Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda tütün yığımı uğurla davam edir

Regionlarda tütün yığımı uğurla davam edir

31.07.2020 [12:49]

Mütəxəssislər hesab edirlər ki, ötən illə müqayisədə cari təsərrüfat ilində daha yüksək məhsuldarlıq əldə olunacaq

Məlum olduğu kimi, ölkəmizdə həyata keçirilən kompleks, sistemli və məqsədyönlü iqtisadi islahatlar bütün sahələrin dinamik inkişafına təkan verib. Bu islahatlar, eyni zamanda, qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Ölkəmizdə aqrar sektorun inkişafından danışarkən vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişafı istiqamətində də mühüm addımlar atılır. Yəni hazırda regionlarda tütünçülük sahəsində əldə edilən uğurların bir səbəbi Azərbaycanın bir çox rayonlarında tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və geniş potensialın mövcud olması ilə bağlıdırsa, digər və əsas səbəb isə məhz dövlətin diqqət və qayğısı ilə birbaşa əlaqədardır. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq, tütün məmulatlarının ixracını təşviq etməkdir.
Bu məqamda vurğulamaq yerinə düşər ki, cari ilin fevral ayının 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində Prezident İlham Əliyev tütün məmulatları istehsalını artırmaq və emal müəssisələri yaratmaq sahəsində görülən işlərə toxunub: “...Ancaq emal olunmuş malların daha böyük dəyəri var. Dəyərlər zənciri yaradılmalıdır. Ona görə hesab edirəm ki, kənd təsərrüfatında emal sektoruna xüsusi diqqət göstərilməlidir. Bir neçə misal gətirə bilərəm. Bizdə indi üzümçülük çox sürətlə inkişaf edir. Son illər ərzində salınmış minlərlə hektar üzüm bağları indi bar verir. Təkcə keçən il üzüm tədarükü 34 min ton artıbdır. Bu, birbaşa şərabçılıq sənayesini yaradır və biz indi şərab məhsullarımızı bir çox ölkəyə ixrac edirik. O cümlədən tütünçülük. Tütünçülüyün inkişafı sayəsində Sumqayıtda yeni siqaret fabriki yaradıldı, Bakı siqaret fabriki yenidən quruldu. Biz daxili tələbatı tam ödəməliyik və ödəyəcəyik, ixrac da edəcəyik. Yoxsa ki, əvvəlki illərdə tütün tədarük etməyən ölkələr bizə siqaret satırdı. Bu, bir nonsensdir. Bizim tütünümüz də, şəraitimiz də var. Ona görə bax, bu, emal sənayesinin inkişafının təzahürüdür”.

Vurğulandığı kimi, dövlət başçısının diqqət və qayğısı nəticəsində ümumilikdə kənd təsərrüfatı, o cümlədən aqrar sektorun ixrac potensialı yüksək olan tütünçülük uğurla inkişaf edir. Eyni zamanda, Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramına uyğun olaraq son illər tütün bitkisinə aid əkin sahələri genişləndirilir. Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi üçün fermerlərin yüksək məhsuldar və keyfiyyətli tütün sortları ilə təmin olunması mühüm əhəmiyyət kəsb edir. Son illər yerli sortlarla müqayisədə xaricdən idxal olunan tütün sortları respublikanın müxtəlif bölgələrində daha geniş sahələrdə becərilir. 

Yeri gəlmişkən, qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları iyul ayının ortalarında Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında tütün sahələrinə baxış keçiriblər. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, qurumun Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov yerli mütəxəssislərlə birgə sahələrdə aparılan becərmə işlərinin gedişatı ilə tanış olub, mövsümi aqrotexniki qulluq işlərinin düzgün təşkili ilə bağlı fermerlərə lazımi tövsiyələr verib və məhsul yığımına hazırlıq işlərinin təşkili səviyyəsini qiymətləndiriblər. Nümayəndələr Balakən rayonunda yerləşən “Azərtütün ASK” MMC-yə məxsus sahədə becərilən yerli və xaricdən gətirilmiş 16 tütün sort nümunəsinin sınaq əkinlərinə də baxış keçiriblər. Ümumi qiymətləndirmə aparılaraq gələcəkdə ən yaxşı sort, hibrid və nümunələrin ölkəmizdə əkilməsi, təsərrüfatlarda yayılması istiqamətində müvafiq tədbirlər müəyyənləşdirilib. Sahələrin ilkin monitorinqini aparan nazirlik nümayəndələri cari təsərrüfat ilində ötən illə müqayisədə daha yüksək məhsuldarlıq əldə olunacağını bildiriblər.

