Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda yeni təhsil ocaqlarının inşası uğurla davam etdirilir

Regionlarda yeni təhsil ocaqlarının inşası uğurla davam etdirilir

11.08.2020 [09:04]

Ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi müvəffəqiyyətlə reallaşdırılır
Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasəti, həmçinin reallaşdırılan islahatlar bütün sahələrin inkişafına təkan verib. Elə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda görülən tikinti-quruculuq və abadlıq işləri nəticəsində əldə edilən uğurlar da deyilənləri təsdiqləyir. Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərman və sərəncamlar, o cümlədən təsdiqlənən dövlət proqramları əsasında görülən genişmiqyaslı işlər nəticəsində əldə edilən bu uğurlardan təhsil sahəsinə də pay düşüb. Son illərdə bu sahədə çox böyük işlər görülüb və ümumiyyətlə ölkəmizdə təhsil sahəsi xüsusilə diqqət mərkəzindədir ki, bu da təbiidir. Çünki dövlət başçısının da bəyan etdiyi kimi hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. Ona görə də artıq 17 ildir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır. Bu illər ərzində tamamilə yeni, müasir nəsil yetişib və gənclər bu gün bütün sahələrdə özlərini göstərirlər.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu məqama xüsusi olaraq toxunub. Dövlət başçısı bildirib ki, göstərilən yüksək diqqət və qayşı sayəsində son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb: “Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz. Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və ona görə yenə də deyirəm, bunun tamamlanması 2021-2022-ci ildə başa çatmalıdır”.
Bu məqamda bildirmək yerinə düşər ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına İmişli rayonunun Oruclu kənd ibtidai məktəbi üçün 40 şagird yerlik modul tipli məktəb binası quraşdırılır. Verilən məlumata əsasən, tikinti-quraşdırma işləri “Providence Doytch Limited MMC” tərəfindən aparılır. Məktəb binası 5 sinif, 1 müəllimlər və digər yardımçı otaqlardan ibarət olacaq. Bina dayanıqlı su, istilik və elektrik enerjisi ilə təmin olunub. Təhsil ocağının binasının yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, modul tipli məktəblərin əsas üstünlüyü onların azməsrəfli olması, qısa vaxt ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması və sinif otaqlarının sayının şagird kontingentinə uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.
Qax rayonunun Amanlı və Aşağı Malax kəndlərində isə qəzalı vəziyyətdə olan ibtidai və ümumi orta məktəblər üçün quraşdırılan 20 və 40 şagird yerlik modul tipli məktəb binalarında tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda hər iki binada son tamamlama işləri görülür.
Qax Rayon Təhsil Şöbəsindən verilən məlumata əsasən indiyədək rayonun Çinarlı, Qapıçay, Qaradolaq, Qarabaldır, Əmircan və Fıstıqlı kəndlərində də modul tipli məktəb binaları quraşdırılaraq şagirdlərin istifadəsinə verilib.
Ümumiyyətlə, son illər Qax rayonunda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində davamlı işlər görülür. Belə ki, rayonda 23 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 məktəb binası əsaslı təmir olunub, 8 kənd məktəbi üçün modul tipli bina quraşdırılıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına Neftçalada Yenikənd kənd ibtidai məktəb üçün 20 şagird yerlik modul tipli binanın quraşdırılması da artıq başa çatmaq üzrədir.Məktəb binası 4 sinif, müəllimlər, direktor otaqlarından və digər yardımçı otaqlardan ibarət olacaq. Bina dayanıqlı su, istilik və elektrik enerjisi ilə təmin olunub. Məktəb yeni inventar və texniki vasitələrlə təchiz olunacaq. Təhsil ocağının binasının yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev avqustun 8-də “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sözügedən Sərəncama əsasən, respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000,0 (altı yüz otuz milyon yüz qırx doqquz min) manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 7 milyon manat Təhsil Nazirliyinə ayrılıb.
