Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Öz xalqının milli sərvətini talayan erməni bandokratiyasının rəhbərləri...

Öz xalqının milli sərvətini talayan erməni bandokratiyasının rəhbərləri...

17.02.2010 [09:42]

Ermənistanın rejim rəhbərləri hazırda elə korrupsion sistem formalaşdırıblar ki, orada vicdanlı insana yer yoxdur
ötən sayımızda Ermənistanın sosial-iqtisadi sferada üzləşdiyi problemlərin əsas səbəblərindən biri - ölkədəki mövcud hakimiyyətin korrupsioner və kriminal xarakterli olması barədə faktlarla zəngin məlumat vermişdik. Bir daha xatırladaq ki, vətəndaşlarının hüquq və azadlıqlarını kobudcasına pozan, xalqı öz maraqları naminə dəfələrlə zərbə altına qoyan Sərkisyan rejiminin bu və ya digər cinayətkar əməlləri haqqında, nəinki, Ermənistan əhalisi, hətta, dünya ictimaiyyəti artıq xəbər tutub. İqor Petrovun Rusiyanın aparıcı mətbu orqanlarından olan “Versiya” qəzetində dərc edilən “Ermənistan soyğunçuları - prezidentlərin mülkiyyəti” adlı yazısı, “Vek” adlı nəşrdə, həmçinin, “Armeniya Today” portalında eyni mövzuda faktlarla zəngin materialların dərc edilməsi yuxarıda söylədiyimiz fikirlərə əyani sübutdur. Həmin materialların davamını dəyərli oxucularımızın diqqətinə çatdırırıq:
ölkə əhalisinin öz “qəhrəmanlarını” tanımaq hüququ var...
“Artıq eks-prezident Robert Koçaryanın və hazırki dövlət başçısı Serj Sarkisyanın var-dövləti və maliyyə aktivləri haqqında çox danışılıb. Bu informasiyaların Rusiyada, eləcə də, Ermənistanda böyük rezonans doğurmasını söyləmək artıq olardı. Necə düşünmək olar ki, belə bir kasıb ölkədə yerli olmayan var-dövlət əldə edəsən, cəmiyyətin həyat fəaliyyətinin bütün sferalarında hökm sürən total özbaşınalıq şəraitində çarlıq edəsən”. Bunu İqor Petrov Rusiyanın aparıcı mətbu orqanlarından olan “Versiya” qəzetində dərc edilən “Ermənistan soyğunçuları - prezidentlərin mülkiyyəti” adlı yazısında qeyd edib. Müəllif vurğulayıb ki, bir çox oxucularda elə təəssürat yarana bilər ki, milli sərvətlərin talan edilməsi dövlət başçısı üçün görünməmiş bir haldır: “Amma Ermənistanın sabiq prezidenti Robert Koçaryan, elə indiki prezident Serj Sarkisyan əllərinə düşən fürsətdən lazımınca istifadə ediblər. Faktlar sübut edir ki, hazırda onlar elə korrupsion sistem formalaşdırıblar ki, orada vicdanlı insana yer yoxdur. Bu cür vəziyyətin Ali varlıq Allah tərəfindən təklikdə yaratdığını düşünmək sadəlöhvlük olardı. Amma ölkə əhalisinin öz “qəhrəmanlarını” tanımaq hüququ var. Ona görə də, erməni bandokratiyasının digər rəsmi üzvləri, deputatları haqqında dərc etdiyimiz materialların davamını nəşr edirik”.
Müəllif qeyd edib ki, Ermənistanın dövlət sistemi idarəçiliyində bu və ya digər məmur asan qazanc əldə etmək məqsədilə vəzifə səlahiyyətindən sui-istifadə etməyi adi hala çevirib, bununla bağlı məmurların fəaliyyət dairəsi daim genişlənməkdədir: “Belə vəziyyət həm də ona gətirib çıxarıb ki, Ermənistanda əsas iş adamları kimi yalnız yüksək çinli məmurlar çıxış edir və sözügedən ölkənin mövcud reallığı kontekstində hakimiyyət və biznesin tam qovuşmasını görmək mümkündür. Bu sistemdə biznesmenlər yalnız yüksək vəzifəli şəxslər olur. Dövlət sifarişindən və biznesdən erməni reallığı çərçivəsində danışmaq qeyri-mümkündür. 2009-cu ilin yekunlarına əsasən, Ermənistan MDB dövlətləri arasında ümumi daxili məhsulun azalması baxımından 14,4 faizlik göstərici ilə birinci yerə çıxıb. Ekspertlər belə hesab edirlər ki, həmin nəticə tamamilə qanunauyğun və gözlənilən olub. çünki Ermənistanın iqtisadi cəhətdən sürətlə çökməsinin əsas səbəblərindən biri də hədsiz miqdarda varidata sahib olan yüksək çinli məmurların gündən-günə artan korrupsiyanın, hakimiyyət sıralarına kriminal ünsürlərin daxil olmasının qarşısını ala bilməməsidir”.