Qeyd edək ki, builki mövsümdə “Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1527,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Hazırda MMC-yə məxsus sahələrdə yaşıl tütün yarpağının dərimi mütəşəkkil davam edir. Bu günədək “Azərtütün ASK”nın həmin rayonlarda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 1130 ton 220 kiloqram yaşıl tütün kütləsi daxil olub. Bu barədə  “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib. Qurum rəsmisi bildirib ki, bu günədək tütün istehsalı və emalı məntəqələri Şəki rayonu üzrə istehsalçılardan 418 ton 750 kiloqram, Balakən rayonu üzrə 396 ton 140 kiloqram, Zaqatala rayonu üzrə 204 ton 480 kiloqram, Qax rayonu üzrə isə 110 ton 850 kiloqram yaşıl tütün kütləsi qəbul edib. Hazırda bu rayonlardakı emal məntəqələrində 99 kameraya qurudulmaq üçün yaş tütün qoyulub. Eyni zamanda, indiyədək emal məntəqələrində 70 ton 29 kiloqram quru tütün istehsal olunaraq anbarlara yığılıb. Şöbə müdirinin sözlərinə görə, indiyədək emal məntəqəsinə bölgə üzrə hamıdan çox Balakəndən olan fermerlər Ruslan Məmmədov - 46,8 ton və Ceyhun Mərdanov – 45,7 ton yaşıl tütün kütləsi təhvil veriblər. Şəkidən Azər Cəmilov indiyədək məntəqəyə 28,3 ton, Qax rayonundan Namiq Fərhadov 25,9 ton, Zaqataladan Yunus Mustafayev isə 14,6 ton yaş tütün gətirib.

Hazırda bölgələrdə tütün yığımı davam edir. Bunu Oğuz rayonunun timsalında da görmək mümkündür. Belə ki, Oğuz rayonunun təsərrüfatlarında tütün yığımı gündən-günə sürətlənir. Oğuzlu fermerlər mövsümün əvvəlindən indiyədək rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə 235 ton “Virciniya botaniki” növlü yaş tütün təhvil veriblər. İndiyədək bu emal məntəqələrində 23,5 ton quru tütün istehsal olunub. Bu barədə  Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib. O bildirib ki, bu il oğuzlu fermerlər 269 hektar sahədə tütün yetişdiriblər. Tütünün əkin sahəsi əvvəlki illə müqayisədə 2,4 dəfədən çox artırılıb. Cari mövsümdə sahələrə, əsasən “Virciniya botaniki” növlü tütün əkilib. Tütün yetişdirilməsi ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb. Hazırda rayonun Bucaq, Bayan və Sincan kəndlərində tütün emalı məntəqələri fəaliyyət göstərir. Bu məntəqələrdə, ümumilikdə, 78 tütünqurutma kamerası quraşdırılıb. Dərilmiş tütün yarpağı qurudulmaq üçün sahələrdən birbaşa bu emal məntəqələrinə gətirilir. Xatırladaq ki, keçən il oğuzlu fermerlər 110 hektar sahədən 215,6 ton quru tütün əldə ediblər.

