Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qədimliklə müasirliyin gözəl vəhdəti - Muğan

Qədimliklə müasirliyin gözəl vəhdəti - Muğan

24.05.2016 [10:02]

Muğan qurub-yaratmaq eşqi ilə yaşayan bu bölgənin sakinlərinin zəhməti, dövlətin diqqət və qayğısı sayəsində inkişaf edir, gözəlləşir
Azərbaycanın hər bölgəsi, hər diyarı özünəməxsus xüsusiyyətlərə malik olsa da, bu fərqlilikdə məmləkətimizin, xalqımızın zəngin tarixi, vahid mədəniyyəti birləşir. Əslində, Azərbaycanı zəngin naxışlarla hörülmüş bir xalçaya bənzətmək mümkündür. Bu xalçada Naxçıvanın, Zəngəzurun, Qarabağın, Şirvanın, Milin öz rəngi və öz əvəzolunmaz yeri var. Ölkəmiz bütün bu rənglər çələngi ilə bənzərsizdir. Regionların tarixi, keçdiyi inkişaf yolu yaşayış və mədəniyyət mərkəzi kimi Azərbaycanın qədimliyini təcəssüm etdirir. Bu gün dünyaya müasir inkişaf modeli təqdim edən, davamlı çağırışlarla fərqli mədəniyyətləri bir araya gətirən müstəqil respublikamız öz müsbət enerjisini və gücünü məhz bölgələrin potensialından, iqtisadi imkanlarından alır.
Bol bəhrəli Muğan düzü...
Əlbəttə, Azərbaycanın bütün guşələrində o qədər zənginlik var ki, onların hər biri barədə, necə deyərlər, dastan yazmaq mümkündür. Söhbətimiz adı dillər əzbəri olan, vəsfinə şairlərin şeirlər yazdığı Muğan barəsindədir.
Göz önündə əsrarəngiz bir təbiət mənzərəsi canlandıraq. Tuğay meşələri, məcrasına sığmadan axıb harasa tələsən ana Kürün, Arazın sanki yorğunluqdan sonra dincəlmək üçün sakit axdığı göz işlədikcə uzanıb gedən çöllər. Adam bir anlığa xəyallara dalır. Sənə elə gəlir ki, həmişə çalxalanan Kür və Araz bu yerlərə mehir salıb, buradan uzaqlara getmək istəmirlər. Bura Azərbaycanın bir neçə inzibati-ərazi vahidinin yerləşdiyi Muğandır.
Azərbaycan xalqının Muğana dərin mənəvi bağlılığı var. Muğan deyəndə hər birimizin təsəvvüründə bərəkətli zəmilər canlanır. Nar bağları, pambıq tarlaları, daha nələr. Nahaq yerə deyil ki, məşhur bir mahnıda bu diyar “Bol bəhrəli Muğan düzü” kimi vəsf edilib. Muğan gözəlliklər rəmzi kimi simvollaşıb. Ölməz şairimiz Səməd Vurğun Muğana həsr etdiyi eyniadlı poemada buranı ceyranlar oylağı, turac məskəni kimi səciyyələndirərək yazıb: “Nə gözəl yaraşır Muğana ceyran”. Əhməd Cavad isə “Pambıq” dastanında Muğanı insan əli ilə cənnətə dönmüş bir məkan kimi xarakterizə edir.
Əlverişli coğrafi-iqlim xüsusiyyətləri, ələlxüsus da Kür və Araz çaylarının buradan keçməsi Muğanda əkinçilik və heyvandarlıq mədəniyyətinin inkişafına öz təsirini göstərib. Bu yerlərin sakinləri ta qədimdən əkin-biçinlə məşğul olub, ev təsərrüfatlarında çoxlu iri və xırdabuynuzlu heyvanlar saxlayıblar. Əlverişli şərait Muğanın əhalisinin də sürətlə artmasını şərtləndirib. Ehtimallara görə, burada firavan həyat sürən əhalinin sayı o qədər artıb ki, insanlar yeni münbit ərazilərə köç etmək məcburiyyətində qalıblar. Ehtimal olunur ki, respublikamızın ərazisində “Muğan” toponiminin geniş yayılması da məhz bununla əlaqədardır. Qeyd edək ki, ölkəmizin hüdudlarından kənarda və respublikamızın Ağdam, Biləsuvar, Ağcabədi, Bərdə, Qazax, Qubadlı, Zaqatala, Şərur, Kürdəmir, Zəngilan, Xocavənd, Şamaxı, Sədərək, Sabirabad, Ağdaş və digər rayonlarının ərazilərində kökündə “Muğan” toponimi dayanan yaşayış məskənlərinə rast gəlmək mümkündür. Necə deyərlər, ana Muğandan başqa ərazilərə köçən insanlar yeni yurd yerlərinə də elə “Muğan” adı seçiblər...