Ermənistan Dağlıq Qarabağ klanının əsarətinə çevrilib...
“Miabanutyun” Erməni Milli Klubunun rəhbəri Smbat Karaxanyan “Vek” qəzetinə açıqlamasında deyib ki, Ermənistanda iqtisadi sferada maliyyə-fırıldaq piramidasının prinsipləri ilə fəaliyyət göstərən kriminal-güc konstruksiyası formalaşıb: “Hökumət asan və rahat bir şəkildə süni olaraq dramın kursunu qaldırır və öz kriminal-oliqarx qruplaşmalarının yüksək valyuta mənfəəti qazanmasını təmin edir. Əlbəttə, qazanılan belə pullar Ermənistanda saxlanılmır. ölkəni idarə edənlər möhkəm əsaslara malik milli dövlət, eləcə də istər milli, istərsə də sadə vətəndaşların maraqlarını qoruyacaq hakimiyyətin yaradılması istəyindən çox uzaqdırlar. Onlar hakimiyyətə öz siyasi opponentlərinə və siyasi rəqiblərinə qarşı cəza vasitəsi kimi baxırlar. Problem ondadır ki, bütün ölkə kriminal anlayışın ən pis ənənələri ilə fəaliyyət göstərən bir neçə insanın mülkiyyətinə çevrilib. Ən pisi hakimiyyət qruplaşmalarının Ermənistanda olan müəssisələrinə valyuta vasitələrini xarici banklarda və offşor zonalarda yerləşdirmək üçün bir alət olaraq yanaşmalarıdır. Belə vəziyyətdə Ermənistana verilən beynəlxalq kreditlər də məmurların öz şirkətləri arasında bölüşdürülür. Həmin kreditlər sadə vətəndaşların sosial müdaifəsinin güclənməsində heç bir rol oynamır, əksinə, ölkənin xarici borclarını təhlükəli templərlə artırır. Həmçinin real və yeni iş yerlərinin yaradılması müşahidə olunmur”.
Ovik Abramyan “razborşik” funksiyasını yerinə yetirir
Robert Koçaryan və Serj Sarkisyanla yanaşı, korrupsiya və dövlətin talan edilməsi ilə məşğul olan digər yüksək çinli məmurların sırasında ilk olaraq parlamentin spikeri Ovik Abramyanın adı çəkilir. 1980-ci ildə Mxçyan kəndində yerləşən “AvtoVaz” xidmət məntəqəsində fəhlə işləyən Abramyan daha sonra Artaşat şəhərində yerləşən şərab-konyak zavodunun direktoru vəzifəsinə kimi yüksələ bilib. 1995-ci ildə deputat seçilən Abramyan 5 il sonra bütün ölkə üzrə yerli hakimiyyət orqanları üzərində nəzarəti ələ alıb. Abramyan həm də 2003-cü ildə keçirilən prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasını həyata keçirən əsas şəxslərdən biri kimi tanınır. 2004-cü ildə isə məhz o, oliqarxların cangüdənləri və kriminal strukturlardan istifadə etməklə müxalifətin keçirdiyi aksiyaların dağıdılması ideyasını irəli sürüb. Bununla yanaşı, onu xarkterizə edən əsas cəhətlərdən biri müxtəlif oliqarx qruplaşmaları arasında yaranan mübahisələr zamanı tez-tez münsif - “razborşik” funksiyasını öz üzərinə götürməsidir.
