Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması azərbaycançılıq ideologiyasının təməl prinsiplərindəndir

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması azərbaycançılıq ideologiyasının təməl prinsiplərindəndir

21.08.2020 [08:58]

Azərbaycan dövləti ölkə gəncliyinin ənənəvi dəyərlər əsasında tərbiyə almasına, Vətənə bağlı olmasına, milli maraqları hər şeydən üstün tutmasına, öz tarixini, ədəbiyyatını və ana dilini mükəmməl bilməsinə xüsusi diqqət göstərir
(əvvəli ötən sayımızda)

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı onu da bildirib ki, azərbaycançılıq məfkurəsinin digər əsas istiqaməti milli-mənəvi dəyərlərin üstün tutulması, onların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsidir: “Qloballaşan dünyada Azərbaycan xalqı müasir çağırışlarla ayaqlaşmaqla yanaşı, milli-mənəvi dəyərləri unutmur, onları hər zaman üstün tutur. Dünya azərbaycanlılarının həmrəyliyi azərbaycançılıq fəlsəfəsində xüsusi yer tutur. Ümumiyyətlə, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan sevgisi ilə yaşamalı, dövlətin mənafelərini qorumalı, azərbaycançılıq ideologiyasının prinsiplərini üstün tutmalıdır.
Onun sözlərinə görə, ölkəmizdə bu istiqamətdə həyata keçirilən istənilən tədbir gənclərin aktiv iştirakı ilə müşayiət edilir. “İrəli” İctimai Birliyi tərəfindən həyata keçirilən “Marş İrəli” layihəsi isə bu xüsusda yaxşı misal ola bilər: “Həyata keçirilən çoxsaylı layihələrin, o cümlədən “Marş İrəli” layihəsinin mahiyyətində məhz gənclərin dövlətçiliyə bağlı, vətənpərvər ruhda yetişməsinə, milli maraqların müdafiəsində fəal şəkildə iştirak etməsinə çağırış var. Belə ki, “İrəli” son illər reallaşdırdığı “Mənim Gənclər Təşkilatım”, “Şəxsi İnkişaf Akademiyası”, “Nəzər Nöqtəsi”, “Region Gənclərinin əməkdaşlıq forumu”, “Gənclərin Simulyasiya Akademiyası”, “Münaqişə tərəfi Azərbaycan”, “Gənc Əkinçi” Akademiyası, “Gənclər Kuboku”, “Azərbaycan İntellektual Birİncisi”, “Support of Azerbaijan Youth”, “Münaqişə tərəfi Azərbaycan-Həqiqətlər və Reallıqlar”, “Milli Təcrübə Forumu”, “Virtual Məkanda Azərbaycan” adlı layihələrlə daim milli ideologiyamızın zənginləşməsinə öz töhfəsini verir”.
Milli ideologiya əsasında tərbiyə almış Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhuna malikdir
“Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir”, - deyən Şahin Rəhmanlı söyləyib ki, Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər, ölkəmizin daha da inkişafı və güclənməsi üçün səylə çalışır, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
“İrəli” İctimai Birliyinin sədri əlavə edib ki, Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır: “Yüksək vətənpərvərlik ruhuna malik olan gənclərimiz öz məsuliyyətini və vəzifələrini layiqincə bilir, ərazi bütövlüyümüzün qorunmasında da fəal iştirak edirlər. İstər 2016-cı ilin aprelində cəbhənin Füzuli və Tərtər rayonları, istərsə də 2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Azərbaycan gəncliyi bir daha Vətənin müdafiəsinə, düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə hər an hazır olduğunu sübut etdi. Cəbhədə döyüşlər gedən zaman gənclərimiz ordumuza və əsgərlərimizə dəstək nümayiş etdirdilər. Prezident İlham Əliyevin çağırışına uyğun olaraq qısa zamanda on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi gənclərimizin dövlətə, Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna yüksək dəstəyinin bariz nümunəsidir”.