Balakən rayonunun təsərrüfatlarında da tütün yığımı davam edir. Təsərrüfatçılar indiyədək sahələrdən 389 ton yaş tütün yarpağı dəriblər. Yığılan məhsulun 318 tonu “Virciniya botaniki”, 71 tonu isə yerli “İmmuniy” növlü tütündür. Balakən Rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirovun verdiyi  məlumata görə, sahələrdən yığılan “Virciniya botaniki” növlü yaş tütünün 191 tonu qurudulmaq üçün “Azərtütün ASK” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilərək qurutma kameralarına yerləşdirilib. Yerli sort tütün yarpağı isə istehsalçıların özləri tərəfindən ipə düzülərək qurudulur. Bildirilib ki, Qazbinə kəndindən xanım fermer Ayparə Dadayevanın rəhbərlik etdiyi təsərrüfatda indiyədək sahələrdən 70 ton yaş tütün yarpağı yığılıb. Kortala kəndindən fermer Ceyhun Mərdanov bu günədək emal məntəqəsinə 22 ton, Talalar kəndindən İmran Cumayev 16 ton, Püştətala kəndindən Şamsu Bayramova isə 11 ton yaşıl tütün kütləsi təhvil verib. Qeyd edək ki, bu il Balakən rayonunun təsərrüfatlarında 425 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 389,5 hektar sahədə “Virciniya botaniki”, 3 hektarda “Berley ətirli” və 32,5 hektarda yerli “İmmuniy” növlü tütün sortları yetişdiriblər.

Şəki rayonunun təsərrüfatlarında isə tütün yığımı gündən-günə sürətlənir. Tütün istehsalçıları mövsümün əvvəlindən indiyədək rayonda fəaliyyət göstərən emal məntəqələrinə 2 min tonadək “Virciniya botaniki” növlü yaş tütün təhvil veriblər. Yerli tütün sortları isə istehsalçılar tərəfindən ipə düzülərək qurudulur. Bu barədə  Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.  Bildirilib ki, bu il rayonda 1108 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 598,5 hektar sahədə “Virciniya botaniki”, 509,5 hektarda isə yerli tütün sortları yetişdiriblər. Ümumiyyətlə mövsümün əvvəlindən bu günədək rayonda 1750 ton quru tütün istehsal olunub. Məhsulun 1550 tonu tütün istehsalçıları tərəfindən ipə düzülərək, 200 tonu isə emal məntəqələrində qurudulub. Hazırda rayonun tütün istehsalı və emalı məntəqələrində 172 ədəd tütünqurutma kamerası var.

Onu da qeyd edək ki, bu il iyulun 23-dən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Təzəkənd, Xıncab və Böyükdüz kəndlərində tütün yığımına başlanılıb və indiyədək sahələrdən 16 min 594 kiloqram yaş tütün tədarük edilib. Hazırda tütün qırımı davam edir. Belə ki, yığılmış tənbəki “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonda yaradılmış Tütün Yetişdirmə Təsərrüfatındakı anbarlara gətirilərək düzülür və tütünqurutma yerində qurudulur. Son illərdə “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonda yaradılmış Tütün Yetişdirmə Təsərrüfatı bu ənənəvi sahənin inkişafını daha da sürətləndirib. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, cari ildə rayonda 31 hektar sahədə tütün əkini aparılıb. Əkin zamanı əsasən “İzmir” və “Virciniya” tütün sortlarından istifadə olunub. Əkinlər cəmiyyətin əməkdaşları və fermerlər tərəfindən həyata keçirilib. Sahələrə vaxtlı-vaxtında aqrotexniki qaydada qulluq göstərildiyindən yüksək məhsuldarlığa nail olunub. Qeyd edək ki, Kəngərli rayonunda Tütün Yetişdirmə Təsərrüfatı 2017-ci ildən fəaliyyət göstərir. Təsərrüfatın ərazisində istixanalar, yeraltı su anbarı, tütünqurutma yeri və anbarlar yaradılıb.

Beləliklə, Azərbaycanın bölgələrində tütün yığımı uğurla davam edir. Mütəxəssislərin qənaətinə əsasən, cari təsərrüfat ilində ötən illə müqayisədə məhsuldarlıq daha yüksək olacaq.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 630 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30