Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanda söz, fikir, məlumat azadlığı tam şəkildə təmin olunur

Azərbaycanda söz, fikir, məlumat azadlığı tam şəkildə təmin olunur

22.09.2023 [11:20]

Günel ABBAS

Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb. Demokratik seçkilər keçirilir, ən əsası isə ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilib.

Azərbaycan Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə, müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər sayılır. Bununla bərabər adıçəkilən amil ölkənin demokratik inkişaf səviyyəsini də müəyyənləşdirməyə imkan verir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir.

Media eksperti, professor Qulu Məhərrəmli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, media cəmiyyətin güzgüsü hesab olunur, çünki dövrün gerçəklərini, həqiqətlərini özündə əks etdirir: “Qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr, bir sözlə, Kütləvi İnformasiya Vasitələri cəmiyyətin güzgüsü olmaqla, həmin cəmiyyətin mövcud vəziyyətini, mahiyyətini göstərir. Buna görə də fikir, söz, məlumat azadlığı ölkəmizdə hər zaman qorunduğu kimi, yenə də mühafizə edilir, plüralizmin inkişafı üçün bütün imkanlar səfərbər edilir, hansıki bunu təkzib etmək mümkün deyil, çünki inkişaf, dinamika göz önündədir. Ölkəmizdə mətbuat azadlığı, fikir, söz, məlumat azadlığı var, bunu hər kəs görür. Vətəndaşlar fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər, azad şəkildə məlumat ala bilirlər və azad mətbuatın varlığına mane olacaq heç nə yoxdur. Əksinə, dövlətimiz mətbuatın azadlığı üçün lazım olan hər cür şəraiti yaradıb və belə bir şəraitin yaradılması bu gün də davam etdirilir. Bu isə gələcəkdə fikir, söz, məlumat azadlığı faktorunun daha yüksək inkişafına yol açacaq”.

Q.Məhərrəmlinin sözlərinə görə, fikir, söz, məlumat azadlığı hüquqi dövlətin parametrlərindəndir və həmin cəmiyyətin inkişafına öz töhfələrini verməkdədir: “Söz, fikir azadlığı ideyaların səsləndirilməsinə və tətbiqinə imkan verirsə, şərait yaradırsa, deməli həmin cəmiyyət inkişaf edəndir. Yəni azad söz cəmiyyətdə yeni fikir, yeni yanaşma, inkişaf və proqresə öz tövhəsini verməkdədir və bu mənada da müsbət dinamikanı təmin edən əsas amillərdən hesab olunur. Elə buna görə də fikir, söz, məlumat azadlığına, eləcə də plüralizmin günü-gündən inkişafına ölkəmizdə xüsusi həssaslıqla yanaşılır. Müstəqilliyini ötən əsrin sonlarında yenidən bərpa edən Azərbaycanda məhz fikir, söz, məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi üçün son 30 il ərzində kifayət qədər əsaslı addımlar atılıb və bu istiqamətdə dünya standartlarına, beynəlxalq normalara uyğun qanunların qəbul edilməsi heç də təsadüfi hesab olunmur”.

O qeyd edib ki, söz, fikir, məlumat azadlığı təmin olunmadan, yəni informasiya cəmiyyətinin fundomental prinsipi təmin olunmadan demokratiyadan da, plüralizmdən də, azad cəmiyyətin tərəqqisindən də danışmaq mümkün deyil: “Bütün bunların təminatı üçün isə ilk növbədə həmin sahəni tənzimləyən qanunların olması və dövlət tərəfindən qorunması gərəkir, hansıki ölkəmizdə bu sahədə ilkin təminat məhz Konstitusiyamıza əsaslanır. Təsadüfi deyil ki, Azərbaycanda medianın inkişafı, söz, fikir, məlumat azadlığının təminatı üçün qanunvericilik normaları da qəbul edilib, institusional mexanizmlər, bu istiqamətdə inkişafa təkan verən qurumlar formalaşdırılıb. Yəni gələcək üçün nikbin proqnozlara məntiqi əsas var. Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan vətəndaşlarının internetə sərbəst giriş imkanlarının, sosial şəbəkədən istifadə imkanlarının olmasına görə fikir və söz azadlıqlarına heç bir maneə ola bilməz. Bu istiqamətdə beynəlxalq standartlara uyğun normativ hüquqi bazanın olması, həmçinin azad fikir, söz imkanlarının genişliyinə, heç bir maneənin olmaması səbəbindən Azərbaycan söz, fikir, məlumat azadlığının təminatında lider dövlətlərdən hesab olunur”.

Professor vurğulayıb ki, fikir, söz, eləcə də məlumat azadlığı dövlətə inamı formalaşdırır, bununla da vahid mövqedən çıxış edilməsinə əsaslı zəmin yaradır: “Əlbəttə ki, son dövrlər ölkə mediasının milli maraqlar kontekstində vahid mövqe sərgiləməsi də, dövlətin mənafeyi naminə birlik nümayiş etdirməsi də təsadüfi deyil. Əvvəla, qeyd olunduğu kimi, ölkəmizdə təmin olunan fikir, söz, eləcə də məlumat azadlığı buna əsaslı zəmin yaradıb. Digər tərəfdən, dövlətimizin milli maraqları üstün tutması medianın da milli maraqlardan, vahid mövqedən çıxış etməsinə səbəb oldu. Biz mediamızın belə bir vahid mövqedən, milli maraqlardan çıxış etməsini 44 günlük müharibə zamanı da, qələbə çaldıqdan, Zəfər əldə edikdən sonra, post-münaqişə dövründə də müşahidə etdik və ən sevindirici də elə məhz budur. Çünki bu, arzuolunan mühit və imkanların ölkəmizdə, cəmiyyətimizdə olmasından xəbər verir. Ondan xəbər verir ki, səmərəli idarəetmənin və informasiya açıqlığının mühüm vasitəsi hesab edilən dördüncü hakimiyyət, media üçün ölkəmizdə münbit şərait mövcuddur və Azərbaycanda söz, fikir, məlumat azadlığı tam şəkildə təmin olunur”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30