Azərbaycançılıq bütöv bir xalqın tarixi təcrübəsini və dəyərlər sistemini müasir dünyanın reallıqlarına uyğunlaşdıran mükəmməl dövlətçilik konsepsiyasıdır
“Müasir Azərbaycan dövlətinin müstəqilliyinin təməl sütunlarından biri təkmil, mövcud reallıqlara cavab verən, tarixi varisliyi və yeni dünyanın çağırışlarını özündə əks etdirən milli ideologiyaya sahib olmasındadır. Azərbaycançılıq ideologiyasının ən böyük üstünlüyü cəmiyyətin bütün sosial təbəqələrinin maraqlarını, eyni zamanda, müxtəlif siyasi baxışları vahid amal ətrafında birləşdirə bilməsindədir”. Bu fikirləri isə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
Millət vəkilinin sözlərinə görə, azərbaycançılıq ideologiyası milli dövlətçilik ənənələrini əks etdirməklə yanaşı, onu müasir siyasi reallıqlara uyğunlaşdıraraq, bütün azərbaycanlıların mənafelərini ifadə edə bilən milli maraqlar anlayışını ön plana çıxarır. Bu maraqlar sadə vətəndaşın sabit, təhlükəsiz və inkişaf edən bir cəmiyyətdə yaşamaq hüququnu təmin edir və məhz buna görə də bütün sosial təbəqələrin mənafelərinin ifadəçisi kimi qavranılır: “Azərbaycançılıq bütöv bir xalqın tarixi təcrübəsini, dəyərlər sistemini müasir dünyanın reallıqlarına uyğunlaşdıran mükəmməl dövlətçilik konsepsiyasıdır. Ümummilli Liderimiz Heydər Əliyevin böyüklüyü də məhz belə bir ideoloji sistemi yarada bilməsindədir. Daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətinin miqyası Onun keçid dövrünü yaşayan bir ölkədə ictimai-siyasi sabitlik, iqtisadi inkişaf üçün zəmin yaradan dövlət modelini qurmasından daha böyükdür. Heydər Əliyev məhz qeyri-müəyyənliklərlə zəngin keçid dövründə ən çətin situasiyalarda belə dayanıqlı özünüqoruma sisteminə malik milli dövlətin ideoloji dəyərlər sistemini yaratmağa müvəffəq olan nadir tarixi şəxsiyyətlərdəndir. Yüzillər bundan sonra belə yaşamağa qadir olan bu ideoloji sistem Azərbaycan xalqının əsrləri əhatə edən arzularının ifadəçisinə çevrilə bilib”.
Azərbaycan gəncinin üzərinə düşən başlıca vəzifə müstəqil dövlətin layiqli vətəndaşı olmaq və ölkənin ümumi inkişafına töhfə verməkdir
Ramin Məmmədov onu da vurğulayıb ki, azərbaycançılıq ideologiyasının cəlbediciliyini şərtləndirən əsas amillərdən biri tarixlə müasirliyin vəhdətini ifadə edən məfkurə kimi qavranılmasındadır. Bu mənada, azərbaycançılıq müstəqil Azərbaycanda doğulmuş yeni nəslin üzərinə böyük vəzifələr qoyur. Azərbaycan gəncinin bu gün üzərinə düşən vəzifə müstəqil dövlətin layiqli vətəndaşı olmaq, onu dünyada daha yaxşı təmsil etmək, ölkənin ümumi inkişafına töhfə vermək üçün çalışmaqdır: “Xatırlatmaq yerinə düşər ki, məhz Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə hələ Sovet dövründə yüzlərlə azərbaycanlı gənc keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə etmişdi. Onların bir çoxu sonralar müstəqilliyin ilk illərində Azərbaycanda yüksək vəzifələrdə çalışaraq, milli dövlət quruculuğu prosesinin iştirakçısı olmuşdular. Prezident İlham Əliyev isə xaricdə təhsillə bağlı dövlət proqramları çərçivəsində azərbaycanlı gənclərə dünyanın ən mötəbər universitetlərində təhsil almaq şansı yaratmışdır. Bu gənclər indi müxtəlif dövlət vəzifələrində, fərqli peşələrdə ölkənin inkişafına töhfə verirlər. Bu iki fakt, əslində, azərbaycançılıq ideologiyasının müasir dövrün çağırışlarına reaksiyasına nümunələr kimi qiymətləndiril bilər”.
