Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Tehran 20 dövləti “ittiham edir”

Tehran 20 dövləti “ittiham edir”

22.06.2023 [10:55]

İran rejimi şantaja əl atır

İran hakimiyyətinin təmsilçilərinin hər yeni açıqlamaları bu ölkədəki siyasi rejimin qatı mühafizəkar mahiyyətinin, aparılan antixalq siyasətinin yeni qatlarını açıb ortaya qoyur. Aydın olur ki, mollakratiya ilə cəmiyyət arasında dərin bir uçurum yaranıb, hakimiyyətin yeganə məqsədi isə bütün vasitələrdən istifadə etməklə öz ömrünü uzatmaqdır. Buna nail olmaq üçün rejim istənilən vasitəyə əl atır, cəza maşınını getdikcə sərtləşdirir və repressiyaları daha da gücləndirir.

“Qara siyahı”da olan dövlətlər

Təbii ki, İranda müşahidə edilən proseslər daxildə və ölkə hüdudlarından kənarda da birmənalı qarşılanmır. Artıq İran cəmiyyəti rejimin repressiv siyasəti ilə barışmır və etirazlar dalğası bütün ölkəni bürüyüb. Eyni zamanda, beynəlxalq birlikdən də rejimin ünvanına sərt qınaqlar gəlir. Normal siyasi hakimiyyət bütün bunlardan nəticə çıxartmalı və siyasətində korrektələr etməlidir. Ancaq burada söhbət İran hakimiyyətindən gedir. Rejim siyasətində müsbət istiqamətdə hansısa bir dəyişiklik etmək niyyətindən çox uzaq görünür. Həmçinin beynəlxalq birliyin qınaqları da ən yüksək səviyyədə, necə deyərlər, top-tüfənglə qarşılanır. İran hərbi kəşfiyyat xidmətinin rəhbəri Məhəmməd Kazeminin son açıqlaması deyilənləri bir daha təsdiqləyir.  O, 20 ölkəni Məhsa Əmininin ölümü ilə bağlı ölkəsində kütləvi etirazları qızışdırmaqda ittiham edib. Bu sırada İranın əlaqələri normallaşdırmağa çalışdığı ölkələr də yer alıb. “İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətlərinin apardığı araşdırmalar göstərir ki, iğtişaşlarda 20-yə yaxın ölkə iştirak edib”, - Kazemi deyib. Kəşfiyyat rəhbəri bu sırada ABŞ, Böyük Britaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Fransa, Almaniya, Kanada, Belçika, Avstriya, Albaniya, Avstraliya, İslandiya, İtaliya, Kosovo, Norveç, Bəhreyn, Yeni Zelandiya və İsrailin adını çəkib. Kəşfiyyat rəhbəri 18 ölkənin adını çəksə də, digər iki ölkənin isimlərini dilə gətirməyib. Onun sözlərinə görə, İranın bu yaxınlarda diplomatik əlaqələri bərpa etdiyi Səudiyyə Ərəbistanı, eləcə də BƏƏ də anti-İran kampaniyasında iştirak edir. Kazemi, həmçinin iddia edib ki, İsrail və BƏƏ-nin kəşfiyyat qurumları İrandakı etirazlara necə dəstək veriləcəyini müzakirə etmək üçün bir ərəb ölkəsində vaxtaşırı görüşüblər. Bundan əlavə, o, Səudiyyə Ərəbistanı və Bəhreyni “düşmən ölkələr” adlandırıb.

Eyni zamanda, Kazemi kəşfiyyat orqanlarının iğtişaşlarla bağlı məlumat və dəlillər toplamaq üçün Avropa, eləcə də qeyri-Avropa vətəndaşlarını, o cümlədən əfqan, pakistanlı və iraqlıları işə cəlb etdiyini iddia edərək, bununla bağlı qonşu ölkələrdən birinin və avropalıların 40 vətəndaşının həbs edildiyini bildirib.

Öz gözündə tiri görməyənlər...

Kəşfiyyat xidmətinin rəhbərinin açıqlamasından da bəlli olduğu kimi, öz gözündə tiri görməyən İran rejimi ölkədə baş verənlərə görə kənar güclərin ünvanına ittihamlar irəli sürür. Rejimin beynəlxalq birliyin sərt qınaqlarına tuş gəlməsini şərtləndirən amillərin sayı isə həqiqətən çoxdur. Bunlardan yalnız bir neçəsinə diqqət çəkmək kifayətdir ki, bütövlükdə siyasi hakimiyyətin antixalq və antihumanist mahiyyəti barədə konkret təsəvvür yaransın.

- Bu sırada ilk növbədə rejimin ardıcıl səciyyə daşıyan repressiv siyasətinə diqqət çəkmək istərdik. 1979-cu ildən bəri aldadılan, qorxudulan İran cəmiyyəti daha əvvəlki kimi yaşamamaqda israrlıdır. İnsanların qəlbindəki rejimə qarşı nifrət qığılcımının alova çevrilməsi bir an məsələsi idi. Bu an 13 sentyabr 2022-ci il tarixində qadınlardan gəldi. Həmin tarixdə İranın əxlaq polisi hicab qaydalarını pozma ittihamı ilə gənc  Məhsa Əminini həbsə aldı. Məhsa Əmini həbsə alınandan üç gün sonra dünyasını dəyişdi. Hakimiyyət ciddi-cəhdlə təkzib etsə də, cəmiyyət “gənc qadının fiziki zorakılığın qurbanına çevrildiyi” qənaəti ilə etirazlara başladı. Həmin tarixdən on ay vaxt ötsə də, etirazlar səngimək bilmir. Etirazlar dalğası ölkənin əksər bölgələrini bürüyüb, bu gün bütün İran çalxalanır.

