Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Sui-qəsdə məruz qalanlar...

Sui-qəsdə məruz qalanlar...

16.07.2024 [10:35]

Teatrda güllələnən, qanqrena olan, soyuqda bəxti gətirən ABŞ prezidentləri....

Ağ Evə rəhbərlik uğrundakı mübarizədə namizəd olan Donald Trampa açılan atəş ABŞ-nın daxili siyasətindəki “qanlı ənənən”in aradan qalxmadığını göstərir. Belə ki, baş verənlər ABŞ tarixində nə ilk, belə görünür ki, nə də son olmayacaq. 300 illik tarixi boyu bir neçə rəhbərini məhz qanlı terrora qurban vermiş ABŞ-ın “siyasi plasdarm”ı hələ də bu təhlükədən əziyyət çəkir. Tarixə demişkən, ABŞ-da Endryu Cekson, Avraam Linkoln, Ceyms Abram Qarfild, Uilyam MakKinli, Teodor Ruzvelt, Franklin Ruzvelt, Con Kennedi, Cerald Ford, Ronald Reyqan, Corc Buş (ata), Corc Buş (oğul), Barak Obama ayrı-ayrı dövrlərdə belə hücumların hədəfinə çevriliblər. Sadalanan dövlət baçılarının  4-ü isə bu terrorun qurbanına çevrilib - Avraam Linkoln (1865), Ceyms Qarfild (1881), Uilyam MakKinli (1901) və Con Kennedi (1963) prezident kürsüsündə həyatını itiriblər.

Ən gənci də sui-qəsdin qurbanı oldu...

ABŞ tarixinə vətəndaş müharibəsinin bitiricisi kimi düşmüş Avraam Linkoln isə 1865-ci il aprelin 14-də həyat yoldaşı Meri Todd Linkolnla birlikdə Vaşinqtondakı Ford Teatrında “Amerikalı qohumumuz” komediyasının xüsusi tamaşasında iştirak edərkən Con Uilks But tərəfindən güllələnərək öldürülən ilk prezident oldu. Başının arxasından güllə yarası alan Linkoln müalicə üçün teatrın qarşısındakı evə aparılsa da, səhərisi gün vəfat etdi. Onun ölüm səbəbi isə maraqlı idi - ilk “qurban prezident” qaradərililərin hüquqlarını dəstəklədiyi üçün terrora tuş gəlmişdi. 1863-cü ildə Linkoln vətəndaş müharibəsini bitirmək üçün Linkoln Konfederasiya daxilində qullara azadlıq verən manifesti imzalamışdı.

1881-ci ildə terror gülləsinə tuş gələn Ceyms Qarfild isə ABŞ tarixinə sui-qəsddə öldürülən ikinci prezident kimi düşdü. Qarfild 1881-ci il iyulun 2-də qatara minmək üçün Vaşinqtonda dəmiryol stansiyasında gözlədiyi vaxt Çarlz Gito tərəfindən güllələndi. Ölümcül şəkildə yaralanan prezident Ağ Evdə bir neçə həftə xəstə yatsa da, onu xilas etmək mümkün olmadı. Sentyabr ayında Nyu-Cersi sahilinə aparıldıqdan sonra vəfat etdi - xatırladaq ki, onun prezidentliyi cəmisi altı ay sürmüşdü. Qatil Gito isə günahkar bilinərək 1882-ci ilin iyununda edam edildi.

ABŞ prezidenti vəzifəsinə seçilmiş sonuncu vətəndaş müharibəsi iştirakçısı Vilyam Makkinli isə 1901-ci il sentyabrın 5-də ümumamerika sərgisində iştirak edərkən Polşa əsilli amerikalı anarxist Leon Frank Çolqoş prezident Makkinliyə tapançadan 2 dəfə atəş açaraq onu ağır yaraladı. Aparılan müalicə nəticəsiz qaldı və o sentyabrın 14-də daxili orqanların qanqrenasından vəfat etdi. Qeyd edək ki, sui-qəsdə qurban gedən zaman Makkinli 6 ay idi ki, ikinci müddətə prezident seçilmişdi.

Makkinlini qətlə yetirən 28 yaşlı işsiz Detroit sakini Leon F. Çolqoş güllə açdığıını etiraf etdi. Çolqoş məhkəmədə günahkar bilindi və 1901-ci ildə oktyabrın 29-da elektrik stulunda edam edildi.

ABŞ-nın ən gənc prezidenti olmuş Con Kennedi də sui-qəsdə qurban gedib -  1963-cü ilin noyabrında xanım Jaklin Kennedi ilə Dallasda olarkən tüfənglə silahlanmış və gizlənən şəxs tərəfindən öldürüldü. Prezidentə atəş kortej Dallas şəhərinin mərkəzindəki Dili Plazadan keçərkən açılmışdı. Kennedi təcili olaraq Parkland xəstəxanasına çatdırılsa da, qısa müddətdən sonra dünyasını dəyişmişdi. Onu “Air Force One” təyyarəsinin konfrans zalında and içən vitse-prezident Lindon B. Cohnson əvəz etdi -Conson təyyarədə and içən yeganə prezidentdir. Sui-qəsddən bir neçə saat sonra polis qatil Li Harvi Osvaldı həbs etdi. İki gün sonra Osvald polis qərargahından dairə həbsxanasına aparıldığı zaman yolda güllələndi.

