Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın bölgələrində istifadəyə verilən müasir səhiyyə ocaqları pandemiya şəraitində xəstələrin müayinə və müalicəsinə geniş imkanlar yaradır

Azərbaycanın bölgələrində istifadəyə verilən müasir səhiyyə ocaqları pandemiya şəraitində xəstələrin müayinə və müalicəsinə geniş imkanlar yaradır

21.04.2020 [11:54]

Son 16 ildə respublikamızın bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa olunub, 28 mərkəzi rayon xəstəxanasında əsaslı təmir aparılıb, beş xəstəxananın tikintisi isə davam edirilir

Məlum olduğu kimi, respublikamızda regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrası çərçivəsində bütün ölkə boyunca müasir infrastruktur quruculuğu geniş vüsət alıb. Bunun nəticəsi kimi, hazırda Azərbaycan infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasında yer alır. Ölkəmizi fərqləndirən səciyyəvi xüsusiyyətlərdin biri budur ki, respublikamızda müxtəlif təyinatlı  infrastruktur obyektlərinin inşası bir qayda olaraq dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılır. Dövlətin ayırdığı böyük maliyyə vəsaitləri hesabına ərsəyə gələn infrastruktur obyektləri bundan sonra onilliklər ərzində Azərbaycan xalqına, olkəmizin sosial-iqtisadi inkişafına xidmət göstərəcək.

Bölgələrdə yaradılan müasir səhiyyə müəssisələrində xəstələrin müayinə və müalicəsi üçün hər cür şərait var

Respublikanın bölgələrində ən yüksək tələblərə cavab verən tibb müəssisələrinin yaradılması ölkəmizdə geniş vüsət alan infrastruktur quruculuğuna yaxşı nümunədir. Son 16 ildə ölkə ərazisində müasir tibb müəssisələrinin yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Bəhs olunan dövrdə respublikamızda təxminən 750 tibb müəssisəsi tikilib və yaxud yenidən qurulub. Yeni yaradılan səhiyyə müəssisələrinin bir çoxu respublikanın bölgələrinin payına düşür. Belə ki, bəhs olunan dövrdə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Beləliklə, ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Bu xəstəxanaların hamısı dövlət investisiya proqramı çərçivəsində, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsasında inşa edilib.

Eyni zamanda, regionlarda yaradılan müasir tibb ocaqlarının maddi-texniki bazası da kifayət qədər yüksək səviyyədədir  - onların hamısında dünyanın ən qabaqcıl şirkətlərinin istehsalı olan yüksək səviyyəli avadanlıqlar quraşdırılıb ki, bu da bölgələrimizdə ən müxtəlif xəstəliklərin erkən mərhələdə müəyyənləşdirilməsinə və müalicəsinə imkan verir. Təsadüfi deyil ki, ildən-ilə regionlarda pulsuz tibbi müayinədən keçən vətəndaşların sayı artır. Təkcə ötən il respublikamızda pulsuz tibbi müayinədən keçən vətəndaşların sayı 5 milyona çatıb.

Respublikamızda yeni xəstəxanaların istifadəyə verilməsi ənənəsi 2020-ci ilin birinci rübündə də davam etdirilib. Qeyd etmək yerinə düşər ki, son vaxtlarda respublikamızın ayrı-ayrı bölgələrində istifadəyə verilən müasir səhiyyə ocaqları əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsinə, həmçinin icbari tibbi sığortanın əhatə dairəsinin genişlənməsinə yeni imkanlar yaradıb.

Ölkəmizdə müasir xəstəxanaların yaradılması perspektivdə də davam etdiriləcək. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Sumqayıt Kimya-Sənaye Parkının ərazisində yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında bildirib ki, ölkə üzrə xəstəxanalar şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulub. Dövlət başçısı qeyd edib ki, belə xəstəxanaların inşası respublikamızda pandemiyaya qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaq.  “Azərbaycan dövlətinin və sahibkarların operativ fəaliyyətini nəzərə alaraq, onu da bildirməliyəm ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Bu xəstəxanalar yeni texnologiyalar əsasında inşa ediləcəkdir. Bu texnologiyalar imkan verir ki, qısa müddətdə, bəlkə də üç həftə, bir ay ərzində xəstəxana tamamilə yenidən qurulsun, - yığma texnologiyalar prinsipi əsasında qurulacaq, - bütün lazımi avadanlıqla təchiz edilsin. Hər bir xəstəxananın çarpayı sayı 200-dür. Belə xəstəxanaların ölkəmizdə qısa müddətdə qurulması əlbəttə ki, bu mübarizədə bizə əlavə imkan verəcəkdir”,- deyə dövlətimizin başçısı vurğulayıb.

