Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Nüvə müharibəsi ehtimalı güclənir?

Nüvə müharibəsi ehtimalı güclənir?

29.04.2023 [10:40]

Rusiya Qərbə yenidən xəbərdarlıq edir...

Kreml hadisələrin ən pis ssenari üzrə inkişafının qarşısını almaq üçün hər şeyi edə bilər

Rusiya ilə Ukrayna arasında baş verən hərbi toqquşmalar bəşəriyyət üçün ən böyük təhdidlərdən birini - nüvə silahından istifadə təhlükəsini yenidən aktuallaşdırmaqdadır. Qeyd edək ki, hələ ötən ilin sonlarına yaxın Rusiya prezidenti Vladimir Putinin ölkəsinin “nüvə dövləti” olmasını xatırlatması ilə başlanan “nüvə ritorikası” ABŞ üçün gözlənilməz deyilmiş. Sanki bu təhdidi gözləyirmiş kimi ABŞ dövlət başçısı C.Bayden də “buna hazırıq” cavabını səsləndirmişdi. Putin qəti şəkildə bildirmişdi ki, Rusiyanın ərazi bütövlüyü təhlükə altına düşərsə, bu ölkə əlində olan bütün vasitələrdən istifadə edəcək. O vurğulamışdı ki, Vaşinqton, London, Brüssel birbaşa Kiyevi hərbi əməliyyatları Rusiyanın ərazisinə keçirməyə sövq edir: “Onlar artıq gizlətmirlər ki, Rusiyanı hər vasitə ilə döyüş meydanında məğlub etmək, ardınca isə iqtisadi, siyasi, mədəni, ümumən istənilən suverenlikdən məhrum etmək, ölkəmizi tam talan etmək arzusundadırlar. Artıq nüvə şantajı da işə düşüb. Rusiya özünü müdafiə etmək üçün bütün vasitələrdən istifadə edir. Bizim ölkədə də müxtəlif məhvetmə vasitələri var, bəzi komponentlərdə isə NATO ölkələrininkindən daha müasirdir. Ölkəmizin ərazi bütövlüyü təhlükə altında qalarsa, Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Bu blef deyil”.

Qərb Moskvanın qətiyyətinə şübhə etməməlidir...

Ötən ildən başlanan nüvə ritorikası müharibənin yeni mərhələsində daha da güclənib. Artıq Rusiya tərəfi Qərbə xəbərdarlıq edir - müharibə böhranı katostrafik həddə çatarsa, Rusiya bütün vasitələrdən istifadə edə bilər. Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 27-də keçirdiyi brifinqdə bildirib. O deyib ki, Rusiya tərəfi nüvə eskalasiyası ilə bağlı vəziyyətin daha da pis inkişafının qarşısını almaq üçün hər şeyi edir, lakin Qərb Moskvanın qətiyyətinə şübhə etməməlidir. M.Zaxarova bildirib ki, Amerika strateqləri mütəxəssislərin dediyi kimi, hipotetik nüvə eskalasiya pillələri ilə bağlı illüziyalar içərisindədirlər: “Biz hadisələrin ən pis ssenari üzrə inkişafının qarşısını almaq üçün hər şeyi edəcəyik... Amma mən qətiyyətimizə şübhə etməyi və bunu praktikada sınaqdan keçirməyi məsləhət görmürəm”.

O qeyd edib ki, Qərb dövlətləri indi “strateji riskləri azaltmaq öhdəliyi haqqında” öz bəyanatlarına zidd hərəkət edir, inadla nüvə münaqişəsinin kəskinləşməsinə doğru gedirlər.

Rusiyanın müqavilədən çıxması ilə təhdid daha da artıb...

