Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizdə baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür

Ölkəmizdə baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür

27.05.2021 [09:19]

Kənd təsərrüfatının ənənəvi, ixracyönümlü sahələrindən olan baramaçılıq və ipəkçiliyə dövlət dəstəyi davamlı xarakter daşıyır
Son 18 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında ciddi uğurlar əldə olunub. Qeyd etmək yerinə düşər ki, son illər ərzində ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində də mühüm işlər görülür. Belə ki, əhalinin məşğulluğunun artırılması, sosial rifahın yüksəldilməsinə xidmət edən baramaçılığın və ipəkçiliyin inkişafı, eyni zamanda, məhsuldarlığın yüksəldilməsi Kənd Təsərrüfatı Nazirliyinin diqqət mərkəzindədir.
Baramaçılığın yem bazasının genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər görülür
Onu da qeyd edək ki, baramaçılığın inkişafı istiqamətində rayonlarda ardıcıl tədbirlər həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, barama mövsümü ərəfəsində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərə cəlb olunub. Məsələn, KTN-nin Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri tərəfindən şimal-qərb bölgəsi rayonlarında fəaliyyət göstərən kümçülər üçün “Baramaçılıqda aqrozootexniki qaydalara düzgün əməl etməklə tut ipəkqurdunun bəslənməsinin təşkili” mövzusunda təlimlər keçirilib.
Şəki rayonunun Cəfərabad və Balakən rayonunun Qaravəli kəndlərində keçirilən təlimlər zamanı mərkəzin mütəxəssisləri tərəfindən kümçülərə tut ipəkqurdu yemlənəcək sahələrin hazırlanması, ipəkqurdunun yemlənməsi zamanı qaydalara düzgün əməl edilməsi, kümxanalarda temperatur və rütubətin nizamlanması, ipəkqurdunun bəslənməsində sürətli yemləmə texnologiyalarının üstünlükləri və digər məsələlər barədə metodiki məlumatlar verilib. Təlimlərdə kümçülərə tut ipəkqurdunun geniş yayılmış xəstəlikləri - sarılıq, muskardin, pebrin və onların yaranma səbəbləri, mübarizə üsulları, ipəkqurdunu zərərvericilərdən qorumaq, bol və keyfiyyətli məhsul əldə etmək üçün həyata keçirilməsi vacib olan tədbirlər barədə də ətraflı məlumat verilib.
Yeri gəlmişkən, xatırladaq ki, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı üzrə Tədbirlər Planı”nda baramaçılığın yem bazasının genişləndirilməsi məqsədilə yeni bağların salınması nəzərdə tutulur. Artıq Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakı-Qazax magistral yolunun Yevlax, Goranboy, Şəmkir və Tovuz rayonları ərazindən keçən hissəsində yol kənarına 20 min ədəd tut tingi əkilib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsərrüfatlarında yetişdirilən tut tinglərinin yol kənarında əkilməsi həm ipəkçiliyin yem bazasının möhkəmləndirilməsinə xidmət edəcək, həm də torpaq resurslarından səmərəli istifadəni təmin edərək kümçülərin yemə olan ehtiyaclarının ödənilməsinə töhfə verəcək.
Ölkəmizin şimal-qərb bölgəsində barama istehsalı genişlənir
Builki mövsümdə ölkəmizin şimal-qərb bölgəsində barama istehsalının genişləndirilməsi nəzərdə tutulur. Məsələn, Qax rayonunda yaş barama istehsalının 22 tona çatdırılması qarşıya məqsəd qoyulub. Qax Damazlıq İpəkçilik Stansiyasında artıq rayonun kümçülərinə ipəkqurdunun paylanılmasına başlanılıb. Rayonun Qapıçay kəndinin sakini Sevil Mirzəyeva deyib ki, dördüncü ildir baramaçılıqla məşğul olur: “Təsərrüfatın digər sahələri ilə məşğul olsam da, bir neçə ildir barama da yetişdirirəm. Hər il 20 qram ipəkqurdu götürürəm. Baramaçılıq çox sərfəli və gəlirli sahədir. Qısa müddətdə əlavə gəlir əldə etmək olar. Keyfiyyətli barama yetişdirsəm, qazancım da yaxşı olacaq”.
Regionun digər rayonu Oğuzda isə yaş barama istehsalının 8,8 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi üçün kümçülərə KTN tərəfindən ölkəmizə gətirilən və Zaqatala Baramaqurutma Müəssisəsində inkubasiya olunmuş 220 qutu və ya 4 kiloqram 180 qram ipəkqurdu toxumu paylanılıb. Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlovun sözlərinə görə, cari mövsümdə rayonda ipəkqurdunun yemlənməsi ilə 65 kümçü ailəsi məşğul olacaq. Yaş barama tədarükünə iyunun əvvəllərində başlanılacaq.
Qeyd edək ki, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər Oğuz rayonunda da zəruri işlər görülüb. Belə ki, 2016-2020-ci illərdə rayon ərazisində 144 mindən çox tut tingi əkilib. Bunun 83,5 min ədədi Çin Xalq Respublikasından (ÇXR) ölkəmizə gətirilən calaq olunmuş, 60,9 min ədədi isə yerli tut tingləridir.
