Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xəyanətin qurbanına çevrilən "Qartallar Yurdu"...

Xəyanətin qurbanına çevrilən "Qartallar Yurdu"...

02.04.2010 [09:25]

Kəlbəcərin işğalından 17 il ötür
ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu ilin 8 avqustunda inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər (çay) çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.
1993-cü ilin aprelin 1-2-də işğal olunan rayon erməni silahlıları tərəfindən tamamilə dağıdıldı, əhalisi isə öz dədə-baba torpaqlarından didərgin salındı. Kəlbəcərin işğalına qədər rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (Tibb texnikumu), 16 uşaq bağçası, günü uzadılmış 38 qrup, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-mama məntəqəsi və sair fəaliyyət göstərirdi.
1993-cü ilin qiymətlərinə görə, Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulub, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.
Hər zaman Azərbaycan xalqına, dövlətinə qarşı düşmən mövqedə dayanan, nəinki illərlə, əsrlərlə tarixi torpaqlarımızı ələ keçirməyə səy göstərən ermənilər 1988-ci ildə Sovet imperiyasının rəhbərliyində təmsil olunan havadarlarının köməyi ilə Dağlıq Qarabağda separatçı hərəkata start verdi. İlk olaraq, Ermənistanda yaşayan həmvətənlərimizin öz dədə-baba torpaqlarından qovulması ilə başlanan bu proses ikinci mərhələdə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların işğalı ilə davam etdirildi. Həmin illərdə, ermənilərin min bir təxribat törətməsinə - yollarda pusqular quraraq dinc əhalini gülləbaran etməsinə, Ağdam-Kəlbəcər elektrik xəttini partladıb rayonu işıqsız qoymasına, Yevlax-Kəlbəcər magistral yolunu bağlamasına baxmayaraq, yerli əhali torpaqlarını qoruyurdu.
Lakin 1992-ci ilin may ayında AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi ilə ölkədə yaranan hakimiyyətsizlik, xaos və özbaşınalıqlar sərhəd zonalarında, o cümlədən, Kəlbəcərdə bütün müdafiə planlarını alt-üst etdi, hərc-mərcliyin bünövrəsini qoydu. O zamankı rəhbərlik Kəlbəcərin müdafiəsini dövlət səviyyəsində təşkil etmək adı ilə, əslində, rayonun müdafiə sistemini dağıtmağa başladı. Orduda siyasiləşmə, yerli döyüşçülərin, könüllülərin rayonun müdafiəsindən uzaqlaşdırılması əhalinin döyüş əzmini sarsıtdı. Beləliklə, beş il düşmənə qarşı mərdliklə vuruşan, bütün əzab-əziyyətə sinə gərən, yurdunu canından artıq sevən rayon əhalisi çıxılmaz vəziyyətdə qaldı. Bu ərəfədə isə Kəlbəcərin işğalına qədər ilk böyükmiqyaslı faciə-Ağdaban faciəsi baş verdi. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi. 67 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Ağdaban faciəsi tarixdə insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biri sayılır. Həmin vaxt bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insani işgəncələr verilməsi, insanların doğma yurdundan didərgin salınması, günahsız qocaların, körpə və qadınların güllələnməsi, əsirlərin başının dərisinin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi, tarixi memarlıq və mədəniyyət abidələrinin dağıdılması, müqəddəs ziyarətgah və qəbiristanlıqların təhqir və məhv edilməsi, klassik Azərbaycan şeirinin ustadı Aşıq Qurbanın və Aşıq Şəmşirin əlyazmalarının yandırılıb talan edilməsi, erməni separatçılarının dünya ictimaiyyətinin gözü qarşısında gerçəkləşdirdiyi etnik təmizləmə siyasətinin davamı idi.
Kəlbəcərin işğalının tam əsası isə 1993-cü il mart ayının 26-da qoyuldu. Həmin tarixdə Ağqaya tərəfdən Keçiliqaya, Zağalar, çıraqlı kəndlərini yandıran ermənilər, Kəlbəcər-Tərtər magistralını bağlamağa cəhd göstərdilər. Sonradan məlum oldu ki, düşmən Basarkeçərlə Kəlbəcər arasında mühüm strateji sahə olan Qaraqaya yüksəkliyinin ələ keçirilməsi üçün hələ 15-20 gün öncədən hazırlıq işləri aparıbmış. Düşmənin bu hazırlığı fonunda o zamankı Azərbaycan hakimiyyəti tərəfindən Kəlbəcərin müdafiəsiz buraxılması sonda öz “nəticəsini” verdi. Rayon sakinlərinin bildirdiyinə görə, məhz respublika rəhbərliyindən heç bir köməyin edilməməsi, AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi, əslində isə xəyanəti və satqınlığı Kəlbəcərin işğalı ilə nəticələndi...
Bir sözlə, xüsusi strateji əhəmiyyətə malik Kəlbəcərin ermənilərə təslim edilməsi AXC-Müsavat hakimiyyətinin tarix və millət qarşısında ən ağır cinayətlərindən biridir. 1996-cı ilin aprelində Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşdə ümummilli liderimiz Heydər Əliyev qeyd etmişdi ki, Kəlbəcər öz coğrafi mövqeyinə görə elə bir yerdir ki, oranı işğal etmək, sadəcə olaraq, mümkün deyildi: “Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildə hücum etmiş, Kəlbəcər 1993-cü ilin mart ayının sonunda işğal olunmuşdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən, Dağlıq Qarabağ, o zaman Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal olunmuşdu. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən, doğrudan da coğrafi mövqeyinə görə, digər tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən, Dağlıq Qarabağdan, Laçından başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri coğrafi nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi”.
Təəssüflər olsun ki, nə Əbdürrəhman Vəzirovun, nə Ayaz Mütəllibovun, nə də AXC-Müsavat cütlüyünün hakimiyyətləri dövründə bu həqiqət dərk edilmədi. Kəlbəcərin strateji əhəmiyyəti qiymətləndirilmədi. Kəlbəcərin işğalı digər sonrakı rayonlarımızın işğalında ermənilərə böyük üstünlüklər qazandırdı.
Sonda onu qeyd edək ki, işğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. Lakin onlar üçün ağrılı, çətin günlər arxada qalıb. çünki ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Artıq çadır şəhərcikləri ləğv olunub, yeni qəsəbələr salınır. Bu isə güclü, iqtisadi cəhətdən möhkəm dayaqlara malik Azərbaycan dövlətinin bütün problemlərin öhdəsindən gəlmək iqtidarında olmasını göstərir. Eyni zamanda, dövlət başçısının torpaqlarımızın işğaldan azad olunması istiqamətində həyata keçirdiyi qətiyyətli siyasəti dəstəkləyən kəlbəcərlilər öz yurd-yuvalarına qovuşacaqları günü səbirsizliklə gözləyirlər.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 958 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30