Bu qədim məkan bu gün də tarixi şöhrətini qoruyur
Muğanın timsalında qədimliklə müasirliyin vəhdəti aydın görünür. Muğanın tarixi çox qədimdir. Bu regionda aparılan arxeoloji qazıntılar zamanı hətta eradan əvvəl III-II minilliyə aid tarixi abidələr və alətlər tapılıb. Bu isə bölgənin nə qədər qədim tarixə malik olduğunu bir daha ortaya qoyur. Sevindirici haldır ki, bu qədim region bu gün də tarixi şöhrətini qoruyur, inkişaf və tərəqqi ilə tərənnüm olunur. Bunu Muğanın ən böyük rayonlarından olan Saatlı rayonunun son illər ərzində əldə etdiyi uğurların fonunda daha qətiyyətlə söyləyə bilirik. Belə ki, respublikanın digər bölgələri, şəhərləri, qəsəbə və kəndləri kimi, Saatlı rayonu da son illər iqtisadiyyatda, sosial-mədəni həyatda böyük uğurlar qazanıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Saatlı rayonunda görülmüş işlərin təhlili və statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilib və lazımi nəticələr əldə olunub. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, rayonun 2015-ci ildəki sosial-iqtisadi göstəriciləri bunun əyani təzahürüdür. Belə ki, 2015-ci ildə rayonda ümumi məhsul istehsalının həcmi 2,8 faiz artaraq 217839,6 min manat olub. Ümumi məhsul istehsalının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 84,0 faiz təşkil edib. Məhsul buraxılışının həcmində kənd təsərrüfatı 6,0 faiz, rabitə üzrə 7,0 faiz, ticarət üzrə 9,2 faiz, nəqliyyat üzrə 4,3 faiz artım qeydə alınıb.
Təbii ki, istənilən sahədə qazanılmış nailiyyətləri daha aydın ifadə etmək üçün müqayisəli təhlillər aparmaq, iqtisadi göstəricilər arasında paralellər qurmaq kifayət qədər uğurlu seçim olardı. Bu mənada, Saatlı rayonunun son 10 illik tarixinə rəqəmlərin ifadə etdiyi həqiqətlər işığında baxmaq daha doğrudur. Çünki sosial-iqtisadi inkişafla bağlı 2003-cü ildən etibarən həyata keçirilən tədbirlər rayonun ümumi məhsul buraxılışına aid rəqəmlərdə aydın görünür. Belə ki, 2003-cü ildə ümumi məhsul buraxılışının həcmi cəmi 51041,1 min manat idisə, ötən ilin yekununda bu rəqəm 217839,6 min manat olub ki, bu da 166798,5 min manat artıq deməkdir. Bu müsbət makroiqtisadi rəqəmlər rayonda demoqrafik inkişafa, əhalinin davamlı sakinliyinə və həyat tərzinə əhəmiyyətli dərəcədə təsir göstərib. 2016-cı il yanvar ayının 1-i vəziyyətinə əhalinin sayı 1,3 faiz artaraq 103212 nəfər olub. Hesabat dövründə ümumi sahəsi 20980,0 kv.m. olan, əvvəlki illə müqayisədə 2329,0 kv.m. çox yaşayış evləri tikilib istifadəyə verilib ki, bunun da 8517,0 kv.metri əhalinin öz vəsaitləri hesabına olub. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Saatlı rayonunda sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalına dair 155 yeni iş yerinin yaradılması üçün 132 layihə üzrə il ərzində 802,5 min manat güzəştli kreditlər verilib və rayon sahibkarlarına yeni investisiya layihələri təqdim edilib. Hazırda rayonda 649 hüquqi, 4712 fiziki şəxs kiçik və orta sahibkarlıqla məşğul olur. 2015-ci ildə 11 sənaye müəssisəsi və fiziki şəxslər tərəfindən 10489,2 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 36717,8 min manat olub.
Saatlı rayonu yeni inkişaf yollarında...
