Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yeni müstəvidə

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yeni müstəvidə

11.03.2010 [11:30]

Yaxud saatlar Bakı vaxtı ilə qurulur...
Son dövrlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlarda aktivliyin müşahidə olunması fonunda müxtəlif siyasi dairələr tərəfindən prosesin gələcək perspektivləri ilə bağlı optimist bəyanatlar səslənməkdədir. Bu da əbəs yerə deyil. 2009-cu ildə obyektiv və subyektiv səbəblərdən həlli mümkün olmayan, bununla belə müəyyən irəliləyişlərin qeydə alındığı Dağlıq Qarabağ münaqişəsi üçün 2010-cu il əla fürsət ola bilər. Ən azı ona görə ki, beynəlxalq ictimaiyyətin bu münaqişənin həll olunmasına dair mövqeyi əvvəlki illərə nəzərən daha ümidverici və israrçıdır. Eyni zamanda, dünyanın dəyişən geosiyasi şərtləri və regionun siyasi xəritəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllini şərtləndirir.
Astananın ATƏT-ə sədrliyi nə vəd edir?
1994-cü il mayın 12-də Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalandıqdan sonra müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində problemə hüquqi, siyasi qiymət verilib, qərar və qətnamələr qəbul edilib. Hətta dünyanın ən qabaqcıl və böyük təşkilatlarından biri olan BMT-nin Təhlükəsizlik Şurası da münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Amma bu da bir həqiqətdir ki, sözügedən münaqişənin həlli ilə yalnız bir təşkilat - ATƏT məşğuldur. ATƏT-in (o zamankı adı ATƏM) Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilən görüşündə ilk dəfə olaraq münaqişə ilə bağlı müzakirələr aparılıb və Minskdə ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul olunub. O dövrdən bu günə məhz ATƏT münaqişənin həllinə vasitəçilik missiyasını üzərinə götürüb və hələ də davam edən danışıqlar təşkilatın “çətiri” altında aparılır. Hazırda isə təşkilata rəhbərliyi Qazaxıstan həyata keçirir. Bəs görəsən, Astananın ATƏT-ə sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi baxımından nə vəd edir?
Təbii ki, bir türk və müsəlman dövləti olaraq, Qazaxıstanın ATƏT kimi nüfuzlu bir təşkilata rəhbərlik etməsi bizim üçün də sevindirici haldır. Və sirr deyil ki, Azərbaycan ilk andan etibarən Qazaxıstanın sədrliyi məsələsinə dəstək verib. Amma bu faktın münaqişənin həllinə hansısa formada təsir göstərəcəyini düşünmək bir az sadəlövhlük olardı. Bunun da obyektiv səbəbləri var. Əvvəla, nəzərə almaq lazımdır ki, danışıqlar prosesinə start veriləndən bu günə qədər ATƏT-ə rəhbərlik edən Avropa dövlətlərinin adları hər il dəyişib. Bu da sırf prosedur məsələsidir. Amma rəhbərliyin hansı dövlət tərəfindən həyata keçirilməsinə baxmayaraq, təşkilatın fəaliyyət prioritetləri və məqsədləri dəyişməz qalıb. Eynilə, bu dövlətlərin estafeti bir-birinə təhvil verməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə də ciddi təsir etməyib. Digər tərəfdən, ATƏT-də qərarlar təşkilatın Nazirlər Şurası tərəfindən ümumi konsensus qaydası ilə qəbul olunur və rəhbərlik edən ölkənin hansı mövqeni ifadə etməsi, yaxud da hansı qərarı qəbul etməsi həlledici rol oynamır. Bu detalların cəmlənməsi isə bir məntiqi hasil edir ki, Astananın ATƏT-ə sədrliyi ikitərəfli münasibətlər və tarixi soy-kökümüzün eyniliyi baxımından Azərbaycanı razı salsa da, Dağlıq Qarabağ münaqişəsinin həllində bu nüansa bel bağlamamalıyıq. Bununla belə, təşkilatın rəsmi mövqeyini ifadə edən Qazaxıstan tərəfindən səsləndirilən bəyanatlara da optimist baxmalıyıq.
Yenilənmiş Madrid prinsipləri əsasında “Yol xəritəsi”...