Zaxarovanın bu bəyanatı bu ilin fevralında baş verən “nüvə böhranı”nın ardından Rusiya tərəfindən dilə gətirilən ən sərt bəyanat sayılır. Xatırladaq ki, fevralın 20-də ABŞ prezidenti Co Baydenin Ukraynaya gözlənilməz səfəri və səfər çərçivəsində verdiyi bəyanatlar, eyni zamanda, Polşadakı çıxışı, Ukraynaya ediləcək hərbi yardımların anonsları Rusiyanı mühüm addımlar atmağa sövq etmişdi - Prezident Putin Rusiya Federasiyasının “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə iştirakın dayandırılması ilə bağlı qanun imzalamışdı, Rusiyanın “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə iştirakını dayandırdığını açıqlamışdı. Qeyd edək ki, bu müqavilə 2010-cu ilin aprelin 8-də Praqada Rusiya və ABŞ prezidentləri Dmitri Medvedev və Barak Obama tərəfindən imzalanmışdı. Müqavilənin rəsmi adı Amerika Birləşmiş Ştatları ilə Rusiya Federasiyası arasında Strateji Hücum Silahlarının Daha da Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilədir. Müqavilə 2010-cu ilin dekabrın 22-də ABŞ Senatında, 2011-ci il yanvarın 25-də və 26-da isə Rusiya Federasiyasının Dövlət Duması və Federasiya Şurasında təsdiqlənib. Ratifikasiya ilə bağlı qərarda isə tərəflər müqaviləyə bir sıra “yeni artırmalar” etdilər: ABŞ Konqresinin qətnaməsində qeyd olunurdu ki, “yeni müqavilə Avropa da daxil olmaqla, raketdən müdafiə sistemlərinin yerləşdirilməsinə məhdudiyyətlər qoymur”. Rusiyanın ratifikasiya sənədində isə bildirilirdi ki, ABŞ-ın “raket mənzili” məsafəsi Rusiya Federasiyası üçün təhlükəyə çevrilən zaman Moskva sənəddən çıxmaq hüququnu özündə saxlayır. Qəbul edilən qərarlarda ayrı-ayrılıqda qeyd olunub ki, strateji hücum silahları ilə raketdən müdafiə vasitələri arasında əlaqəni əks etdirən preambulanın müddəaları hüquqi qüvvəyə malikdir və tərəflər tərəfindən tam nəzərə alınmalıdır. Ratifikasiya qanunları 2011-ci il yanvarın 28-də Rusiya Federasiyasının Prezidenti, 2 fevral 2011-ci ildə isə ABŞ Prezidenti tərəfindən imzalanıb. Ratifikasiya sənədlərinin mübadiləsi isə 2011-ci il fevralın 5-də Münhendə baş tutub. Bundan sonra isə sənəd hüquqi qüvvəyə minib - 31 iyul 1991-ci il tarixli Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması haqqında Müqaviləni (START-1) və 24 may 2002-ci il tarixli Strateji Hücum Potensiallarının Azaldılması haqqında Müqaviləni (SOR) əvəz edib.

İmzalanan müqavilə hər iki tərəfin strateji hücum silahlarının azaldılmasını və məhdudlaşdırmasını nəzərdə tuturdu: sənəd hər bir ölkənin arsenalını 1550 nüvə başlığı, 700 qitələrarası ballistik raket və ağır bombardmançı təyyarə ilə məhdudlaşdırır. Müqavilə uyğunluğu yoxlamaq üçün yerində yoxlamaların aparılmasını nəzərdə tutur. Müqavilə beş ildən çox olmayan müddətə uzadılmaq imkanı ilə on il (2021-ci ilin fevral ayına qədər) üçün nəzərdə tutulmuşdu. Sənədə müqavilədən çıxış bəndi də daxil idi.

Rusiyada 8 min, ABŞ-da 3 min nüvə başlığı...

Ümumiyyətlə, Rusiya və ABŞ dünyanın iki aparıcı nüvə dövləti sayılır. Hazırda Rusiyanın 8 minə yaxın, ABŞ-ın isə 3 mindən çox nüvə başlıqlı raketi mövcuddur. Bu qədər nüvə başlıqlı raket isə dünyanın sonu deməkdir. Avropa ölkələrinin də bəziləri nüvə silahına sahibdirlər. Amma onların sayı elə də çox deyil. Bir sözlə, hazırda rəqib cəbhədə döyüşən Qərb dünyasının ümumilikdə “nüvə ehtiyatı” Rusiyadan azdır. Bu raketlərin hər hansı bir əraziyə atılması isə böyükmiqyaslı dağıntılara, xeyli insan tələfatına səbəb ola bilər. İndiki halda Rusiyanın heç bir zərurət olmadan nüvə silahından istifadə ilə bağlı bəyanatı bütün dünyanı narahat edir. Nəzərə alınmalıdır ki, hərbi əməliyyatlar Ukrayna ərazisində aparılır, Rusiya əraziləri üçün hər hansı bir təhdid və ya təhlükə mövcud deyil. Bir sıra ekspertlərin fikrincə, hətta Rusiya prezidenti belə bir qərar verəcəksə, hərbçilər onu yerinə yetirməyəcəklər. Çünki bunun üçün zərurət yoxdur.

Nüvə silahının işə salınması bir neçə mərhələdən ibarətdir. Bunun üçün prezident və ya ali baş komandan müdafiə nazirinə göstəriş verməli, müdafiə naziri isə həmin göstərişi Komanda İdarəetmə Məntəqəsinə (KİM) çatdırmalıdır. KİM isə həmin əmri və hədəfləri dəqiqləşdirir. Daha sonra raketlər hazır vəziyyətə gətirilir. Nüvə silahı əmr verilən anda atıla bilməz, bunun üçün zaman lazımdır. Eyni zamanda, nüvə raketləri müxtəlif mənzilli məsafələrə bölünür. Məsələn, əgər Rusiya ABŞ-ı “atomla” vurmaq istəsə bunun üçün Sakit və ya Şimal Buzlu Okeanın müvafiq akvatoriyalarında saxladığı sualtı qayıqlardakı nüvə silahından istifadə etməlidir. ABŞ-ın da Moskvaya müvafiq məsafədə nüvə raketlərinin olması istisna edilmir. Böyük dövlətlərin dənizlərdə, okeanlarda saxladıqları sualtı qayıqları məhz bu məqsədlərə xidmət edir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30