Abramyan oyun-qumar biznesinin əsas hissəsinə nəzarəti də öz əlində saxlayır, ölkənin məşhur qumarbazlarından sayılır və Ermənistanda ən böyük torpaq sahiblərindən biridir. Dünya Bankının suvarma ilə bağlı proqramları yalnız onun Araz çayına yaxın olan torpaqlarında reallaşır. Ancaq bütün bunlar heç də Abramyanın malik olduğu varidatı göstərmir və onun mülkiyyətinə aşağıdakılar da daxildir:
- Araz çayı sahilində 3 qum karxanası;
- Artaşatda 1500 hektar torpaq, üzümlüklər, bağlar;
- Yerevandan kənarda 10-dan artıq qazdoldurma stansiyası;
- “Araratsement”də üçdə bir pay;
- Kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan “ArtFood” firması;
- Oyun-qumar evləri;
- Bütün Ermənistan boyu benzin kolonkaları;
- Krımda istirahət evi (2007-ci ildə 7 milyon dollara alınıb);
- Artaşatda trikotaj fabriki və mexanika zavodu;
- Şaumyan kəndində səyyar mexaniki kolonna;
- “Selstroy” avtopark tresti;
- “Sirius” zavodu:
- “Artaşat” qastronomu;
- Artaşat şəhər mehmanxanası və onun restoranı;
- Mxçyan kəndində mexaniki zavod və avtomüəssisə;
- Beton zavodu;
- Narek və Kaxtsraşen kəndlərində 200 hektar torpaq;
- çaxkadzorda istirahət evinin böyük binası və 5 hektar torpaq;
- Yerevanda 2 çoxmənzilli bina;
- Sevan gölü sahilində ev;
- Yerevandakı “Qələbə” parkında 2500 kvadratmetr ərazi;
- Yerevanda hazırda 40 mənzilin tikintisini həyata keçirir;
- Qərb ölkələrində istehsal olunan onlarca xüsusi avtomobil;
- Araratda bütün SO tənzimləmə stansiyaları.
Böyük maliyyə fırıldaqçısı Tiqran Sarkisyan...
Ermənistan hakimiyyətinin digər yüksək çinli məmuru olan baş nazir Tiqran Sarkisyan isə öz siyasi karyerasına 1990-cı ildə deputat seçilməklə başlayıb. 1991-ci ildə formal olaraq bitərəf olduğunu bəyan etməsinə baxmayaraq, keçmiş baş nazir Vazgen Manukyanın rəhbərlik etdiyi radikal müxalifət fraksiyası olan Milli Demokratik İttifaqın sıralarına qoşulub, lakin hakimiyyətlə də əməkdaşlığını davam etdirib. 1998-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ölkənin Milli Bankına rəhbərlik etməyə başlayıb və bütün baş nazirlərlə sıx əməkdaşlıq edib. Lakin onlardan birinə - Aram Sarkisyana xəyanət edib və onun baş nazir postundan devrilməsini dəstəkləyib, bununla da Robert Koçaryanın ən inanılmış adamlarından birinə çevrilib. Bundan sonra hökumət başçılarının xarici siyasi danışıqları barədə daim Robert Koçaryanı məlumatlandıran Tiqran Sarkisyan Serj Sarkisyanla da yaxınlıq edə bilib. Serj Sarkisyan məhz onun köməyi ilə “Birləşmiş” adlı bank yaradıb.
Tiqran Sarkisyanın adı bir neçə dəfə kriminal qalmaqallarda da hallanıb və onlar arasında ən yaddaqalanı aşağıdakılardır: ev seyfindən 50 min dollardan yuxarı pulun oğurlanması, növbəti maliyyə fırıldağı zamanı Milli Bankın nəzarət xidməti rəhbərinin onun əleyhinə ifadə verməsi. Ermənistanın baş nazirinin adının hallandığı ən böyük maliyyə qalmaqallarından biri “Kredit-Yerevan” bankı ilə bağlı olub. Məhz Tiqran Sarkisyanın fəaliyyəti nətəicəsində bu bank müflislik həddinə düşüb və daha sonra o, hakimiyyətin nəzarətində olmayan digər bir neçə müəssisənin də məhv edilməsində əsas rollardan birini oynayıb.
Tiqran Sarkisyanın İspaniyada dəbdəbəli malikanəsi var və onun həyat yoldaşı ilə uşağı on ildən artıqdır ki, məhz orada yaşayır. Əsas kapitalını da İspaniyaya yönəldən Tiqran Sarkisyanın mülkiyyətindən danışarkən aşağıdakılar göstərilir:
- inkassasiya müəssisələri (bu sahə üzrə inhisarçıdır);
- İspaniyada xüsusi ev;
- Yerevanda mənzillər;
- “Konversbank”da və “Arminvestbank”da payı olub, sonradan onları satıb;
- “Araratbank”da və qızıl alqı-satqısında payı var;
- “Taksi-tur” firmasının sahibidir;
- aktivlərinin ümumi qiyməti 25-30 milyon dollardır.
Mazut oğrusu Yervand Zaxaryan...