Erməni terrorçu ABŞ prezidentinə qumbara atmışdı...

ABŞ tarixində sui-qəsdə məruz qalsa da, sağ qurtulmağı bacaran prezidentlər də az deyil - 1828-ci ildə ABŞ prezidenti seçilmiş Endryu Cekson 1835-ci ilin 30 yanvarında sui-qəsdə məruz qaldı. Riçard Lourens adlı ruhi xəstə Ceksonun həyatına uğursuz sui-qəsd cəhdi etdi. Lourens bildirirdi ki, “ABŞ hökuməti ona külli miqdarda pul borcludur” çünki o, “III Riçardın nəslindəndir”. 1834-cü ilin sonlarında o, prezident Endryu Ceksonun pulun ödənilməsinə mane olduğu qənaətinə gəldi - əvvəlcə sui-qəsd Konqres qəbiristanlığında Cənubi Karolinadan olan konqresmen Varren Davisin dəfn mərasiminə planlaşdırılsa da, baş tutmadı. Yalnız vida zalını tərk edən zaman Lourens atəş açmağa macal tapdı - həmin gün güclü qar fırtınası olduğu üçün isə tapançadakı barıt rütubətli idi. Beləliklə, ABŞ dövlət başçısının qanının arasına soyuq hava girdi...

11 aprel 1835-ci ildə hakim Frensis Kayın sədrlik etdiyi məhkəmə Riçard Lourensi ruhi xəstə elan etdi və onu ruhi xəstəxanada ömürlük həbsə məhkum etdi. 1855-ci ildə təbii səbəblərdən öldü.

Mənşəcə holland və ayaqları iflic olan Franklin Delone Ruzveltə isə 1933-cü ilin fevralında sui-qəsd edildi. Amma o, atışmadan salamat çıxa bilmişdi - silahlı qəsddə Çikaqo meri Anton Cermak öldürülmüşdü. Cüzeppe Zangara atışmada təqsirli bilinərək ölüm cəzasına məhkum edildi - Ruzvelt isə 4-cü hakimiyyət müddətinin başlamasından qısa müddət sonra beyninə qan sızmasından vəfat etdi.

33-cü preztident də öz sələfinin taleyinə bənzər hadisəyə tuş gəldi - Harri Truman, 1950-ci ilin noyabrında Ağ Evin qarşısındakı “Bleyr House”-da qaldığı zaman silahlı basqına məruz qaldı. Truman xəsarət almasa da, Ağ Evin bir polisi və hücum edənlərdən biri atışma zamanı öldürüldü. Günahkar Oskar Kallazo isə həbs olundu və ölüm cəzasına məhkum edildi. 1952-ci ildə Truman onun cəzasını ömürlük həbslə əvəz etdi. Kallazo 1979-cu ildə prezident Cimmi Karter tərəfindən həbsdən azad olundu.

38-ci prezident Cerald Forda dövlət başçısı olduğu dövrdə iki sui-qəsd edilsə də, heç birində xəsarət almadı. 40-cı prezident Ronald Reyqan isə Con Hinkli adlı şəxs tərəfindən vurulsa da, həyatda qalmışdı. Hadisə zamanı nəticədə qismən iflic olan mətbuat katibi Ceyms Bredi də daxil olmaqla, daha üç nəfər güllə yarası almışdı. 43-cü prezident Corc Buş isə 2005-ci ildə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə Tbilisidə mitinqdə iştirak edərkən ona əl qumbarası atılmışdı. Qumbara partlamamış, xəsarət alan olmamışdı. Hadisədə erməni Vladimir Arutyunyan təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmişdi.

Namizədlər də hədəfə tuş gəlir...

Qeyd edək ki, prezidentlərlə yanaşı ABŞ-da prezidentliyə navmizədlər də terrora tuş gəlib. Teodor Ruzvelt 1912-ci ildə Ağ Evə yenidən qayıtmaq üçün kampaniya apararkən Milvoki şəhərində ona güllə atılmışdı. Robert Kennedi isə 1968-ci ildə Kaliforniyada keçirilən praymerizdə qələbə nitqindən bir neçə dəqiqə sonra Los-Ancelesdə oteldə öldürülmüşdü. Kennedi bu hadisədən beş il əvvəl öldürülən prezident Con Kennedinin qardaşı idi. Demokratlar Partiyasından prezidentliyə namizəd olmuş Uallas da 1972-ci ildə seçki kampaniyası dövründə Merilend ştatında güllə ilə vurulmuşdu. Hadisə nəticəsində o, beldən aşağı iflic vəziyyətində qaldı.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30