Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın faydalı geosiyasi təşəbbüsləri...

Azərbaycanın faydalı geosiyasi təşəbbüsləri...

27.01.2022 [10:28]

Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirəcək

Nardar BAYRAMLI

Azərbaycan dünyada nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi özünü təsdiqləyib. Hazırda Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu isə ölkəmizin dostlarının və tərəfdaşlarının sayının artmasını şərtləndirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Yəni Azərbaycan tam müstəqil siyasət həyata keçirir, heç bir mərkəzdən asılı deyil, öz geosiyasi iradəsi əsasında strateji kursunu uğurla davam etdirir. Buna görə də ölkəmizə rəğbət daim artır, yüksək hörmət və etimad göstərilir.

Azərbaycanın regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verməsi də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Ölkəmizin praqmatik enerji siyasəti regional və qlobal işbirliyinə, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyi tərəfdaş ölkələrdəndir.

Ölkəmizin beynəlxalq müstəvidə yeri və rolu haqqında fikirlərini bildirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyib ki, dünya birliyinin Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın işğal altında qalmasına ikili və ədalətsiz yanaşmasına rəğmən, ölkəmiz xarici siyasət kursunda əməkdaşlığı gücləndirdi və dünyanın, demək olar ki, bütün nüfuzlu təşkilatları, o cümlədən BMT ilə əlaqələrin inkişaf etdirilməsini diqqətdə saxladı. Azərbaycan bu təşkilatların bir qismində sədr mövqeyinə, digərlərində isə əsas söz sahiblərindən birinə çevrildi. “Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən praqmatik xarici siyasət və uğurlu diplomatiya sayəsində Azərbaycan iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi”, - deyən X.Bəşirovun sözlərinə görə, dünyanın ən nüfuzlu və ən böyük təşkilatının aparıcı qurumuna sədrlik edən Azərbaycan bu tarixi imkandan maksimum faydalanaraq qlobal müstəvidə baş verən prosesləri müsbət məcraya istiqamətləndirmək üçün əhəmiyyətli addımlar atdı.

Ölkəmizin dünyanın ən nüfuzlu siyasi və iqtisadi təşkilatlarından olan Avropa İttifaqı, Avropa Şurası, NATO, İslam Əməkdaşlıq təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digərləri ilə sıx əməkdaşlıq yolunu seçdiyini diqqətə çatdıran siyasi şərhçi vurğulayıb ki, Azərbaycan Türk Şurasına uğurla rəhbərlik etdi və hazırda təsir dairəsinə görə dünyada BMT-dən sonra ikinci təşkilat olan Qoşulmama Hərəkatına sədrlik etməkdədir. Aparıcı dövlətlərlə və nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq və bunun nəticəsində qazanılmış siyasi-diplomatik uğurlar ən böyük problemimizin həlli üçün ciddi zəmin yaratdı.

X.Bəşirov vurğulayıb ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasını təmin etdi. “10 noyabr tarixli üçtərəfli  Bəyanatla, həmçinin ondan sonra Moskva və Soçi şəhərlərində imzalanan bəyanatlarla və Brüsseldə Prezident İlham Əliyevin keçirdiyi görüşlərin nəticələrinə əsasən biz Qələbəmizin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinə nail olduq. Digər tərəfdən, BMT kimi nüfuzlu təşkilatın Təhlükəsizlik Şurasının imperativ xarakterli qətnamələrinin icra mexanizmində ciddi problemlərin olduğu faktını ortaya qoyduq”.

Ekspert bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi və müttəfiqlərimiz tərəfindən ciddi şəkildə dəstəklənən siyasət nəticəsində təkcə ölkəmiz deyil, ümumilikdə Cənubi Qafqaz regionu sülh və təhlükəsizlik regionuna çevrilməkdədir. Daim maraqların toqquşduğu Cənubi Qafqaz qısa zamanda sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın ən yüksək səviyyədə təmin olunduğu coğrafi məkan olacaq.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 733 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30