2020-ci ilin birinci rübündə Qazaxda açılan Rayon Mərkəzi Xəstəxanası xaricdə istehsal olunan avadanlıqla təchiz edilib

Əlamətdar haldır ki, Prezident İlham Əliyev əvvəllər və cari ilin birinci rübündə ölkənin müxtəlif bölgələrində istifadəyə verilən yeni xəstəxanaların açılışında şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini verib. Dövlət başçımız cari il martın 3-də Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

Açılış mərasimində Prezident İlham Əliyevə məlumat verilib ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilmişdi və uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina yararsız vəziyyətə düşmüşdü. Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri ötən ilin sentyabrında yekunlaşıb. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb müəssisəsi inşa olunub. Xaricdə istehsal olunan avadanlıqla təchiz edilən xəstəxana binasının ümumi sahəsi 22 min kvadratmetrdir. Burada doğum, terapiya, cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika, şüa-diaqnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxana binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərəcək. Tədbirdə dövlətimizin başçısına icbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət xəstəxanalarında tibbi fəaliyyətin təşkilindəki əsas dəyişikliklər barədə də məlumat verilib. Bildirilib ki, təcili və təxirəsalınmaz tibbi yardım bölməsi həftənin 7 günü 24 saat fəaliyyət göstərərək müraciət edən xəstələrin çeşidlənməsini, stasionar şöbələrə yerləşdirilməmişdən əvvəl həkim nəzarəti altında müayinə və müalicələrinin həyata keçirilməsini təmin edir. Xəstələr bu bölmənin fəaliyyəti nəticəsində müşahidə altında saxlanılır, hər şey qaydasında olarsa, ambulator müalicə üçün evə yazılır, nəticədə stasionar şöbələrə düşən yükün həcmi kəskin azalır.

Goranboy rayonunda 4 hektar ərazidə 130 çarpayılıq müasir xəstəxana yaradılıb

Cari ilin birinci rübündə Prezident İlham Əliyevin iştirakı ilə Goranboy rayonunda müasir xəstəxana istifadəyə verilib. 130 çarpayılıq Goranboy Rayon Mərkəzi Xəstəxanasının ərazisi 4 hektardır. Tikintinin ümumi sahəsi isə 21 min kvadratmetrdən çoxdur. Cərrahiyyə, terapiya, pediatriya, fizioterapiya, funksional diaqnostika, poliklinika, hemodializ şöbələrinin fəaliyyət göstərdiyi xəstəxanada xaricdə istehsal olunan ən müasir tibbi avadanlıq quraşdırılıb. Bu tibb müəssisəsində şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım və digər şöbələr də fəaliyyət göstərir. Xəstəxanada əsas korpusla yanaşı, yoluxucu xəstəliklər korpusu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsi yerləşir.

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 125 nəfər həkim həkim heyəti və çoxlu sayda tibb bacısı çalışacaq. Prezident İlham Əliyev Azərbaycanın regionlarında belə müasir xəstəxanaların açılmasından məmnunluğunu bildirərək vurğulayıb: “Çox şadam ki, qısa müddət ərzində Goranboy şəhərində gözəl tibb mərkəzi yaradılıb. Mənim Sərəncamımla iki il yarım bundan əvvəl tikinti başlamışdı və bu gün biz birlikdə bu xəstəxananı açırıq. Özünüz görürsünüz ki, burada bütün şərait ən yüksək standartlara cavab verir. Həm binanın özü çox müasirdir, yaraşıqlıdır, həm də burada quraşdırılan avadanlıq aparıcı şirkətlərin məhsuludur. Bu avadanlıq dünyanın aparıcı xəstəxanalarında olan avadanlıqlardan fərqlənmir. Belə də olmalıdır. Çünki mən demişəm ki, Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazası ən yüksək səviyyədə olmalıdır və biz buna nail oluruq”.

İcbari tibbi sığortanın ölkənin inzibati-ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı təsdiq edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarı ilə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı təsdiq edilib. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığortanın ölkə üzrə 3 mərhələdə tətbiq edilməsi nəzərdə tutulub. Belə ki, birinci mərhələdə, 2020-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir. İkinci mərhələdə, 2021-ci il 1 yanvar tarixindən 36 şəhər və rayon - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul sözügedən sistemə qoşulacaq.

Üçüncü mərhələdə, 2021-ci il 1 aprel tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın Xidmətlər Zərfindən faydalana biləcək.

Xatırladaq ki, icbari tibbi sığortanın ölkənin digər şəhər və rayonlarında gələn ildən tətbiq edilməsinə səbəb bir sıra dövlət qurumlarının, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi heyətinin və maddi resurslarının ölkədə koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilməsidir. Koronavirusla bağlı respublikada yaranmış vəziyyət Agentliyin və TƏBİB-in, o cümlədən bütün tibb müəssisələrinin və tibb işçilərinin ölkədə hər an dəyişə bilən sanitar-epidemioloji vəziyyətə hazır olmalarını, onların bütün güc və səylərinin virusla ciddi mübarizəyə yönəltmələrini tələb edir

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 679 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30