Bölgənin digər rayonu Zaqatalada builki mövsümdə yaş barama istehsalının ötən illə müqayisədə 10 ton artırılaraq, 46 tona çatdırılması proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi, bu il də kümçülərə paylanılan ipəkqurdu rayonun özündə inkubasiya olunub. KTN tərəfindən ölkəmizə gətirilən ipəkqurdu toxumlarının 1150 qutusu Zaqatala rayonundakı baramaqurutma müəssisəsində inkubasiya kameralarına qoyulub. Toxumların inkubasiya müddəti artıq başa çatıb və bölgü əsasında rayonun kümçülərinə paylanılıb. Zaqatala Baramaqurutma Müəssisəsinin direktoru Faiq Köngülovun verdiyi məlumata görə, builki mövsümdə rayonda 300-dək kümçü ipəkqurdunun yemlənməsi ilə məşğul olacaq.
Məsələn, gənc kümçü, rayonun Qandax kənd sakini Rəvan Rəsulov müəssisədən 70 qramadək ipəkqurdu götürüb. Təsərrüfat sahibinin sözlərinə görə, ipəkqurdunun bəslənməsi üçün lazım olan tut yarpağı həyətdəki bağdan, həmçinin kəndin ərazisində əkilmiş tut ağaclarından tədarük olunacaq.
Şəki rayonunda isə yaş barama istehsalının ötən illə müqayisədə 17 tonadək artırılaraq 50 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirmək üçün 325 kümçü ilə müqavilə bağlanıb və onlara Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 1250 qutu, yəni 23 kiloqram 750 qram ipəkqurdu paylanılıb. Hazırda ailə təsərrüfatlarında ipəkqurdunun yemlənməsi prosesi davam edir.
Şəkinin Aşağı Göynük kəndinin ərazi icra nümayəndəsi Əfqan Əliyevin bildirdiyinə görə, kənddə bu il baramaçılıqla 12 ailə məşğuldur. Onlara 44 qutu, yəni 836 qram ipəkqurdu paylanılıb. Cari mövsümdə kənddə 1760 kiloqram yaş barama istehsal ediləcəyi gözlənilir. 5 ildir ki, baramaçılıqla məşğul olan kənd sakini Yusif Hümmətov deyib ki, bu il 60 qram ipəkqurdu yemləyəcək. Kümçünün sözlərinə görə, cari mövsümdə 150 kiloqramadək yaş barama istehsal etməyi qarşıya məqsəd qoyublar.
Baramaçılığın inkişafı Mərkəzi Aran regionunda da diqqət mərkəzindədir
Ölkədə bu ənənəvi sahənin inkişafına yenidən önəm verildiyi və yaxşı mənfəət götürüldüyü üçün Mərkəzi Aran regionunda yerləşən Hacıqabul rayonunda da kümçülərin sayı ilbəil artır. Ümumiyyətlə, ölkənin digər bölgələrində olduğu kimi, Mərkəzi Aran regionunda da baramaçılığın inkişafı diqqət mərkəzindədir. Haciqabul Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu mövsümdə 63 ipəkçi ailəsinə 100 qutu ipəkqurdu toxumu verilib. İpəkçilər mütəxəssislərin məsləhətlərindən yararlanaraq qurdlara aqrozootexniki qaydada qulluq edirlər. Rəncbər kənd sakini, kümçü Elxan Teymurov deyib ki, əvvəllər də baramaçılıqla məşğul olub və bu sahədə yaxşı təcrübəyə malikdir. “Rayonda barama istehsalına yenidən başlanılması mənim də ürəyimcə olub. Ötən il 2 qutu ipəkqurdu toxumundan 82 kiloqram məhsul götürmüşəm. Bu il də 2 qutu ipəkqurdu toxumu götürüb bəsləyirəm. Mütəxəssislərin hesablamalarına görə, bəslədiyim ipəkqurdundan 95-100 kiloqramdan çox barama götürə bilərəm. Bunun da mənfəəti 900 manatdan çox olacaq”.
Bu il Sabirabad kümçüləri də təhvil götürdükləri ipəkqurdundan 16 ton məhsul tədarük etməyi qarşıya məqsəd qoyublar. Sabirabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il 235 kümçüyə 400 qutu olmaqla, ümumilikdə, 7600 qram ipəkqurdu toxumu təhvil verilib. Həmçinin baramaçılığın inkişafı üçün son 4 ildə Sabirabad rayonunda ÇXR-dən gətirilən 123 min ədəd tut ağacı əkilib. Artıq tut bağlarının çoxundan ipəkqurdunun bəslənməsi üçün yem bazası kimi istifadə edilir.
Mərkəzi Aran regionun digər rayonu İmişlidə də kümçülərə ipəkqurdu toxumları paylanılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari ildə rayona 250 qutu (4750 qram) ipəkqurdu toxumu gətirilib və 138 kümçüyə paylanılıb. Yem məhsulu üçün ötən illər ərzində rayon ərazisində salınan tut bağlarından istifadə olunacaq. Bu il rayon üzrə hər qutudan 40 kiloqram olmaqla 10 min kiloqram barama tədarükü nəzərdə tutulub.
Bu məqamda qeyd etmək yerinə düşər ki, bu il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması prosesi də artıq başa çatıb. 40 rayondan olan 6 minə yaxın kümçüyə əvəzsiz olaraq 14700 qutu ipəkqurdu toxumu (qrena) paylanıb. İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, ilk dəfə olaraq Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. Artıq Bərdə Baramaqurutma Müəssisəsində hibrid ipəkqurdu toxumlarının son partiyası kənd təsərrüfatı naziri İnam Kərimovun iştirakı ilə rayonda keçirilən tədbirdə kümçülərə paylanıb. 6 rayonun Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları, Qax Damazlıq İpəkçilik Stansiyasının əməkdaşları və mütəxəssislərin də iştirak etdiyi tədbirdə qeyd olunub ki, ölkədə baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 618 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30