Məlum olduğu kimi, ötən ay ATƏT-in hazırki sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev regiona səfəri çərçivəsində Azərbaycanda da oldu və Bakıda bir sıra rəsmi danışıqlarda iştirak etdi. Səfərini başa çatdıraraq Vyanaya qayıtdıqdan sonra isə sədr bir sıra maraqlı və diqqətçəkən bəyanatlar səsləndirdi. O dedi ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin “Yol xəritəsi” hazırlanır. Təbii ki, Saudabayev bu bəyanatı Qazaxıstanın xarici işlər naziri kimi deyil, ATƏT sədri kimi səsləndirib. Məhz bu səbəbdən də bəyanatın üzərində ciddi durulmalı və məsələ digər detallarla birgə təhlil olunmalıdır. Bəs görəsən, digər detallar nədən ibarətdir?
Yuxarıda beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinə baxış bucağının dəyişdiyi fikrini hədər yerə qeyd etmədik. Rusiyanın və Avropanın böyük dövlətlərinin, nüfuzlu təşkilatların münaqişənin tez bir zamanda həllinə nail olunması istiqamətində ortaya qoyduğu iradə inkarolunmazdır. Məhz bu iradənin danışıqların dalana dirənməsinə səbəb olan Madrid prinsiplərinin köhnə variantına əl gəzdirilməsinə səbəb olduğunu da qəbul etməliyik. “Yol xəritəsi”nin bu prinsiplər əsasında hazırlandığı da istisna deyil. çünki hazırda danışıqlar məhz bu prinsiplər əsasında davam etdirilir və istənilən halda sülhə aparacaq yolun detalları da yenilənmiş varianta istinad etməlidir. Təbii ki, vəziyyət olduqca mürəkkəbdir və prosesin müsbət sonluqla başa çatması heç də asan olmayacaq. çünki ən azından bu, qarşılıqlı razılaşma yolu ilə olan həll prosesidir ki, bu prosesdə də Azərbaycan öz kompromislərini artıq bildirib. Azərbaycan öz prinsipial mövqeyində duraraq, maksimum kompromisə getməyə hazırdır. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağın və erməni işğalı altında olan digər rayonlarımızın işğaldan azad olunması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması, kommunikasiyaların bərpa edilməsindən sonra Dağlıq Qarabağa ölkəmizin ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyət statusu verilə bilər. İstənilən həll variantları, “Yol xəritəsi” də məhz bu detalların üzərində qurulmalıdır.
İrəvan vaxt udmağa çalışır, vaxt isə Bakının xeyrinə işləyir
Madrid prinsiplərinin yenilənmiş variantından söz düşmüşkən, bu prinsiplərə rəsmi Bakı və İrəvanın bir-birindən kəskin fərqlənən mövqelər ortaya qoyması diqqəti cəlb etməyə bilməz. Belə ki, yanvar ayının sonunda Azərbaycan və Ermənistan prezidentləri arasında Soçidə baş tutmuş görüşdə tərəflərə təqdim olunan Madrid prinsiplərinin yenilənmiş variantı ilə bağlı Azərbaycanın mövqeyini və öz təkliflərini həmsədrlərə təqdim etməsinə baxmayaraq, Ermənistan rəhbərliyi hələ də bu məsələ ilə bağlı konkretləşmiş mövqe ortaya qoymayıb. Təbii ki, Ermənistanın bu davranışını bir yenilik hesab etmək olmaz. çünki artıq təcrübədən də bildiyimiz kimi, dəfələrlə olub ki, ermənilər danışıqlar prosesindən bu və ya başqa şəkildə yayınmağa çalışıb. İndi də belə davranırlar. Amma bu dəfə yalanlarını ört-basdır etməyi bacarmadılar.
