Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Müşavir sabiq baş prokuroru ifşa etdi

Müşavir sabiq baş prokuroru ifşa etdi

16.08.2023 [11:00]

Luis Morenonun natamam, qeyri-dəqiq və qərəzli “hesabatı”...

Mübariz ABDULLAYEV

Son 30 il ərzində apardığı işğalçılıq siyasəti ilə bölgədə sabitliyə, təhlükəsizliyə, əməkdaşlığa ciddi təhdidlər yaradan Ermənistan və Xankəndidə yuva salan separatçı rejim postmüharibə mərhələsində də pozuculuq əməlləri ilə sülhyaratma prosesinə pəl vurmaqda davam edirlər. Müxtəlif vasitələrlə sülh sazişini imzalamaqdan, sərhədlərin demarkasiya və delimitasiyasını aparmaqdan yayınan Ermənistan rəsmiləri son vaxtlarda Azərbaycanın suveren hüquqlarından istifadə etməklə Laçın yolunda Həkəri çayının üzərində sərhəd-keçid məntəqəsi qurması və nəzarət tədbirlərini gücləndirməsi fonunda Xankəndidə guya “humanitar böhran” yarandığı barədə əsassız iddiaları dövriyəyə buraxıblar. Təəssüf doğuran məqam ondan ibarətdir ki, ayrı-ayrı beynəlxalq təşkilatların xaricdəki erməni lobbisinə bağlı bəzi sabiq və hazırkı təmsilçiləri də revanşistlərin və separatçıların manipulyasiyalarına ortaq olaraq bir növ onların ruporuna və yaxud “beynəlxalq müdafiəçilərinə” çevrilirlər.  Belələrindən biri də  Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sabiq baş prokuroru Luis Moreno Okampodur. O, MediaPart saytında bədnam məqalə dərc etdirib, həmçinin 7 avqust 2023-cü il tarixli ekspert rəyində Xankəndidə etnik ermənilərin “soyqırımı”ndan bəhs edib. Aydın görünür ki, sabiq baş prokuror erməni lobbisindən yeni tezislər alaraq növbəti dəfə qərəzli təbliğat  maşınının bir hissəsinə çevrilib.

Mənəviyyatsızlıq və hüquqa hörmətsizlik birləşəndə...

Bəri başdan qeyd edək ki, xarici nəşrlərdə zaman-zaman dərc olunan məqalələrdə Luis Moreno Okampo heç də yaxşı tərəfdən təqdim olunmur. Məsələn, onun səlahiyyətlərindən sui-istifadə etməklə ofşorlarda şoxsaylı şirkətlərin idarəçiliyini həyata keçirdiyi və vergi maxinasiyalarına yol verdiyi bildirilir. Panama, Beliz və Britaniya Virciniya adaları nahaq yerə “vergi cənnəti” adlandırılmır. Bəhs olunan yerlər işbazlar üçün gizli sövdələşmələr aparmaq,  maliyyə əməliyyatlarını gizlətmək və vergilərdən yayınmaq üçün dünyanın heç bir yerində rast gəlinməyəcək məkanlardır. Okampo ailəsinin öz şirkətlərini bu yerlərdə qurması və onlara distant idarəçiliyi həyata keçirmələri də səbəbsiz deyil. Okampo özü bəhs olunan məkanların qayda-qanunlarına yaxşı bələddir. Axı o, bir vaxtlar Transparency International təşkilatının Latın Amerikası və Karib hövzəsi üzrə prezidenti vəzifəsində çalışıb. Təşkilat uzun müddətdir ki, vergi cənnətlərində maliyyə sirri ilə “mübarizədə” fəaldır. Məlum məkanlarla uzun illəri əhatə edən tanışlıq, burada qurulan əlaqələr Okamponu sehirli bir qüvvə kimi həmin yerlərdə şəxsi biznes qurmağa sövq edib.

Okampa həmçinin Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən Xocalı soyqırımının əsas təşkilatçılarından biri olan Ermənistanın sabiq prezidenti Ser Sarkisyanla İrəvanda görüşlər keçirərək uşaqların, qadınların, ahıl insanların qatili olan birisinin əlini sıxmağı özünə şərəf sanıb. Belə şübhəli, qaranlıq keçmişi olan sabiq prokurorun bu gün saxta “soyqırımı” iddialarından danışması absurddur və mənəviyyatsızlıqdır. Okamponun davranışları, ermənilərə yarınması və uydurduğu “soyqırımı” iddiaları həm də zamanında mühüm beynəlxalq qurumun prokuroru səlahiyyətlərindən korporativ məqsədləri üçün geninə-boluna bəhrələnən Okamponun indi beynəlxalq hüquqa arxa çevirdiyinin, ona “əski parçası” münasibəti bəslədiyinin təsdiqidir. Beləliklə, biz L.Okamponun şəxsində mənəviyyatsızlıqla hüquqa hörmətsizliyin birləşdiyinin şahidi oluruq.

