Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Xalqımız azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib

Xalqımız azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib

22.09.2020 [08:29]

Azərbaycançılıq ideologiyası etnik-dini tolerantlığın və milli həmrəyliyin başlıca təminatçısı kimi çıxış edir
Məlum olduğu kimi hər bir xalqın vahid məram və məqsədlər ətrafında birləşərək inkişaf yolunu düzgün müəyyənləşdirməsi ilk növbədə milli ideologiya ilə sıx şəkildə bağlıdır. Yəni milli ideologiya qlobal səciyyə daşımaqla hər bir xalqın tarixi inkişaf yolundan xəbər verən bələdçidir, o, cəmiyyətin inkişafının ümumi məqsəd və strategiyasına xidmət etməklə yanaşı, hərtərəfli tərəqqinin vacib amilidir.
Digər tərəfdən, hər bir insan üçün “Vətən” anlayışı onun daxili “mən”i ilə tamamlanan, düşüncə və hisslərini, dünyagörüşünü, ictimai münasibətlər sistemində fərdi davranışını istiqamətləndirən başlıca amil kimi qiymətləndirilir. Bu reallıq getdikcə daha aydın dərk edilir ki, milli kimliyini dərk etməyən, ümummilli özünü dərk hissindən uzaq düşən şəxs heç vaxt kamil insan və vətəndaş kimi formalaşa bilməz. Bütün bu gerçəkliklər fonunda əminliklə demək olar ki, dünya azərbaycanlılarının həmrəyliyi, vahid amal, tarixi Vətən ətrafında birliyi də Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı, xalqımızın siyasi-iqtisadi və mədəni tərəqqisi baxımından son dərəcə vacib amildir. Bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, Azərbaycan Respublikasını özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amal və ideologiya ətrafında birləşməsi, həmrəylik nümayiş etdirməsi dövrün tələbi, zamanın çağırışıdır. Bunun üçün isə, ilk növbədə, dünyanın müxtəlif ölkələrində, tarixi Vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında həmrəyliyin, strateji məqsəd birliyinin yaradılması və möhkəmləndirilməsi son dərəcə zəruridir.
Məlum olduğu kimi, XX əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrildikdən sonra xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında keyfiyyətcə yeni tarixi mərhələ başlanmışdır. Zaman-zaman milli müstəqilliyindən zorla məhrum edilmiş Azərbaycan xalqı məhz XX əsrin sonlarında yenidən taleyinin sahibi olmuş, eyni zamanda tarixin keşməkeşli gedişatı nəticəsində illərdən bəri parçalanmış, bütün dünyaya səpələnmiş azərbaycanlıların milli dəyərlərə əsaslanaraq birləşməsinə imkan yaranmışdır.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, hələ ötən əsrin 70-80-ci illərində vətənpərvər və milli ruhlu bir liderin - Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə irəli çəkilməsi hər bir azərbaycanlıda milli özünüdərk hisslərini, soy-kökə bağlılığı gücləndirmişdir. Ümummilli Lider Heydər Əliyev məhz həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, milli kadr potensialının formalaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə milli ruhlu yazıçı və şairlərin repressiyalardan qorunması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli ənənələrin, dini dəyərlərin qorunub saxlanılması, milli bayramların qeyd edilməsi və s. əslində, azərbaycançılıq ideologiyasının ictimai şüurda möhkəmlənməsinə zəmin yaratmışdır.
Qeyd edək ki, SSRİ dağıldıqdan və Azərbaycan müstəqillik əldə etdikdən sonrakı ilk illərdə müxtəlif səbəblərdən, əsasən də sosial-iqtisadi, siyasi və mənəvi böhran üzündən respublikadan xarici ölkələrə gedənlər olmuşdur. Bununla əlaqədar diaspor quruculuğu Azərbaycanda müstəqilliyin ilk illərindən aktuallıq kəsb etməyə başlasa da, bu taleyüklü vəzifənin yerinə yetirilməsinə dövlətin xüsusi diqqət göstərməsi məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Çətin bir şəraitdə respublikanı böhranlı vəziyyətdən qurtaran, müdrik qərarları ilə vətəndaş qarşıdurmasının qarşısını alan, ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin edən Ulu Öndər ilk gündən diaspor quruculuğunu da ciddi vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” tarixi qərarında 31 dekabr tarixinin respublikada bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırmışdı. Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra isə müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etmiş və xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılmağa başlanmışdır.
