Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid amal uğrunda birləşdirib
09.01.2021 [09:13]
Respublikamızda müxtəlif etnik-dini icmaların nümayəndələri milli mədəniyyətlərini yaşatdıqları kimi, ümumi Azərbaycan dəyərlərinin və mədəniyyətinin zənginləşməsinə, ölkəmizin ümumi inkişafına da öz töhfələrini verirlər
Hər bir dövlətin gücü, qüdrəti müxtəlif amillərlə şərtlənir ki, burada ideoloji əsaslar müstəsna əhəmiyyət daşıyır. Ümumiyyətlə, hər bir dövlət iqtisadi, siyasi, hərbi və digər parametrlər baxımından müəyyən potensiala malikdir. Ancaq həmin dövlətin ideoloji əsasları yoxdursa və yaxud möhkəm təməllərə söykənmirsə, bu zaman ardıcıl inkişafdan, mövcud potensialın real gücə çevrilməsindən danışmaq da mümkün deyil. İdeoloji əsaslar ölkələrin cəmiyyətlərini birləşdirən, həlledici məqamlarda onları səfərbər edən, strateji məqsədlər uğrunda milli gücü artıran fundamental və əvəzolunmaz amil qismində çıxış edir. Şübhəsiz ki, dövlətlərin strukturu, cəmiyyətlərin spesifik xüsusiyyətləri, mental dəyərlər fərqli olduğu kimi, onların ideoloji əsasları da bir-birləri ilə eynilik təşkil etmir. Fərqli ölkələrdə qarşıya qoyulan yaxın və uzaq məqsədlərdən asılı olaraq ideoloji əsaslar da fərqli məzmunda formalaşdırılır və burada liderlərin rolunu da ayrıca qeyd edə bilərik.
Ölkəmizin milli gücünü artıran azərbaycançılıq ideologiyasının əsasını Ulu Öndər Heydər Əliyev qoyub
Azərbaycanın inkişaf tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var. O, iki fərqli ideoloji dönəmdə - keçmiş Sovet hakimiyyəti illərində və müstəqilliyimizin ilk dövründə Azərbaycana rəhbərlik edib. İlk dəfə 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev qısa müddətdə respublikamızı sənaye inkişafına yönəltdi. Onun səyləri ilə ötən əsrin 70-80-ci illərində milli iqtisadiyyatımızın möhkəm təməlləri yaradıldı.Tərkibində 15 müttəfiq respublikanı birləşdirən keçmiş Sovet İttifaqı qapalı bir ölkə idi və burada hər hansı bir rəhbərin milli təəssübkeşlik nümayiş etdirməsi yolverilməz sayılırdı. Lakin qəlbində xalqına sonsuz məhəbbət bəsləyən Ulu Öndər hətta həmin məhdudiyyətlər şəraitində də belə tarixdən gələn ənənələrimizin yaşadılmasına, mədəniyyətimizin inkişafına, dilimizin qorunmasına və zənginləşməsinə böyük diqqət yetirirdi. Tam qətiyyətlə deyə bilərik ki, müdrik siyasətçi olan Heydər Əliyev hələ keçmiş sovet dönəmində respublikamızda beynəlmiləlçiliklə milliliyin unikal bir vəhdətini yaratmağa nail olmuşdu. Ulu Öndər Özünəxas olan müdrikliklə həm respublikamızda yaşayan müxtəlif xalqların mədəniyyətlərinin inkişafına, həm də aborogen sakinlərin – azərbaycanlıların milli dirçəlişinə münbit zəmin yaradan qərarlar qəbul edirdi. Respublikamızda tez-tez keçirilən festivallar, mədəniyyət ongünlükləri, folklor bayramları, ədəbiyyatımızın, mədəniyyətimizin görkəmli nümayəndələrinin yubileyləri milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşında sevinc və qürur hissi yaradırdı. Belə tədbirlərlə mənəvi cəhətdən zənginləşən və bir-birlərinə daha möhkəm tellərlə bağlanan insanlar – müxtəlif xalqların nümayəndələri daha böyük coşqu ilə quruculuq işlərində iştirak edirdilər. Respublikamızda cəmiyyətin bütün təbəqələrini, müxtəlif etnik mənsubiyyətə malik insanları vahid amal uğrunda birliyə sövq edən siyasətin əsasları məhz o illərdə Ulu Öndərin atdığı belə məqsədyönlü addımlarla qoyuldu. Milli kimliyi ilə qürur duyan Ulu Öndər ona nail olmaq istəyirdi ki, hər cəhətdən respublikamızı gücləndirsin və bütün vətəndaşlar güclü Azərbaycanla fəxr etsinlər. Uzaqgörən siyasətçi Heydər Əliyev keçmiş sovet dönəmində güclü sənaye qurmaqla, kənd təsərrüfatını yeni yanaşmalarla inkişaf etdirməklə, mədəniyyətimizi dünya arenasına çıxartmaqla, gəncləri təhsilə istiqamətləndirməklə buna nail olmuşdu.
Ulu Öndər 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəlməklə xilaskarlıq missiyası yerinə yetirdi. 1992-ci ilin yazında qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-"Müsavat" iqtidarı ölkəni uçurumun kənarına gətirib çıxarmışdı. Heydər Əliyev belə çətin dönəmdə xalqın istəyini nəzərə alaraq respublikamızın rəhbərliyinə gəlməyə razılıq verdi. Ulu Öndərin aldığı müdrik qərarlar tezliklə respublikadakı hərc-mərcliyə son qoydu və ölkə vətəndaş qarşıdurmasından inkişafa istiqamətləndi.
