Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Verilişlərin adları dəyişsə də, mahiyyəti eyni qalıb

Verilişlərin adları dəyişsə də, mahiyyəti eyni qalıb

09.01.2010 [09:23]

Son vaxtlar televiziyaların fəaliyyəti daha diqqətlə izlənir və “mavi qutu”ların cəmiyyətə veriliş ixracına ciddi nəzarət edilir. Nəzarət edilir deyəndə, yanlış anlaşılmasın. Hələ ki, söhbət ictimai nəzarətdən gedir. Bir neçə ay öncə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan efir məkanı: problemlər və vəzifələr” məqaləsi işıq üzü görəndən sonra telekanalların ictimaiyyəti narahat edən problemlərinin müzakirəsi mətbuat səhifələrinə daşındı. Və bütün bu müzakirələr zamanı məlum oldu ki, Azərbaycan efirindən ictimaiyyətə ötürülən mənfiliklər artıq toplumun özünü də çoxdandır ki, narahat etməkdədir. Onsuz da aydın olan həqiqət bir də öz təsdiqini tapdı ki, mentalitetimizin, min illərlə formalaşan dəyərlərimizin darmadağın edilməsinə hesablanmış bu “ixrac məhsulu” bədxassəli şiş kimi insanlarımızı, onların mənəviyyatını gəmirməkdədir. Onu da dana bilmərik ki, akademik Ramiz Mehdiyevin məqaləsindən və aparılan müzakirələrdən sonra televiziya proqramlarında müəyyən dəyişikliklər edildi. Amma... Proqramları diqqətlə izləyəndə açıq-aydın görmək olur ki, dəyişən ya aparıcılar, ya da verilişlərin adlarıdır. Mahiyyət isə qətiyyən dəyişməyib və əgər dəyişilibsə də çox primitiv və cüzi şəkildə “əl gəzdirilib”. Əvvəlcə onu deyək ki, dəyərlərimizin qorunması üçün bu ifadələri təkrar-təkrar vurğulamağa ehtiyac yoxdur. Xaricin əxlaqsızlıq təbliğ edən teleseriallarını yayımlayarkən telekanalların heç bir aparıcısı “baxın bunu əxlaqsızlığı təbliğ etmək üçün nümayiş etdiririk” söyləmir. Amma nədənsə bir xanəndəni muğam oxmağa dəvət edəndə, bir rəsm əsəri nümayş etdirəndə, bir aktyor çəkildiyi filmlərdən bəhs edəndə bunu milli mentalitet, dəyərlər və mənəvi aşınmaların qarşısını almaq üçün vasitə və sair kimi dəyərləndirilən televiziya aparıcıları tamaşaçıya bu barədə uzun-uzadı leksiya oxuyurlar. Adama elə gəlir ki, tamaşaçıda bu təsəvvürü yaratmaq üçün aparıcılar telekanal rəhbərliyindən bir nəfər kimi göstəriş alıblar ki, tutuquşu kimi yalnız bu sözləri təkrarlasınlar. Buna isə el arasında “gözə kül üfürmək” deyirlər. Elə ara-sıra telekanallarımızın səviyyəsinə toxunan ekspertlər də bu fikirdədirlər. Mentalitetimizi qorumaq, ənənələrimizə sahib çıxmaq, mənəvi aşınmaların qarşısını almaq üçün hər addımbaşı dua kimi bu sözləri təkrarlamaqdansa, onların keşiyində dayanmaq, pafossuz, epitetsiz onların təbliğatı ilə məşğul olmaq lazımdır.
Bu sözlər daha çox ATV kanalının “Yağ kimi” və ANS telekanalının “Toylar kralı” layihəsinə aiddir. Əslində, “Toylar kralı” layihəsinin adının bizim yaşadığımız cəmiyyətə uyarlığını bir tərəfə qoyuruq. Amma toy deyilirsə və söhbət bizim qədim adət-ənənələrimizi özündə əks etdirən şənlik mərasimindən gedirsə, layihəni daha maraqlı şəkildə hazırlamaq olardı. Hazırda yayımlanan layihə isə istedadsız müğənnilərin yarışması və tamaşaçının cibinə girməyə hesablanmış sms tələsidir. Aparıcı nə qədər tamaşaçını inandırmağa çalışsa da, bu veriliş bizim mentaliteti və dəyərləri aşağılamaqdan başqa bir işə yaramır.
Daha böyük biabırçılıq isə ATV-nin “Yağ kimi” verilişdir. Qonaqlıq, bir evə qonaq getmə və onun qarşılanması, qonaq üçün süfrə açmaq millətimizin özünəməxsus adətlərindən biridir. Və bu adətin pozulmayan şərtləri var ki, onlar xalq deyimlərində də öz əksini tapıb. “Qonaq evin şahıdır”, “Qonağa zaval yoxdur”, “Qonağın ruzisi özündən qabaq gələr” və onlarla belə, min illərin sınağından çıxmış deyim nümunələrimiz var. Bu nümunələrimizin hamısında xalqımızın evinə qonaq gələn şəxsə münasibəti öz əksini tapıb. ATV-nin “Yağ kimi” verilişinin məqsədi aparıcının dediyinə inansaq, guya xalqın süfrə mədəniyyətinin artıq unudulmuş məqamlarını üzə çıxarmaq, onlara can vermək və bu mədəniyyətin ümumi cəhətlərini nümayiş etdirməkdən ibarətdir. Təəssüf ki, kanalın ən səviyyəsiz verilişi olan “Yağ kimi” sığortalansın deyə, bu sözlər təkrar-təkrar səsləndirilir, tamaşaçı buna inanmağa məcbur edilir. çünki nəinki illərdir ailələrdə yaşanan, nəsillərdən nəsillərə ötürülən süfrə mədəniyyətimizdən bu verilişdə əsər-əlamət yoxdu, əksinə, əcnəbi biri həmin verilişi seyr etsə heyrətdən ağzı açıla qalar. ATV-nin “qonaqlıq” süfrəsinə oturanlar bir-birini təhqir etməklə, kobudluqla illərdir formalaşmış təsəvvürləri alt-üst edir, dəyərlərimizə hörmətsizlik göstərirlər. Bu verilişin ayrı-ayrı məqamları haqqında danışıb oxucuları yormayacağıq. Sadəcə, onu deyək ki, pul qazanmağa hesablanmış belə verilişlərin sponsorları da çox olur. Elə bu verilişlərdə adları sadalanan, pis-yaxşı dəxli yoxdur, məhsulları brend kimi tamaşaçıya təqdim olunan şirkətlər o missiyanı boyunlarına çəkib özlərini reklam edir. Olsun. O şirkətlərin sponsorluğu ilə daha baxımlı və səviyyəli verilişlər hazırlamaq olar. Və həmin verilişlərlə dəyərlərimizi də təbliğ etmək olar, adət-ənənəmizi də yaşatmaq. Bunun üçün isə təkcə pula yox, həm də millətə sevgi lazımdır.
KƏBUTƏR

Paylaş:
Baxılıb: 1035 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30