Beynəlxalq səviyyəli ekspertlərin Okamponun qərəzli “hesabatı” ilə bağlı rəyləri bu fikirləri daha da möhkəmləndirir. Hər bir məsələdə ədalətli və beynəlxalq hüquq çərçivəsində yanaşma ortaya qoyan Azərbaycan müstəqil ekspert kimi M.Okamponun gəldiyi nəticəyə hüquqi qiymət verilməsi xahişi ilə “Temple Garden Chambers” hüquq firmasının müşaviri Rodni Diksona müraciət edib. Rodni Dikson aparıcı hüquqşünas və beynəlxalq hüquq üzrə ekspertdir. O, keçmiş Yuqoslaviya və Ruanda üzrə Beynəlxalq Cinayət Tribunallarından (ICTY/ICTR) başlayaraq bütün beynəlxalq cinayət məhkəmələri və tribunallarında həm ittiham, həm də müdafiə tərəfini təmsil edib. O, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) qarşısındakı işlərdə, o cümlədən Sudanda prezident Bəşirə qarşı iddia edilən soyqırımı işi, Liviyanın keçmiş kəşfiyyat rəhbərinin işi, Şərqi Türküstan hökumətinə qarşı sürgündə olan uyğurların soyqırımı iddiası kimi işlərdə böyük təcrübəyə malikdir. Rodni həm də Camalın dul qadınını təmsil edir. Hazırkı rəhbəri Kərim Xan ilə o, beynəlxalq cinayət məhkəmələri üzrə aparıcı dərsliyin həmmüəllifidir. “Temple Garden Chambers”, London və Haaqada təcrübə keçir.

Ölkəmizin müraciətinə cavabında Rodni Dikson bildirib ki,  Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Ocamponun 7 avqust 2023-cü il tarixli ekspert rəyində irəli sürülən iddialar əsassız və tamamilə etibarsızdır. O fikirlərinə davam edərək vurğulayıb: “Mənim tam qiymətləndirməm yaxın vaxtlarda dərc olunacaq. Məsələyə dair tam qiymətləndirməm tezliklə dərc olunacaq. Bununla belə, beynəlxalq hüquqda heç bir möhkəm əsası olmayan təxribat xarakterli belə iddiaların Azərbaycan və Ermənistan arasında hazırda davam edən sülh danışıqlarına mane olmasına və bölgədə gərginliyi qızışdırmasına yol verilməməsi əhəmiyyət kəsb edir”.

Hüquqi məsələlərin siyasiləşdirilməsi

L.Okampo ermənilərin sifarişləri əsasında hazırladığı qərəzli hesabatında “soyqırımı” iddiaları səsləndirir. Özlərini dünyaya “mədəni xalq” kimi təqdim etməyə çalışan ermənilərin leksikonunda “soyqırımı” sözü tez-tez işlənilir. Onlar bu ifadədən istifadə etməklə özlərinin məzlum, yazıq, məhrumiyyətlərə düçar olan xalq obrazlarını formalaşdırmaq istəyirlər. Ancaq alınmır. Çünki erməni qövmü soyqırıma məruz qalan yox, başqalarına, qonşularına məhrumiyyətlər yaşadan və bunu özləri üçün hünər sayan bədxah toplumdur. Bəs erməni lobbisinin əlində marionet “hüquq müdafiəçisinə” çevrilən  L.Okampo hansı “soyqırımı”ndan bəhs edir? Axı Xankəndidə bu gün etnik ermənilərin “soyqırımla” üzləşdiklərini iddia etmək üçün gərək kor olasan və Okamponun özü kimi həqiqətə, hüquqa tüpürəsən.  Rodni Diksonun rəyində qeyd edilir ki, Okamponun hesabatı, xüsusilə hazırkı mürəkkəb və həssas şəraitdə qərəzsiz və ciddi ekspert təhlili üçün tələb olunan dəqiq göstəricilərə cavab vermir: “Hazırda Qarabağda “soyqırımı” törədildiyini iddia etmək üçün heç bir əsas yoxdur. Bu, əsassız və çox təhlükəli bir iddiadır və heç bir iştirakçı tərəf və ümumilikdə beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul edilməməlidir. Rəydə aşağıda vurğuladığım müəyyən əsas çatışmazlıqlar mövcuddur”.