Rayon İcra Hakimiyyətinin məlumatına görə, son dövrlər Saatlı rayonunda böyük infrastruktur layihələri gerçəkləşdirilib ki, bunlar da həm rayonun zahiri görünüşünü əsaslı şəkildə dəyişdirib və müasirləşdirib, həm də sakinlərin daha rahat həyat şəraiti ilə təmin olunmasına imkan verib. Ötən il də bu mənada istisna təşkil etmir. Belə ki, 2015-ci ildə Saatlı şəhərinin Nizami küçəsi boyunca 150 m2 sahədə səkilər yüksəkkeyfiyyətli beton piltələrlə yenilənib, 100 p/m səki daşı düzülüb. Heydər Əliyev prospektində 30000 m2 sahədə asfaltlaşdırma işləri icra olunub. Şəhərin A.Abuzərov küçəsində abadlaşdırma məqsədilə 3000 ton torpaq daşınıb yayılıb, H.B.Zərdabi küçəsi boyunca səkilərə 363 m2 tamet tavaları düzülüb, H.Aslanov küçəsində 4 ədəd müasir işıq dirəyi quraşdırılıb. Heydər Əliyev prospektində yerləşən yaşayış binalarının 770 m2 dam örtüyü əsaslı təmir olunub, ərazidə 280 m2 sahəyə qum-çınqıl qatı verilib, 320 m2 fasad hissə rənglənib. Heydər Əliyev prospekti boyunca 1720 m2 daş hasar rənglənib, 2 km məsafədə küveyt kanalları torpaqdan təmizlənib, müvafiq olaraq kanalların divar və dib hissələrinə ümumilikdə 35 m3 beton vurulub. 65 m2 sahədə mişar daşından kanal divarları hörülüb, 180 m2 sahədə suvaq işləri görülüb. Kanalların yol keçidləri ilə kəsişən hissələrinə D-300-lük dəmir borular döşənib.
Rayonda idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlər davam etdirilib. Olimpiya İdman Kompleksinin 800 tamaşaçı yerlik olan əsas korpusunun, 200 yerlik üzgüçülük hovuzunun və 5 ədəd kottec binasının tikintisi başa çataraq işlərin birinci mərhələsi qurtarıb. 2015-ci ildə Olimpiya İdman Kompleksinin əsas korpusunun zirzəmisində mərmər tavanların döşənməsi, müxtəlif ventilyasiya avadanlıqlarının və kondisionerlərin quraşdırılması, 50 m3 tutumlu su anbarının tikintisi başa çatdırılıb, 2 mərtəbəli 4 yerlik kotteclərdə isə texnoloji avadanlıqların quraşdırılması, həyətyanı ərazilərdə drenaj, kanalizasiya sistemlərinin qurulması, açıq havada idman meydançasının tikinti işləri davam etdirilib. İdman Kompleksinin həyətyanı ərazisi, stadionun qaçış sahəsi asfaltlaşdırılıb. Heydər Əliyev Fondunun təşəbbüsü dəstəklənərək il ərzində hər biri 100 uşaq yerlik olmaqla Saatlı şəhər 5 saylı və Nərimanov kənd körpələr evi və uşaq bağçası üçün yeni binalar tikilərək istifadəyə verilib. Ümumtəhsil müəssisələri üzrə dövlət vəsaiti hesabına 88773 manat məbləğində əsaslı təmir işləri, 1113 manat cari təmir işləri görülüb, 86448 manatlıq bərk inventar, 26435 manat dəyərində maşın və avadanlıq, 31322 manat dəyərində isə digər zəruri avadanlıq alınıb. Ümumiyyətlə, birinci Dövlət proqramı qəbul edildikdən ötən 12 il ərzində təhsil müəssisələrinin tikilməsi və ya əsaslı təmir olunması sahəsində genişhəcmli işlər görülüb. Təkcə 2008-ci ildən ötən dövr ərzində 2372 şagird yerlik olmaqla 12 məktəb, 235 yerlik olmaqla 3 uşaq bağçası-körpələr evi üçün yeni binalar inşa edilib, 6114 yerlik 8 məktəb, 112 yerlik və 75 yerlik olan 2 bağça əsaslı təmir olunub. Ötən 12 il ərzində isə cəmi 4072 yerlik olmaqla 20 yeni məktəb binası tikilib, 7780 yerlik 12 məktəb isə əsaslı təmir olunub. Bu təhsil müəssisələri yeni inventar və avadanlıqlarla təchiz edilib.
Beləliklə, görülən tədbirlər və həlli nəzərdə tutulan məsələlər bir daha onu deməyə əsas verir ki, qədim Muğan bu gün də ənənələrinə sadiq qalaraq, qurub-yaratmaq eşqi ilə yaşayan, ayaq basdığı torpağı müqəddəs hesab edən bu bölgənin sakinlərinin zəhməti, dövlətin diqqət və qayğısı sayəsində inkişaf edir, gözəlləşir. Və Muğanın gələcəyi də etibarlı əllərdədir.
Aqşin ŞAHİNOĞLU
Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin “Muğanımız - tariximiz, sərvətimiz” mövzusunda keçirdiyi
müsabiqəyə təqdim olunur

Paylaş:
Baxılıb: 870 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30