Ermənistanda korrupsioner məmurlardan danışarkən Yerevanın keçmiş meri, hazırda Daşınmaz Əmlak Kadastrı Komitəsinin sədri Yervand Zaxaryanın adı da xüsusi qeyd olunanlar sırasındadır. O, Ermənistanda həm də mazut oğrusu kimi tanınır. Belə ki, hələ ötən əsrin 90-cı illərinin ortalarında Rusiyadan Ermənistana gəlməli olan böyük miqdarda mazutun oğurlanmasını təşkil edənlərdən biri məhz Yervand Zaxaryan olub. Bundan sonra 1998-ci ildə nəqliyyat və rabitə naziri təyin olunub, marşrut taksiləri üzərində nəzarəti tam ələ keçirib. Yerevan meri vəzifəsinə təyinat aldıqdan sonra isə özünün və tabeylində olan işçilərin aldıqları rüşvətin həcmi bir neçə dəfə artıb.
Yaxşı pula torpaq sahələrinin ticarəti, tikinti normalarının və qaydalarının pozulması, qanunsuz tikintilər aparılması Yervand Zaxaryanın mer olduğu dövrdə adi hala çevrilib. Həmin vaxt 5 mərtəbədən yuxarı tikilən binanın hər mərtəbəsi üçün yüz minlərlə dollar həcmində əlavə rüşvət tələb edilməsinin əsasının qoyulması da məhz Yervand Zaxaryana məxsusdur. Binanın arxitektura layihəsinin iri məbləğdə rüşvət müqabilində merin otağında verilməsi də onun dövründən başlayıb.
“Killerlər” şəbəkəsinə nəzarət edən Aleksandr Sarkisyan...
Prezident Serj Sarkisyanın doğma qardaşı Aleksandr Sarkisyan deputat olmaqla yanaşı, həm də külli miqdarda var-dövlətə malik iş adamlarından biri kimi tanınır. Siyasi və iqtisadi arenada 1998-ci ildən etibarən görünməyə başlayıb. İlk əvvəl “Multi-qrup”un rəhbəri Haqik çarukyanla birgə qazdoldurma stansiyaları şəbəkəsinin şəriki olub. Onun ixtiyarında olan belə stansiyalar dövlətə heç bir vergi ödəməyib və ya bu verginin miqdarı qazancla müqayisədə cüzi olub.
Hazırda prezidentin qardaşı kimi iş adamlarına himayədarlıq edir, xaricdə, o cümlədən ABŞ və Böyük Britaniyada daşınmaz əmlak bazarında aktiv fəaliyyət göstərir. Məlumatlara görə, Kaliforniyanın daşınmaz əmlak bazarındakı fəaliyyətinə görə ABŞ Federal Təhqiqat Bürosunun və Vergi Xidmətinin nəzarətində olub. Sözügedən ştatda onun aktivlərinin qiymətinin 30 milyon dollara çatdığı bildirilir. Mətbuatda müxtəlif vaxtlarda Aleksandr Sarkisyana məxsus və ABŞ-ın qərb sahillərində yerləşən malikanələrin şəkilləri dərc olunub.
2007-ci ilin yanvarında isə “Milli Birlik” Partiyasının sədri Artaşes Qeqamyan sensasiyalı bəyanatla çıxış edərək Aleksandr Sarkisyanın zəngin kriminal keçmişə malik olduğunu, muzdlu qatillərdən istifadə etdiyini və “killerlər” şəbəkəsinə nəzarət etdiyini bildirib. Ermənistanda çoxları əmindir ki, Artaşes Qeqamyanın dedikləri həqiqətdir. Bununla bağlı Artaşes Qeqamyan hətta hüquq-mühafizə orqanlarına videoyazı da təqdim edib. O, Razdan Sement Zavodunun keçmiş sahiblərindən olan Mikael Azatyanın qətli ilə Aleksandr Sarkisyanın sıx əlaqəsi olmasına dair də konkret ifadələr verib.
Ermənistanda korrupsiya və cinayətlə məşğul olan məmurların siyahısını xeyli artırmaq da olar. Smbat Karaxanyanın da bildirdiyi kimi, adları çəkilənlər öz xalqından oğurluq edən və onu soymaqla məşğul olanların tam siyahısı deyil. Bu faktlar Ermənistanda yüksək vəzifədə olanların nə dərəcədə böyük variadata malik olduğunu, korrupsiya, cinayət, rüşvət hesabına var-dövlətlərini artırmaqda olduqlarını kifayət qədər aydın göstərir. Təbii ki, belə vəziyyət Ermənistan iqtisadiyyatının tənəzzülünü daha da sürətləndirir, onun bir dövlət olaraq çöküşünü tezləşdirir.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1164 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30