R.Diksonun rəyində vurğulanır ki, Okamponun 30 iyul 2023-cü il tarixində X platformasında (əvvəllər “Twitter” kimi tanınan) açıqladığı kimi, onun rəyi “Artsax prezidenti” kimi istinad etdiyi şəxsin müraciəti əsasında hazırlanıb. Sitat: “O, Qarabağdakı etnik erməni separatçı qurumun qondarma rəhbəridir. Həmin qurumun 1990-cı illərdə Ermənistanın dəstəyi ilə hərbi güclə qanunsuz yaradılması yüz minlərlə azərbaycanlının qovulması nəticəsində baş verib. Onilliklər ərzində qurum beynəlxalq ictimaiyyət tərəfindən təcrid olunsa da, Ermənistan hökumətinin dəstəyi sayəsində mövcudluğunu qoruyub. Lakin 2020-ci ildə Azərbaycan 44 günlük müharibədən sonra sözügedən ərazinin bir hissəsini geri qaytarıb. O zamandan etibarən Ermənistan hökuməti beynəlxalq hüquqa uyğun olaraq, Qarabağın həqiqətən də Azərbaycan olduğunu açıq şəkildə tanıyıb. Beləliklə, qeyri-qanuni “Artsax” qurumu öz himayədarını itirib. Okampo kimi beynəlxalq hüquq müdafiəçisinin bu zəifləmiş administrasiyanın Ermənistan siyasətində itirilmiş mövqelərini bərpa etmək üçün göstərdiyi səylərə töhfə verməsi məyusedicidir. Moreno Okamponun bunu etmək həvəsində olarkən cəmi bir həftə ərzində öz rəyini verərək və “#StopArmenianGenocideinArtsakh” və “StopArmenianGenocide2023” həştəqlərini yerləşdirərək öz təhlilini qabaqcadan hazırlamaqla kifayətlənməsi sual doğurur.

Bütün bunlar, müstəqil və ədalətli ekspertin metodologiyası deyil. Bunun daha çox hüquqi məsələlərin siyasiləşdirilməsinə, onlardan siyasi məqsədlər üçün istifadə olunmasına xidmət etməsi təəssüf doğurur”.

BƏM-in icraatının tamamilə yanlış təqdimatı

Rodni Dikson vurğulayıb ki, M.Okamponun rəyi təəccüblü dərəcədə əsassızdır. Orada “soyqırımı”nın əsas elementlərini dəstəkləyən heç bir sübut yoxdur. Rəydə “soyqırımı”nın tərifini vermək yaxşı ola bilər, lakin bu, heç bir dəlil və əsas olmayan şəraitdə məsələni irəli aparmaq iqtidarında deyil. Sitat: “Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) “Xorvatiya Serbiyaya qarşı” işində izah olunduğu kimi, soyqırımı iki tərkib elementi ehtiva edir: fiziki element, yəni törədilən əməl və ya “actus reus” və psixoloji element və ya “mens rea”. İlk növbədə fiziki elementi götürsək, Okamponun fikrincə, belə görünür ki, Azərbaycanın Qarabağla Ermənistanı birləşdirən dağ yolu olan “Laçın dəhlizini” “bağlaması” və bununla da Qarabağın etnik erməni sakinlərini həyati ehtiyaclarından “məhrum etməsi” səbəbindən “soyqırımı” mövcuddur. Rəyə əsasən, bu “fakt” Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiya ilə bağlı Ermənistan və Azərbaycan arasında aparılan icraatlarda aşkar edilib. Hətta bütün bu işlərin (birinin Azərbaycanın Ermənistana qarşı, digərinin isə Ermənistanın Azərbaycana qarşı qaldırdığı) heç də “soyqırımı” ilə bağlı olmadığını söyləsək belə, məhkəmənin Azərbaycan tərəfindən belə bir blokadanın olduğunu fakt kimi müəyyən etdiyini söyləmək yanlışdır.

Məhkəmənin ən son açıqlamalarını Ermənistanın qaldırdığı iş üzrə 6 iyul 2023-cü il tarixli qərarında tapmaq olar. Bu qərar “Azərbaycanın hərbi keçid məntəqələri yaratmaqla Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətinə əsaslı şəkildə maneə törətməsi” ilə bağlı Ermənistanın iddiasına cavab olaraq verilib. Qərarda Ermənistanın iddiasında faktiki uyğunsuzluqlar qeydə alınıb və belə nəticəyə gəlinib ki, Məhkəmə “Laçın dəhlizi” ilə bağlı artıq verdiyi qərara dəyişiklik edilməsini əsaslandırmaq üçün hər hansı bir fərqli şəraitin mövcud olduğunu müəyyən edə bilməyib. Qeyd edək ki, bu son qərar Moreno Okampo tərəfindən ümumiyyətlə xatırlanmır.