Ermənistan rəhbərliyi neçə illərdir ki, öz xalqını və beynəlxalq ictimaiyyəti aldadır. Hətta onlara ünvanlanan “Yeni təkliflərə niyə münasibət bildirmirsiniz” sualına da yalan danışmaqla cavab verməyə çalışırlar. Amma başa düşmürlər ki, artıq zaman o zaman deyil. Və bu dəfə “narahatçılığa heç bir əsas yoxdur, danışıqlar Ermənistanın israr etdiyi prinsiplərə uyğun şəkildə davam edir” bəyanatının, sadəcə, daxili ictimaiyyətin “başının altına yastıq qoymaqdan” başqa bir şey olmadığını ermənilər özləri belə anlamaqdadırlar. çünki əgər, doğrudan da bu təkliflər Dağlıq Qarabağa müstəqillik verilməsi kimi sərsəm bir iddianı özündə ehtiva edirsə, onda İrəvan niyə narahat olur, niyə yeni prinsipləri dəstəklədiyini bəyan etmir? Əksinə, əgər İrəvanın maraqlarına ziddirsə, niyə cəsarət göstərib təkliflərdən imtina etmir? Deməli, İrəvanın məqsədi heç də hansısa formada danışıqların nəticələnməsini təmin etmək deyil. Əksinə, Ermənistan rəhbərliyi bir formada danışıqları yubandırmaq, vaxt qazanmaq niyyətindədir ki, buna da nə Azərbaycan, nə də regionda sülh arzulayan siyasi dairələr imkan verməyəcək. Odur ki, bundan sonra İrəvanın qeyri-konstruktivliyinə rəğmən sülh sazişini təmin edəcək variantlar haqqında düşünmək lazımdır.
Avropa İttifaqı önə çıxır
Bu yeni variantın birini isə məhz elə Qərbin özü, daha dəqiq desək Avropanın ən güclü dövlətlərindən biri olan İtaliya ortaya qoyub. Belə ki, bir müddət öncə İtaliya parlamenti-Senat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən sənəd qəbul edib. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət yetirilir. Bölgənin Avropa ilə Mərkəzi Asiya arasında mühüm geosiyasi vəziyyətini nəzərə alaraq, problemin həllinə beynəlxalq hüquq normaları çərçivəsində həssaslıqla yanaşmağın vacibliyi vurğulanır.
Senat Yeni Avropa üçün Paris Xartiyasında da öz əksini tapan sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyir. Qətnamədə bütöv bir regionun inkişafına böyük maneçilik törədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin Avropa məkanı üçün əhəmiyyətli olduğuna diqqət yetirilir. Senatda qəbul edilmiş sənəddə İtaliya hökumətinə tapşırılır ki, Dağlıq Qarabağ probleminin həllində ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını dəstəkləsin, ölkələrin ərazi bütövlüyü prinsipinə əsaslanan sülh və sabitləşmə prosesinə yardım etsin, BMT-nin, ATƏT-in və Avropa Şurasının münaqişə ilə bağlı bütün qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsi və problemin həlli məsələlərində iştirak etsin. Qətnamədə İtaliya Senatının Dağlıq Qarabağ münaqişəsinin həllində, ümumiyyətlə, Cənubi Qafqazda sülhün bərqərar olunmasında ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verdiyi öz əksini tapıb.
Beləliklə, Avropa ölkələri arasında Almaniyadan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edən ikinci dövlət kimi İtaliyanın bu addımı müəyyən məqamlardan xəbər verə bilər. Daha doğrusu, İtaliyanın, eyni zamanda, Avropa İttifaqının aparıcı üzvlərindən biri olduğunu nəzərə alsaq, o zaman Senatın bu qərarı, həmçinin, sənəddə “bölgənin Avropa ilə Mərkəzi Asiya arasında mühüm geosiyasi vəziyyətini nəzərə alaraq, problemin həllinə beynəlxalq hüquq normaları çərçivəsində həssaslıqla yanaşmağın vacibliyinin” vurğulanması heç də təsadüfi sayıla bilməz. Belə demək mümkünsə, bu, Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə daha dərindən yanaşmaq istəyinə işarə edir. Düzdür, qeyd oluna bilər ki, Fransa da Aİ-nin üzvüdür və eyni zamanda, münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədridir. Belə olan təqdirdə Aİ nə üçün Fransa deyil, İtaliya vasitəsilə münaqişənin həllində fəal rol almaq istəyir?
Heç şübhəsiz, bu sualın cavabı da hazırdır. Daha doğrusu, Fransanın işğalçı Ermənistanla daha sıx təmasda olması, erməni lobbisinin bu ölkənin siyasi dairələrinə kifayət qədər nüfuz etməsi, həmçinin, Fransa parlamenti tərəfindən “erməni soyqırımı”nın tanınması həmsədr olmasına baxmayaraq, bu ölkənin neytrallıq imicini şübhə altına alır. Belə olan təqdirdə isə ehtimal etmək olar ki, Cənubi Qafqaz regionunda dərin və genişmiqyaslı layihələrin icrasında maraqlı olan, bu regionu, eyni zamanda, özünün enerji təhlükəsizliyinin təminatçısı qismində görən Aİ dövriyyəyə yeni oyunçunu-İtaliyanı buraxmağa qərar verib. İttifaq, həmçinin, sözügedən qətnamədə əks olunan məqamlarla münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsində maraqlı olduğunu da növbəti dəfə nümayiş etdirib. Aİ-nin bu təşəbbüsünün nə ilə nəticələnəcəyini, münaqişənin həllinə necə təsir edəcəyini gələcək göstərəcək. Münaqişənin həllinə təsir edəcək digər, bəlkə də ən başlıca məqamlardan biri də Türkiyə ilə bağlıdır.