Ölkədə qadın hüquqları zəminində başlayaraq sözün əsl mənasında inqilaba çevrilən hərəkatın İran rejiminin sonunu yaxınlaşdırdığı artıq etiraf olunur. Ötən 44 il ərzində İran mollakratiyasını bu qədər sarsıdan və laxladan etiraz dalğasına təsadüf edilməyib. Etirazlar genişləndikcə, yeni şəhərləri, vilayətləri əhatə etdikcə, rejimin zərif cinsin təmsilçilərinə, bütövlükdə cəmiyyətə qarşı qəzəbi və nifrəti də artır. Hakimiyyət nümayəndələri bu ölkədə qadın hüquqları və azadlığından danışanları “qərb mədəniyyətinin təbliğatçısı”, “casus”, “iğtişaşçı”, “qiyamçı” və başqa ifadələrlə damğalayır. Verilən xəbərlərə görə, İranın güc strukturları həbs olunan etirazçı qadınlarla, gənclərlə ən qəddar şəkildə davranır, onlar yalnız fiziki işgəncələrə məruz qoyulmur, həm də mənəvi zorakılıqlarla üzləşirlər.

- İranın xoş niyyətə əsaslanmayan qonşuluq siyasəti, terroru dəstəkləməsi, narkotrafik qurması bu ölkənin siyasi hakimiyyətinin beynəlxalq qınaqlarla üzləşməsini şərtləndirən digər bir amildir. Bu ölkənin öz qonşularına qarşı belə sərgilədiyi qərəzçilik mövqeyinin mahiyyəti başa düşülmür. Məsələn, Azərbaycan 44 günlük müharibədə qazandığı Qələbə sayəsində regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar əməkdaşlığın genişlənməsi, təhlükəsizliyin möhkəmlənməsi üçün fundamental zəmin anlamında qəbul olunur. İran Azərbaycanın qələbəsini həzm edə bilmir. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın yanında yer alır, ona hərtərəfli dəstək verir. İranın vaxtilə işğal altında olan ərazilərimizdə separatçı rejim və Ermənistan üzərindən Avropayadək uzanan narkotrafik qurduğu barədə faktlar da acı təəssüf və ikrah doğurur.

İranın nüvə təhdidi...

İranın nüvə təhdidləri beynəlxalq birlikdə ciddi narahatlıq yaradan digər bir mühüm amildir. 2015-ci ilin iyul ayında İranla 5+1 formatında (BMT TŞ-nin beş daimi üzvü və Almaniya) ortaq geniş çalışma planı üzrə müqavilə imzalandı. 20 il üçün nəzərdə tutulan müqaviləyə əsasən İran müəyyən edilmiş miqdarı keçməmək və atom enerjisindən  dinc məqsədlərlə istifadə etmək  barədə öhdəlik götürdü. Razılaşmaya əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik müntəzəm olaraq İran ərazilərində nüvə texnologiyası üzrə fəaliyyət göstərən bütün laboratoriya və müəssisələrə nəzarət həyata keçirəcəkdi. Beləliklə, 16 yanvar 2016-cı ildə nüvə çalışmalarına görə İrana tətbiq edilən sanksiyalar aradan qaldırıldı. Lakin İsrailin və digər ölkələrin əldə etdikləri kəşfiyyat məlumatları ilə sübut olundu ki, mollakratiya beynəlxalq birliyi aldatmaq yolu tutub və razılaşmanın şərtlərini pozaraq uranın daha dərin zənginləşdirilməsi istiqamətində gizli fəaliyyətini davam etdirir. Beləliklə, İran rejiminin günahı üzündən beynəlxalq razılaşma pozuldu. Son bir neçə ildə müqavilənin bərpası istiqamətində beynəlxalq birliyin səyləri nəticə verməyib. İran rejimi daim bəhanələr gətirir, yeni şərtlər irəli sürür və addım-addım region və bütün dünya üçün təhlükəli olan nüvə hədəfinə doğru irəliləyir. İranın nüvə obyektlərində təftiş keçirən beynəlxalq müfəttişlər burada 84 faiz zənginləşdirilmiş uran aşkar ediblər. Mütəxəssislərin bildirdiklərinə görə, nüvə silahının hazırlanması üçün uranın 90 faizədək zənginləşdirilməsi kifayətdir. İran hakimiyyəti kimi mühafizəkar, terroru dəstəkləyən bir rejimin nüvə silahı istehsalına bu dərəcədə yaxınlaşmasının beynəlxalq birlikdə ciddi narahatlıq yaratması isə başadüşüləndir.

MÜBARİZ

Paylaş:
Baxılıb: 615 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30