/ / Milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib
Milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib
31.12.2020 [10:00]
Ölkəmiz beynəlxalq platformalarda yüksək fəallıq göstərərək regional və qlobal əməkdaşlığın inkişafına mühüm töhfələr verir
(əvvəli ötən sayımızda)
Humanitar-mədəni sahə Türk Şurasında bir araya gələn dövlətləri birləşdirən yeganə istiqamət deyil. Qurumda təmsil olunan ölkələr, həmçinin iqtisadi sferada da fəal əməkdaşlıq edirlər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis edildikdən sonra iqtisadi əməkdaşlıq çərçivəsində müvafiq qurumların yüksəksəviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum təşkil olunub. Bu görüşlərdə və biznes forumlarda quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub.
Qlobal pandemiya şəraitində fövqəladə Zirvə görüşünün keçirilməsi Türk Şurasına üzv ölkələrin həmrəyliyinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündəki çıxışında qlobal pandemiya şəraitində Türk Şurasına üzv dövlətlərin səylərini yüksək dəyərləndirərək vurğulayıb ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirir.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutan Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsidir. Əlamətdar haldır ki, mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq qurumlarla əməkdaşlığa hazırdır.
Ölkəmiz 2020-ci ildə Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini müvəffəqiyyətlə həyata keçirib
Azərbaycanın uğurla təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır. Məlum olduğu kimi, 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə Görüşü keçirilib. Zirvə görüşündə qəbul olunmuş Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapıb. Bəhs olunan Zirvə görüşündə üzv dövlətlərin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib. Zirvə görüşündə söylədiyi nitqində Prezident İlham Əliyev Qoşulmama Hərəkatında sədrlik dövrü üçün ölkəmizin əsas prioritetlərini açıqlayıb. Məlum olduğu kimi, Hərəkatın fəaliyyəti “Bandunq prinsipləri”nə əsaslanır. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracağını qeyd edib. Vurğulamaq yerinə düşər ki, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Fikirlərinə davam edən Prezident İlham Əliyev vurğulayıb ki, biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir. İndiki dövrdə mötəbər beynəlxalq təşkilatların koordinasiya olunmuş fəaliyyətinin təmin olunması, əməkdaşlıq coğrafiyasının genişləndirilməsi kimi çağırışların aktuallığı artıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə fəaliyyətinin digər prioritetləri məhz bu kimi mühüm qlobal çağırışlarla bağlıdır.
Azərbaycan Qoşulmama Hərəkatının sədri statusunda qlobal həmrəyliyin gücləndirilməsinə hesablanan bir sıra təşəbbüslərlə çıxış edib. O cümlədən Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında 2020-ci il mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib. Qeyd edək ki, Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunublar. Yeri gəlmişkən, onu da vurğulayaq ki, Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Məhz Azərbaycan daim bir-biri ilə əks-qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq oldu. Zirvə görüşündə biz əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq.
Zirvə görüşünə BMT-nin Baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciət ünvanlaması, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun Liderinin beynəlxalq arenada yüksək nüfuz qazandığını əyani şəkildə təsdiqləyir. Təsadüfi deyildir ki, BMT-nin Baş katibi videomüraciəti zamanı qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirib. Eyni zamanda, o, belə bir təşəbbüs irəli sürdüyünə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirərək BMT-nin dövlətimizin başçısının səylərini dəstəklədiyini xüsusilə vurğulayıb.
Bütövlükdə, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multikulturalizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Qəbul olunmuş yekun bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezident İlham Əliyevə xüsusi təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir. Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair verdiyi vədlərinə qətiyyətlə əməl edir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü, həmçinin göstərir ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir.
Azərbaycanın BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü 150 dövlət tərəfindən dəstəklənib
Cari il dekabrın 3-4-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirilib. Beynəlxalq səviyyəli bu tədbirin keçirilməsinin təşəbbüsü də Azərbaycan Prezidenti İlham Əliyevdən gəlib. Dövlət başçımız bəhs olunan təşəbbüsü Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşündə irəli sürüb. Respublikamızın bu təşəbbüsü Qoşulmama Hərəkatının bütün 120 üzvü tərəfindən dəstəklənib. Ümumilikdə, BMT-nin 150-dən artıq üzv dövləti həmin təşəbbüsə öz dəstəyini ifadə edib. Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində yüksək dəstək verilməsi respublikamızın beynəlxalq nüfuzunun getdikcə artmasını bir daha təsdiqləyir. Belə genişmiqyaslı tədbirin keçirilməsi Azərbaycana və onun Liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir. Xüsusi sessiyada çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var. İndiki həssas məqamda BMT Baş Assambleyasının xüsusi sessiyasından gözləntilərin böyük olduğuna diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “İnanıram ki, xüsusi sessiya pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verəcək və bizi ümumi hədəflər ətrafında daha da sıx birləşdirəcəkdir”.
Qeyd edək ki, BMT-nin Nizamnaməsinə əsasən qurumun Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Əlamətdar haldır ki, Azərbaycanın təklifi ilə Xüsusi sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında baş tutub. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atıb.
Xoş niyyətə əsaslanan bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan olmuşdur. Bütün dünya COVID-19-a qarşı mübarizədə beynəlxalq həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü bir daha rüsvay edib. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi olub. Ermənistan son anadək bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışsa da, beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşib və onun bu cəhdləri rədd edilib.
Azərbaycan yalnız xoş mərama əsaslanan təşəbbüsləri ilə deyil, həmçinin atdığı praktiki addımları ilə də qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir. Xatırlatmaq yerinə düşər ki, respublikamız koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə yardımı ayırıb, eyni zamanda, 30-dan çox dövlətə dəstək göstərib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15