Türkiyənin iradəsindən çox şey asılıdır
Son olaraq bu istiqamətdə bir məqamı da qeyd etmək vacibdir. Bu da Türkiyə-Ermənistan yaxınlaşması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərinin bir-birilə sıx surətdə bağlı olmasıyla əlaqədardı. Düzdür, Qərbdəki bəzi mənbələr guya birinci və ikinci məsələlərin bir-birilə birbaşa bağlı olmadığını iddia edirlər. Bu sırada Birləşmiş Ştatların ermənipərəst qüvvələrinin fəallığı isə xüsusi olaraq seçilir.
Həmin qüvvələrin istəyi bundan ibarətdir ki, prezident Barak Obama yenidən Türkiyəyə qarşı təzyiqləri artıraraq Ərdoğan hökumətinin Ermənistanla barışıq prosesini Qarabağ münaqişəsinin nizamlanmasından ayrı tutmasına nail olmalıdır. Yəni, rəsmi Ankaranın “Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli ilə paralel şəkildə öz həllini tapmalıdır” tələbi okeanın o tayındakı qüvvələri ciddi şəkildə narahat edir. Odur ki, bu ermənipərəst qüvvələr yenidən Türkiyəyə qarşı uydurma “erməni soyqırımı” kartından istifadə etməyə çalışırlar.
Martın 4-də okeanın o tayında baş verənlər də deyilənləri təsdiqləyir. Məlum olduğu kimi, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi martın 4-də keçirdiyi dinləmələrdən sonra 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı aparılan siyasətin dəyərləndirilməsi ilə bağlı qətnaməyə səs verib. Nümayəndələr Palatasının gündəminə erməni məsələləri üzrə işçi qrupun təqdim etdiyi 252 nömrəli qətnamə 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qəbul edilib.
Onu da qeyd edək ki, bədnam layihənin qəbulu ərəfəsində Ermənistan parlamentinin qəbul etdiyi qərar da diqqətdən yayınmayıb. Əksər ekspertlərin vurğuladıqları kimi, işğalçı ölkənin parlamentinin həmin qərarı da bir növ Türkiyəyə təzyiq mexanizminin növbəti həlqəsi sayıla bilər. Belə ki, Ermənistan parlamenti böyük səs çoxluğu ilə Türkiyə-Ermənistan protokollarının ratifikasiyası prosedurunun dayandırılmasına dair qərar qəbul edib. Rəsmi İrəvan Türkiyə-Ermənistan münasibətlərinin beynəlxalq səviyyədə həll olunması cəhdlərinin sıfıra bərabər olduğunu bəyan edib. İrəvan bu addımını protokolların imzalanma prosesinin Ankara tərəfindən əsassız olaraq uzadılması ilə izah edib. Qeyd edək ki, Ermənistan parlamenti tərəfindən qəbul edilən sənəd beynəlxalq sazişlərin ratifikasiyasını, eləcə də, imzalanma prosedurunu dayandırmağa imkanı verir.
Belə olan təqdirdə bütün nəzərlər Türkiyəyə yönəlmiş olur. Əksər ekspertlərin də qeyd etdikləri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli rəsmi Ankaranın bu təzyiqlər qarşısında duruş gətirib-gətirməyəcəyindən çox asılıdır. Hər halda Dağlıq Qarabağ münaqişəsinin başlandığı andan bu günə kimi rəsmi Ankaranın sərgilədiyi mövqe, həmçinin, istər bədnam layihənin qəbulundan əvvəl, istərsə də sonra Türkiyə hakimiyyətində təmsil olunan şəxslərin səsləndirdikləri bəyanatlar qardaş ölkənin sona qədər təzyiqlər qarşısında geri çəkilməyəcəyini deməyə əsas verir.
“Yeni Azərbaycan”ın Analitik Qrupu

Paylaş:
Baxılıb: 1087 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30