Məhkəmə 2023-cü ilin fevralında vəziyyətlə bağlı daha əvvəlki qərarında sadəcə olaraq “12 dekabr 2022-ci il tarixində Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin “pozulduğunu” ifadə edirdi və buna görə də Azərbaycan “Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün öz ixtiyarında olan tədbirləri görməyə” çağırılırdı. Məhkəmənin istər Moreno Okampo rəyinin istinad etdiyi etirazlar (hansı ki, Ermənistanın Məhkəməyə izah etdiyi kimi artıq baş vermir), istərsə də müzakirə etdiyi sərhəd buraxılış məntəqəsi ilə bağlı konkret qərarlar açıqlamadığı məlumdur. Məhkəmə nə Ermənistanın, nə də Azərbaycanın aralarında gedən icraatlarla bağlı verdiyi qərarlara əməl edib-etmədiyi barədə açıqlama verməyib. Beləliklə, M.Okamponun rəyi məhkəmənin icraatlarını tamamilə yanlış təqdim edir”, - deyə ekspert vurğulayıb.

“Soyqırımı”nı əsaslandırmaq üçün heç bir sübut yoxdur

R.Diksonun hesabatında əks olunur ki, beynəlxalq hüquq məsələsi kimi yüksək hədd olan soyqırımının müəyyənedici elementini - qrupu tamamilə və ya qismən fiziki cəhətdən məhv etmək niyyətini əsaslandırmaq üçün heç bir sübut yoxdur. L.Okamponun rəyindəki istinadlar bu əsas tələbə cavab vermir. Heç bir sübut olmadan sabiq prokuror tərəfindən “soyqırımı” ittihamlarının irəli sürməsi tamamilə yanlışdır.

“Psixoloji elementə gəlincə, Moreno Okampo rəyində BƏM-in qəti şəkildə bəyan etmədiyi məsələlər əsasında onun mövcudluğunu “qeyd etməyə” - yəni yanlış nəticə çıxarmağa çalışır. Bu, açıq şəkildə “soyqırımı” üçün tələb olunan xüsusi niyyətin, yəni “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin” olub-olmadığını müəyyən etməyə çalışmaq üçün qeyri-münasib üsuldur (məhkəmənin Xorvatiya Serbiyaya qarşı işində izah etdiyi kimi). Hətta, məhkəmə Okamponun nəzərdə tutduğu nəticələri çıxarmış olsaydı belə, konkret niyyətin mövcudluğu onlardan çıxarıla bilən yeganə “ağlabatan nəticə” olmazdı və buna görə də onun hesabatında bu barədə gəldiyi nəticə “Xorvatiya Serbiyaya qarşı” işindəki qərar kontekstində dəstəklənməzdi”, - deyə R. Dikson vurğulayıb.

Ekspert deyir ki, Azərbaycan Roma Statutuna tərəf deyil və Qarabağ da daxil olmaqla, öz ərazisinə münasibətdə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etməyib. Fikirlərinə davam edən R.Dikson sabiq prokurorun qərəzli hesabatında istinad etdiyi “faktlara”da selektiv yanaşma ortaya qoyduğuna diqqət çəkib: “O, misal üçün, Azərbaycanın Qarabağın etnik erməni sakinlərini təmin etmək üçün alternativ marşrut (“Ağdam-Xankəndi marşrutu”) təklifinə toxunmur, baxmayaraq ki, bu, rəyin iddia etdiyi kimi, açıq şəkildə həmin sakinlərin “fiziki məhvinə səbəb olan həyat şəraitinin” Azərbaycan tərəfindən “qəsdən tətbiq edilib-edilməməsi” məsələsinə aiddir”.

Ekspert əlavə edib ki, L.Okamponun rəyinin nəticələrini açıq şəkildə sual altına alan müvafiq faktiki hallar rahat şəkildə ört-basdır edilir və qeyd olunmur. Beləliklə, rəy balanslaşdırılmış və hərtərəfli ekspert hesabatı olmaqdan çox uzaqdır. R.Diksonun qənaətinə görə, Okamponun rəyi öz təhlilində natamam və qeyri-dəqiqdir. Buna görə də onun yaxından və diqqətlə yoxlanılması vacibdir. Onun sərtliyinin Azərbaycan və Ermənistanın sülh axtarışında olan hökumətləri arasında əsassız ziddiyyət yaratmasına imkan vermək olmaz. “Bütün bu səbəblərdən, regiondakı tərəflər və beynəlxalq ictimaiyyət Moreno Okampo rəyinin iddia edilən nəticələri və tövsiyələrinə qarşı ehtiyatlı olmalıdırlar”, - deyə R.Dikson çağırış edib.

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30