Müstəqilliyimizin əldən getməsinə imkan verməyən Ulu Öndər Heydər Əliyevin apardığı siyasətin uğurlarını şərtləndirən əsas amillərdən biri isə Onun ölkənin bütün vətəndaşlarını vahid amal uğrunda birləşdirməyə nail olması idi. Uzaqgörən siyasətçi Heydər Əliyev açıq şəkildə bəyan etdi ki, gənc, müstəqil dövlətimiz məhz azərbaycançılıq ideologiyası əsasında öz xoşbəxt gələcəyini quracaq, möhkəmlənəcək və inkişaf edəcək.
Son 17 ildə Azərbaycanın daxili və xarici siyasətinin prioritetləri milli dəyərlər və milli maraqlar üzərində formalaşıb
Son 17 ildə respublikamızda Ulu Öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dövlətimizin əsas təməl prinsipi kimi qorunub saxlanılıb və daha da zənginləşdirilib. Məlum olduğu kimi, hazırda bütün dünyada qloballaşma meyilləri hədsiz dərəcədə güclənib və xalqların milli xüsusiyyətlərinin, mədəniyyətlərinin və dillərinin əriyib itməsi təhlükəsi yaranıb. Hazırkı şəraitdə qloballaşmanın, inteqrasiya meyillərinin artmasının meydana çıxartdığı əsas çağırışlardan biri məhz dünyanı yeknəsəkliyə aparan yolun qarşısını kəsməkdən, rəngarəngliyi, milli çalarları qoruyub daha da zənginləşdirməkdən və bu zənginlikdən ümumi mənafe naminə istifadə etməkdən ibarətdir. Bu mənada, Azərbaycan dövlətinin nümunəsi təqdirəlayiqdir. Qloballaşma şəraitində ölkəmizi fərqləndirən və respublikamızı daha güclü edən amillərdən söhbət açarkən, ilk növbədə, onu vurğulamaq lazımdır ki, Azərbaycan tarixdən gələn milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinə böyük önəm verən dövlətdir. Dünya birliyinin suveren aktoru olan respublikamızın ideoloji əsasları, daxili və xarici siyasətinin prioritetləri məhz milli dəyərlər və milli maraqlar üzərində formalaşıb.
Son 17 ildə ölkəmizdə milli-mənəvi dəyərlərimizə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilib. Dövlət başçısı son 17 ildə qloballaşma şəraitində milli dilimizin inkişafına və yad təsirlərdən qorunmasına, Azərbaycan ədəbiyyatının latın qrafikası ilə nəşrinə, zəngin mədəniyyətimizin təbliğinə, tariximizin araşdırılmasına dair çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıb. Ölkəmizdə bütün milli və dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Son illərdə ölkəmizdə muğam sənətinin inkişafına dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsi milli-mənəvi dəyərlərimizə verilən önəmin növbəti təzahürüdür. Respublikamızda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeçiliyində Milli Dəyərlərin Təbliği Fondunun yaradılması bu sahəyə dövlət dəstəyinin növbəti ifadəsidir. İslam dəyərləri xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsini təşkil edir. Bəşəriyyəti saflığa, vəhdətə səsləyən İslam dininin çağırışları xalqımızın həyata baxışının, yaşam fəlsəfəsinin formalaşmasına öz müsbət təsirini göstərib. Son 17 ildə isə respublikamızda dövlət-din münasibətləri Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində keyfiyyətcə yeni mərhələyə yüksəlib, o cümlədən dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb.
Beləliklə, deyə bilərik ki, bu gün dövlətimizin təməl prinsipini təşkil edən azərbaycançılıq ideologiyası çoxçalarlıdır. Milli-mənəvi və dini dəyərlərimiz bu ideologiyanın mühüm tərkib hissələridir və onun həmişəyaşarlığını təmin edir.
Respublikamızda müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur
Dünyada milli-dini-irqi müxtəlifliyə münasibətdə müşahidə edilən kədərli mənzərə ilə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqlidir. Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Azərbaycan çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olmasını özünün böyük sərvəti sayır.
Tolerantlıq, müxtəlif xalqların nümayəndələrinin bir-birlərinə yüksək səviyyədə dözümlü münasibət bəsləmələri respublikamızda tarixdən gələn ənənədir və bu gün də insanların həyat tərzini təşkil edir. Tarixin lap qədim dövrlərindən xalqımızın yaratdığı mədəniyyət nümunələrində, klassiklərimizin əsərlərində, bir qayda olaraq, başqa mədəniyyətlərə, humanizm, həmrəylik kimi bəşəri dəyərlərə yüksək hörmət ifadə edilib. Tarixdən gələn ənənələrə uyğun olaraq bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev qeyd etdiyi kimi, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyaların azad fəaliyyəti üçün bərabər şərait yaradıldığı Azərbaycan Respublikasında multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Tarixən belə mədəni-dini müxtəliflik Azərbaycanın gücünə güc qatıb. Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, ənənələr bu gün də yaşayır. Obrazlı şəkildə ifadə etsək, deyə bilərik ki, azərbaycançılıq ideologiyası respublikamızda yaşayan bütün xalqların başı üstündə etibarlı çətir qismində çıxış edir. Ölkəmizdə azad, tamhüquqlu vətəndaşlar kimi yaşayan müxtəlif etnik-dini icmaların nümayəndələri öz mədəniyyətlərini yaşatdıqları kimi, ümumi Azərbaycan dəyərlərinin və mədəniyyətinin zənginləşməsinə də töhfələr verirlər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

