Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Aqrar sektorda çalışanlara göstərilən dövlət dəstəyi regionlarda heyvandarlığın inkişafı üçün geniş imkanlar yaradıb

Aqrar sektorda çalışanlara göstərilən dövlət dəstəyi regionlarda heyvandarlığın inkişafı üçün geniş imkanlar yaradıb

10.06.2020 [09:12]

Təsərrüfatlarda mal-qaranın baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər ət, süd və yun istehsalının da artmasına güclü təsir göstərib
(əvvəli ötən sayımızda)

2020-ci ilin beş ayında rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 620 baş inək və düyə süni yolla mayalandırılıb, 391 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental” cinsindən olan buğaların toxumları istifadə edilir.
Bu ilin birinci yarısında Samux rayonunda da 527 baş iribuynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni mayalandırılıb. Samux Rayon Statistika İdarəsindən bildirilib ki, heyvanların süni mayalandırılmasından 449 baş bala alınıb. Ümumiyyətlə, 2014-cü ildən bəri rayonda süni mayalanmadan 8 min 101 baş cins buzov doğulub. Aqrolizinq yolu ilə əldə edilən cins mal-qaranın və süni mayalanmadan alınan buzovların hesabına rayonda cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələyib.
Rayonda mal-qaranın cinsləşdirilməsi heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci rübündə rayonda ət istehsalı (diri çəkidə) 3 ton artaraq 1505 ton, süd istehsalı 9 ton artaraq 8 min 162 ton, yumurta istehsalı isə 52 min ədəd artaraq 2 min 731 min ədəd olub.
Heyvandarlığın inkişafı istiqamətində atılan addımlardan danışarkən müxtəlif xəstəliklərə qarşı görülən işləri də qeyd etməliyik. Bu kontreksd vurğulamaq yerinə düşər ki, Lənkəran rayonunun heyvandarlıq təsərrüfatlarında epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Lənkəran Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən peyvənd vasitələri heyvanlara soyuq zəncir sisteminə riayət etməklə vurulur. Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərini məlumatlandırır və baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunmasını tövsiyə edirlər. Təsərrüfat sahiblərinə və sakinlərə, həmçinin heyvanların yemlənməsində və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilir.
Dövlət vəsaiti hesabına alınan müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən ödənişsiz əsaslarla mal-qaralara vurulur. İndiyədək rayonda 300 baş təkdırnaqlı heyvana qarayara xəstəliyinə qarşı peyvənd vurulub.
Yeri gəlmişkən, qeyd edək ki, ölkəmizdə heyvandarlığın inkişafı, öz növbəsində yun istehsalı sahəsinə də ciddi təkan verir. Yun istehsalı və tədarükü sahəsində artımın əldə edilməsi isə Azərbaycanda qədim ənənələrə və özünəməxsus əhəmiyyətə malik olan xalçaçılığın inkişafına da müsbət təsir göstərir.
Bu sahə dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yun istehsalının, tədarükünün və ixracının artırılmasını, eyni zamanda, yeni yun tədarükü məntəqələrinin yaradılmasını kənd təsərrüfatı sahəsinə rəhbərlik edənlərin qarşısında mühüm vəzifə olaraq müəyyənləşdirib.
Təsadüfi deyil ki, 7 may 2019-cu il tarixində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışındakı çıxışı zamanı Prezident İlham Əliyev yun istehsalının və tədarükünün digər sahələrdə, o cümlədən xalçaçılığın inkişafında görülən böyük işlərin təkanverici amili olduğunu vurğulayıb: “Məsələn, indi ölkəmizdə yun tədarükü mərkəzləri yaradılır. Beş mərkəz yaradılıb, biri də burada. Sumqayıtda yunəyirici-boyaq fabriki yaradılır. Yəni, gələcəkdə biz özümüzü bütün xammalla - iplər, boyaq və yun ilə təmin edəcəyik. Beləliklə, minlərlə iş yeri yaradılır və yaradılacaq. Sahibkarlar da bu işlərdə fəal iştirak edirlər. Sizin də işiniz ümumi inkişafımıza böyük dəstək olacaqdır”.
Prezident İlham Əliyev, eyni zamanda, dövlətin dəstəyi ilə görülən tədbirlər nəticəsində Azərbaycanda yun tədarükünün böyük dərəcədə artmasına əminliyini ifadə edib: “Eyni zamanda, yun tədarükü ilə bağlı göstəriş verilmişdir ki, məntəqələr yaradılmalıdır. Çünki bu, böyük problem idi, yun tədarükü kortəbii şəkildə təşkil olunurdu. İndi bu iş mərkəzləşmiş qaydada görülür. Beş məntəqə yaradılıb və hər zonanın fermerləri artıq bilirlər ki, yunu hara gətirsinlər, kimə təhvil versinlər və pullarını alsınlar. Fəhlələr də, toxucular da işləyirlər və budur, bir zəncir yaradılır. Əminəm ki, Azərbaycanda yun tədarükü böyük dərəcədə artacaq”.
Bununla belə, cari ilin yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçısının qarşıya qoyduğu vacib vəzifələrə uyğun olaraq digər sahələrlə yanaşı, ət, süd və yun istehsalının da artmasına ciddi diqqət yetirildiyini qeyd edib: “Heyvandarlıqla bağlı artıma gəlincə, ət diri çəkidə 3 faiz, süd 2,4 faiz, yumurta istehsalı 9 faiz, yun istehsalı 1,6 faiz, barama istehsalı isə 25,3 faiz artmışdır. Qarşımızda qoyduğunuz əsas vəzifələrdən biri bu il bu sahədə mövcud resurslarımızdan istifadə etməklə məhsuldarlığın daha da artırılması, mütərəqqi texnikaların və metodların tətbiq edilməsidir”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, əsas təsərrüfat sahələrindən biri qoyunçuluq olan İmişli rayonunda ilin əvvəlindən indiyədək fermerlər 40 tondan çox yun tədarük ediblər. Rayonda bu sahəyə böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. İndi onlarla fermer təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürürlər.
Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda qoyunçuluq təsərrüfatlarında 255 min 617 baş qoyun-keçi bəslənilir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1191 baş çoxdur. Xeyli vaxtdır ki, rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımına başlanılıb. Hər qoyundan orta hesabla 1,9 kiloqram yun götürülür. Ötən il isə bu rəqəm 1,8 kiloqram olub. Ayrı-ayrı fərdi təsərrüfatlarda hər qoyundan 2,1 və 2,2 kiloqram yun qırxılır.
Saatlı rayonunda da qoyunçuluq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda qoyunçuluğa böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. İndi onlarla fermer təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürür.
Rayon statistika idarəsindən bildiriblər ki, hazırda Saatlının təsərrüfatlarında 115 min 800 baş qoyun-keçi bəslənilir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 594 baş çoxdur. Qoyunun əti və südü kimi, yunu da yüksək qiymətə satılır. Bir müddətdir ki, rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımı aparılır. İndiyədək fermerlər, ümumilikdə, 53,3 ton yun qırxıblar. Hər qoyundan orta hesabla 0,9 kiloqram yun götürülür. Ötən il isə bu rəqəm 0,8 kiloqram olub.
Uzun illər qoyunçuluqla məşğul olan Əliəhmədli kəndli fermer təsərrüfatının rəhbəri Xanhüseyn Əhmədov rayon üzrə yun istehsalında ən yüksək nəticə qazanıb. Təsərrüfat rəhbəri bəslədiyi 1678 baş qoyunun hər birindən 1,7 kiloqramdan çox yun əldə edib. Rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımı davam edir.
Hacıqabulda qoyunçuluq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda təsərrüfatın bu sahəsinə böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. İndi yüzlərlə fermer təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürürlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonun qoyunçuluq təsərrüfatlarında 130 min 11 baş qoyun-keçi bəslənilir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 230 baş çoxdur.
Bir neçə gündür ki, rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımına başlanılıb. İndiyədək fermerlər bəslədikləri qoyunlardan 26 tondan çox yun tədarük ediblər. Hər qoyundan orta hesabla 2 kiloqram yun götürülür. Ötən il isə bu rəqəm 1,9 kiloqram olub.
Rayonun ayrı-ayrı fərdi təsərrüfatlarında isə yun istehsalı daha yüksək olub. Qarasu kənd sakini, fermer Qabil Abdullayev yun istehsalında daha yüksək nəticə əldə edib. O, bəslədiyi qoyunların hər birindən 2,2 kiloqram yun qırxır.
Qoyunçuluq Beyləqan rayonunda da əsas təsərrüfat sahələrindən biridir. Bu sahə gəlirli olduğu üçün sürülərdə davarların baş sayı ilbəil artır. Hazırda rayonun təsərrüfatlarında 302 min başdan çox qoyun-keçi saxlanılır. Fermerlər qoyunların həm diri halda satışından, həm ətindən, həm də yunundan gəlir əldə edirlər. Təkcə ötən il Beyləqan rayonunda 596 ton yun istehsal olunub. Hazırda qoyunçuluqla məşğul olan fermerlər yun qırxımına başlayıblar.
Rayonun Dünyamalılar kənd sakini Münasib Zeynalovun təsərrüfatında 100 baş qoyun var. Təsərrüfat sahibi bildirib ki, adətən, qoyun qırxımına aprel ayında başlanılır. Hava şəraiti ilə əlaqədar olaraq bu il qoyun qırxımı ləngiyib. “Gün ərzində 25-30 qoyun qırxılır. Qoyunu qırxanda, rahat olur, kökəlir, yaxşı bala verir. Bizim qoyunların yunu təmiz və yumşaq olduğuna görə qohumlar, tanışlar cehiz üçün gəlib götürürlər. Daha çox respublikamızın cənub bölgəsindən gəlib yun alırlar”, - deyə M.Zeynalov qeyd edib.
Qoyun qırxımının vaxtında aparılması ilə yanaşı, düzgün həyata keçirilməsi də önəmlidir. Əks halda təsərrüfatda tələfat ola bilər. Qoyunun qırxımını həyata keçirən Ruslan Ağayev bildirib ki, qapalı şəraitdə saxlanan qoyunlar ildə iki dəfə, otlağa çıxarılanlar isə bir dəfə qırxılır. “Təsərrüfat sahibinin istəyindən asılı olaraq qoyunlar aqreqat və qayçı ilə qırxılır. Qoyun ac olanda qırxılmalıdır. Çünki tox olanda qayçı zədələyə bilər, qarnı partlayar. Quzular mayda qırxılır. Qoyun qırxılıb təmizlənməlidir ki, rahat olsun, kökəlsin. Hər qoyundan 2-3 kiloqram yun çıxır”.
Təsərrüfatçılar deyirlər ki, əvvəllər yunun satışında çətinlik yaşansa da, artıq bu məsələ də həllini tapır. Belə ki, Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” ASC-nin Yunəyirici-boyaq fabriki inşa edilib. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Yunəyirici-boyaq fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması xalçaçılıqla yanaşı, heyvandarlığın da inkişafına öz təsirini göstərəcək. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcək.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 580 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30