Dünya azərbaycanlılarının konkret milli ideya ətrafında sıx birləşdirilməsi ideyasını irəli sürən Ulu Öndər Heydər Əliyev 1993-2003-cü illərdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə çalışmışdır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda tarixi bir toplantı - Dünya Azərbaycanlılarının I qurultayı keçirilmişdir. Ümummilli Lider Heydər Əliyevin I qurultaydakı dərin məzmunlu nitqində söylədiyi “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri sayı 50 milyonu ötmüş dünya azərbaycanlıları üçün milli qürur simvoluna çevrilmişdir. Tarixdən məlumdur ki, mütərəqqi ideyalar olmadan insanları konkret məqsədlər ətrafında səfərbər etmək, birləşdirmək mümkün deyil. Ümummilli Lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş və praktikada tətbiq etmişdir.
Bu, bir həqiqətdir ki, Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən hər hansı ideya təkcə milliyyətcə azərbaycanlıların deyil, bütün etnosların maraqlarını özündə tam ehtiva edir. Yəni, dövlətin irəli sürdüyü hər hansı ideya və fikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə baxmayaraq, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir həmvətənimizin bu torpaq üçün sahiblik və məsuliyyət hissi yaşaması milli həmrəyliyin bariz təzahürüdür. Məhz deyilənlərin fonunda azərbaycançılıq ideologiyası bu gün, ilk növbədə, etnik-dini tolerantlığın və milli həmrəyliyin başlıca təminatçısı kimi çıxış edir. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir.
Xalqımızın əvəzsiz sərvəti olan və böyük qurbanlar hesabına əldə edilmiş dövlət müstəqilliyinin əzmlə qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin dönmədən həyata keçirilməsi, vətəndaşların təhlükəsizliyinin, rifahının təmini sahələrində qazanılan uğurlar Azərbaycanın sürətli dirçəliş dövrünə qədəm qoymasına səbəb olmuşdur. Bu gün əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü mütərəqqi həmrəylik ideyaları ötən müddətdə ictimai şüurda daha da möhkəmlənmiş, yeni dövrün tələblərinə uyğun zənginləşdirilmiş, vətəndaş sülhü üçün möhkəm təmələ çevrilmişdir.
Məlumdur ki, ötən 17 ildə milli maraqlara əsaslanan siyasət yürüdən, uğurlu diplomatiya ilə respublikamızın beynəlxalq mövqelərini gücləndirən Prezident İlham Əliyev diaspor və lobbi quruculuğu yönümündə sistemli iş aparır. Dövlət başçısı ölkədəki sosial-iqtisadi inkişafın tempinə uyğun olaraq diaspor quruculuğu sahəsində dövrün tələbləri ilə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini son dərəcə vacib sayır. Bu istiqamətdə aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır. Bu baxımdan, dövlət başçısının Sərəncamı əsasında 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsini xüsusi vurğulamaq lazımdır. Dünya Azərbaycanlılarının 2011-ci il iyunun 4-də keçirilmiş III qurultayı isə göstərmişdir ki, Azərbaycanın inamla irəliləyərək iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətin xoşbəxt sabahına inamını artırmışdır. Çünki Azərbaycan Respublikasının hər bir uğuru, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin qəlblərində böyük qürur və iftixar hissi doğurur. Müstəqil Azərbaycan Respublikası dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımızın doğma vətənidir və öz övladlıq borclarını layiqincə yerinə yetirə bilmələri üçün onlara lazımi imkanların yaradılmasına səy göstərir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 626 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30