Deputat bildirib ki, gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı, dövlət idarəçiliyində təmsil olunması nəticə etibarilə Azərbaycanda nəsillərarası harmoniyanın, ənənə və varislik prinsiplərinin dövlət siyasətinin əsas istiqaməti olduğunu sübut edir. Bu siyasətinin əsasında isə məhz azərbaycançılıq ideologiyası dayanır. Bu baxımdan, azərbaycançılıq ideologiyasının indi daha çox milli dövlətçilik konsepsiyasının təməl məfkurə sistemi kimi qiymətləndirilməsi daha doğrudur: “Azərbaycan dövləti indi keyfiyyətcə yeni inkişaf mərhələsindədir. Güclü orduya, dayanıqlı iqtisadiyyata, beynəlxalq münasibətlər sistemində mühüm yerə sahib olan Azərbaycan Respublikasının gələcək inkişafının əsas məsuliyyəti müstəqil Azərbaycan vətəndaşları kimi doğulmuş gənclərin üzərinə düşür. Məhz onlar əldə olunmuş tarixi nailiyyətləri inkişaf etdirərək ölkənin yeni bir mərhələyə çıxarılmasında iştirakçı olmaq imkanı əldə edəcəklər. Dövlət başçısının bu gün həyata keçirdiyi gənclər siyasətinin müxtəlif aspektlərdən təhlili göstərir ki, Azərbaycanda gənclərin dövlət idarəçilik sistemində son dərəcə mühüm rolları ifa etməsi üçün kifayət qədər geniş imkanlar mövcuddur. Bu imkanları layiqincə dəyərləndirməyin yolu isə daha yaxşı təhsil almaq, milli maraqların həqiqi müdafiəçisi kimi özünü təsdiq etmək, dünyada gedən proseslərin səbəb və nəticə əlaqələrini analiz etmək üçün daha dərindən düşünməkdən keçir”.
İndi müxtəlif siyasi dairələrin ən müxtəlif üsul və vasitələrdən istifadə edərək Azərbaycan gənclərinin şüuruna, düşüncəsinə, dünyagörüşünə təsir etmək üçün yollar axtardığını deyən R.Məmmədov bildirib ki, bu, təbii ki, təkcə Azərbaycana münasibətdə deyil, bir çox ölkələrə qarşı yürüdülən ənənəvi siyasətin elementləridir. Məhz buna görə də gənclər üçün azərbaycançılıq ideologiyasının ideya-siyasi mahiyyətini, onu doğuran tarixi reallıqları, bu ideologiyanın qarşısında duran milli hədəfləri öyrənmək, mənimsəmək və ən vacibi öz fəaliyyətində tətbiq etmək olduqca böyük siyasi əhəmiyyətə malikdir. “Dövlət müstəqilliyini qorumaq, layiqli vətəndaş yetişdirmək və onun bütün mənafelərin mümkün qədər müdafiə etmək, ölkəni dünyada nüfuzlu, güclü dövlət kimi tanıtmaq, möhkəm iqtisadiyyat, qüdrətli orduya sahib dövlət modeli qurmaq azərbaycançılıq ideologiyasının təməl prinsipləri sırasında yer alır. Bütün bunlar, əlbəttə ki, hər bir Azərbaycan gəncini düşündürən ən müqəddəs vəzifələrdir. Azərbaycançılıq ideologiyasını gənclər üçün cəlbedici edən də məhz müqəddəs idealları ifadə etməsindədir”, - deyə R.Məmmədov söyləyib.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 687 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30