Yeri gəlmişkən, sözügedən Sərəncama əsasən respublika ərazisində quraşdırılması nəzərdə tutulan 26 modul tipli məktəbdən üçü Quba rayonun ərazisinə düşür. Belə ki, Quba rayonunun Kardaş kəndində 40, Ördüc kəndində 20 şagird yerlik modul tipli ibtidai, Muçu kəndində isə 80 şagird yerlik modul tipli ümumi orta məktəb quraşdırılacaq.
Ümumiyyətlə, regionlarda təhsil infrastruktunun yenilənməsi işləri davamlı xarakter daşıyır. Məsələn, Siyəzən şəhərində 960 şagird yerlik dördmərtəbəli məktəb binasının inşasına başlanılıb. Mikayıl Müşfiq adına Siyəzən şəhər 2 saylı tam orta məktəb üçün inşa olunan yeni bina bu ilin sonunadək istifadəyə veriləcək.
Bu barədə verilən məlumatda deyilir ki, dördmərtəbəli tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Hazırda yeni məktəb binasının təməlinin inşası işləri yekunlaşmaq üzrədir.
Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev KİV-ə açıqlamasında bildirib ki, orta məktəbin köhnə binası 64 il öncə istifadəyə verilib. Bina istismar müddətini başa vurduğundan yenisi ilə əvəz olunmasına ehtiyac yaranmışdı. Əsaslı təmirdən sonra üçmərtəbəli məktəb binası tamamilə yenidən qurularaq müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini davam etdirəcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.
Beləliklə, vurğulandığı kimi, təhsilin keyfiyyətinin artırılması və savadlı gələcəyin təmin olunması üçün respublikamızda yeni məktəb binalarının tikintisi işi sürətlə aparılır, ucqar kəndlərdə yeni təhsil ocaqları inşa olunur, qəzalı məktəblər isə əsaslı təmir edilir. Ölkəmizin bütün bölgələrini əhatə edən bu proses Lənkəranda da uğurla aparılır. 2003-cü ildən bəri Lənkəranda, ümumilikdə, 50-dək məktəb üçün yeni binalar tikilib, təmir-bərpa işləri aparılıb. Hazırda rayonda 4 yeni məktəb binasının tikintisi və 2 məktəb binasının əsaslı təmir-bərpa işləri davam etdirilir. Bu il istifadəyə veriləcək məktəblərdən üçü rayon mərkəzinə yaxın olsa da, biri ucqar dağ kəndində yerləşir.
Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov bildirib ki, dünyada hazırkı pandemiya dövründə, inkişaf etmiş ölkələrin problemlər içərisində çabaladığı şəraitdə Azərbaycanda bütün dövlət proqramları uğurla həyata keçirilir. Məktəblərin, təhsil müəssisələrinin təmiri və tikintisi də onlardan biridir. Lənkəranda bu cəhətdən diqqətəlayiq işlər görülür. Belə ki, 2019-2020-ci tədris ilindən Lənkəranda 4 məktəb binasının tikintisinə başlanılıb. Bir modul tipli məktəb binasının tikintisi başa çatdırılıb. Bütün bu işlər Lənkəran təhsilinə böyük diqqətin göstəricisidir. Yeni məktəblərin inşası on minlərlə şagirdin təhsil şəraitinin yaxşılaşdırması deməkdir.
Rayonun dağlıq kəndində yerləşən 264 şagird yerlik Gəgiran kənd orta məktəb binasının tikintisinə ötən ilin iyul ayından başlanılıb. 1972-ci ildə tikilmiş köhnə bina sökülüb və yerində 3 mərtəbədən ibarət bina inşa olunub. Hazırda rayonda 632 şagird yerlik Haftoni, 420 şagird yerlik Nərimanabad qəsəbə və 360 şagird yerlik Viravul kənd 2 nömrəli tam orta məktəbləri üçün tikilən binalarda son tamamlama işləri görülür. Rayonda qəzalı vəziyyətdə olan məktəblərin yerində müasir standartlara cavab verən təhsil ocaqlarının inşası valideynlərin böyük sevincinə səbəb olub.
Bu günlərdə 1076 şagird yerlik şəhər 7 nömrəli və 640 şagird yerlik Zövlə kənd tam orta məktəblərində də əsaslı təmir-bərpa işlərinə start veriləcək. Hazırda binalarda söküntü işləri aparılır. Ucqar kəndlərdə isə modul tipli məktəb binaları quraşdırılır. Binaların yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyinin sifarişi ilə Sabirabadın Türkədi kənd tam orta məktəbi üçün yeni ikimərtəbəli bina inşa olunur. Tikintisinə bu ilin iyul ayında başlanılan binanın artıq bünövrəsi qoyulub, birinci mərtəbənin hörgü işləri başa çatıb. Hazırda ikinci mərtəbənin hörgüsü aparılır, birinci mərtəbədə isə suvaq işləri görülür.
İnşa olunan 264 şagird yerlik təhsil ocağında 11 sinif otağı olacaq. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərəcək. Məktəb yeni inventar, əyani və texniki vasitələrlə təmin olunacaq. Məktəbin tikintisinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 690 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30