işlər də artıq bitmək üzrədir. Layihə çərçivəsində yolun 35, 36 və 41-ci kilometrlik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, yolun 43 və 46-cı kilometrlik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilib. Babaçay üzərindən salınan körpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilib.
Bundan başqa, avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsinin genişləndirilməsi işləri aparılaraq yekunlaşdırılır. Ərazidə 150 metr uzunluğunda dəmir-beton konstruksiyalı bəndin qurulması işləri də yekunlaşır. Yolun genişləndirilməsi işləri Quba-Qonaqkənd yolunun 29-30-cu kilometrlik hissəsini əhatə edir. Çayda bənd vurulması və qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4-5 metrdən 7-12 metrə kimi genişləndirilib. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Eyni zamanda, Quba rayonunun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrini əhatə edən layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək. Sözügedən yolun yenidən qurulması yolboyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq, rayonun turizm imkanlarını genişləndirəcək.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası çərçivəsində ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da bu sahədə irimiqyaslı layihələr həyata keçirilib. Rayonda ümumi uzunluğu 200 kilometrədək olan şəhərdaxili küçələr, magistral və kəndlərarası yollar yenidən asfaltlanıb. Son illər Lənkəranda 7 iri yol layihəsi həyata keçirilib. Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, bu ilin birinci yarısında Lənkəran və Liman şəhərlərində 8 küçəyə asfalt döşənib. Rayonun ən böyük yaşayış məntəqələrindən olan Haftoni qəsəbəsini Ləj kəndi ilə birləşdirən, yararsız vəziyyətə düşdüyündən sakinlərin narahatçılığına səbəb olan yol ağır texnikalar vasitəsilə hamarlanıb, bünövrəsi çınqılla möhkəmləndirilərək yenidən qurulub. Burada 3200 kvadratmetr yol sahəsinə isti asfalt döşənib, yol çiyinləri yenidən qurulub, suötürücü qurğular quraşdırılıb və yol boyu abadlıq işləri görülüb. Haftoni qəsəbəsində yol infrastrukturunun yenidən qurulması rayonda turizmin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Qəsəbənin Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yoluna bitişik ərazidə yerləşməsi və burada yeni istifadəyə verilmiş beynəlxalq əhəmiyyətli İstisu Müalicə və İstirahət Mərkəzinin fəaliyyət göstərməsi turizmin inkişafı üçün geniş imkanlar açır. Qəsəbəətrafı yolların asfaltlanması bu imkanları daha da genişləndirəcək.
Yol infrastrukturu quruculuğu Samux rayonunda da uğurla davam edir. Yeddi yaşayış məntəqəsini birləşdirən Yenikənd-Poylu-Salahlı-Qarabağlı-Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hazırlanmış layihəyə uyğun olaraq, Samux rayonunda uzunluğu 39,5 kilometr olan yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bunlar 28,1 kilometr uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır. Kəsəmən yolunun uzunluğu 4,6 kilometr, Qarabağlı yolunun uzunluğu 2,8 kilometr, Salahlı yolunun uzunluğu isə 4 kilometr təşkil edir. Layihə çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılır. Bundan başqa, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır və kipləşdırılır. Yeni yol yatağı işlənən ərazilərdə yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılır. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa edilir, zəruri olan yerlərdə yeniləri qurulur. Eyni zamanda, Yenikənd-Poylu avtomobil yolu boyunca müxtəlif diametrli 32 yeni suötürücü dəmir-beton boruların və başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin 6 yerdə düzbucaqlı su keçidlərinin inşası, zəruri olan yerlərdə avtoqreyderlə küvetlərin açılması işləri aparılır. Analoji işlər Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarında görülür. Hazırda mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, qruntun yayılaraq profilə salınması və kipləşdirilməsi işləri aparılır. Torpaq yatağı hazır olan hissələrdə yol əsasının alt və üst layının tikintisi işləri həyata keçirilir. Sözügedən yollarda müxtəlif diametrlərə malik 39 yeni dəmir-beton suötürücü borunun quraşdırılması, mövcud körpünün təmiri işləri də layihə çərçivəsində həyata keçirilir. Yenidənqurma işlərinin sonuncu mərhələsində hazırda yollar boyu yol əsası hazır olan ərazilərdə əlaqələndirici bitum səpilməklə 230 min kvadratmetrdən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Tikinti işlərindən sonra yollar boyu hərəkətin normal təşkili üçün tədbirlər görüləcək. Belə ki, zəruri yol nişanı, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək, avtobus dayanacaqları quraşdırılacaq. Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması 5 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdıracaq. Ümumilikdə isə, bu layihə yolboyu yaşayan hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, kənd təsərrüfatının inkişafına təkan verəcək.
Digər tərəfdən, Qəbələ rayonunda isə uzunluğu 28 kilometr olan yerli əhəmiyyətli Əmirvan-Vəndam avtomobil yolu yenidən qurulub. Sözügedən yol ötən il yenidən qurularaq istifadəyə verilən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun davamı hesab olunur. IV texniki dərəcəyə uyğun yenidən qurulan Əmirvan-Vəndam yolunun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. Yenidənqurma işləri zamanı mövcud 3-4 metr enində yol genişləndirilərək 10 metrə çatdırılıb. Bunun üçün yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yatağı avtoqreyderlə profilə salınıb. Tikintinin əhatə edəcəyi sahə 250 min kvadratmetrdən çoxdur.
(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 765 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30