Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / TÜRKÜN MƏDƏNİYYƏT TARİXİ TÜKƏNMƏZDİR

TÜRKÜN MƏDƏNİYYƏT TARİXİ TÜKƏNMƏZDİR

11.06.2016 [09:33]

(XXI əsrin tələblərinə cavab verən tədqiqat-dərslik)
Bu gün nə qədər desələr də türk əlində qılınc dünyanın bu başından o başına qədər hərb tarixinin ən mahir iştirakçısı kimi şöhrət qazanmış, lakin özünə tarix yazmamışdır - bu ədalətsiz bir ideyanın əsassız olduğunu qeyd edərək, demək istəyirəm ki, türk özünə tarix yazmışdır, özü də dünyanın başqa xalqları kimi yumşaq perqament üzərində yox, daşlar, qayalar üzərində!
Ümumdünya kontekstində 120 dövlət strukturuna (onlardan 16-sı dünya miqyaslı imperatorluq olub!) malik olmuş qədim türklər həm də qədim mədəniyyət tarixini yaradaraq, çox-çox qeyri-türk (Avropa xalqlarına) xalqlara mədəniyyət yaratmaq mesajını vermiş, onlara mədəniyyət yaratmaqda örnək olmuşlar.
Bu gün türkologiya elminin uğurlu inkişafı üçün geniş meydan açılmışdır. Bunun birinci səbəbi türk xalqlarının yer üzərində ən sivil və ən qədim bir xalq birliyi olmasını nümayiş etdirən yeraltı və yerüstü zəngin mədəniyyət abidələridir. Bu tükənməz xəzinənin araşdırılıb gənc nəslin ixtiyarına verilməsi çağdaş mədəniyyət tarixinin, türkologiya elminin ən vacib məsələlərindəndir.
Filologiya elmləri doktoru, professor Nizami Xudiyevin “Qədin türk yazılı abidələrinin dili” (Bakı, “Elm və təhsil”, 2015, 596 s.) adlı əsəri türkologiya elminin gənc nəslin əyani vasitələrlə, hər cür elmi və elmi-metodik yollarla mənimsənilməsi məqsədinə xidmət edən, çağdaş tədris proqramına uyğunlaşdırılmış modern bir dərslik-tədqiqatdır.
Müəllifin doğru olaraq vurğuladığı kimi, bu gün XXI əsrin türk əsri olaraq qəbul edildiyi bir zamanda qədim türk yazılı abidələrinin, ümumən türk yazısının, çağdaş türk dillərinin müqayisəli tədqiqini əyaniləşdirən, bütün çağdaş tələblərə cavab verən dərsliklərin, dərs vəsaitlərinin, proqramların yazılıb tədrisə cəlb edilməsinə, həqiqətən də, böyük tələbat və ehtiyac vardır. Postsovet rejimində bir-birindən təcrid olumaq zorunda yaşayan türk xalqları bu gün qloballaşma və inteqrasiya arzusuna, imkanlarına nail olmuşlar.
Bütün xalqlar kimi türk xalqlarının da belə birliyə ixtiyarı var və təbii olaraq, onlar da bu gün birliyə can atırlar. Çünki mədəniyyətlərin bir-birini zənginləşdirmək arzusu xalqlar arasında məhz birlikdən başlayır. Əsərdə göstərilir ki, qədim türk mədəniyyətini fundamental şəkildə tədqiq etmək üçün qədim Çin, ərəb, fars, yunan, Bizans mənbələri mövcuddur, lakin türk dillərinin tarixinin araşdırılmasında türk mədəniyyətinin ən vacib, ən qədim, ən etibarlı və mühüm mənbə, şübhəsiz, türk xalqlarının bu günümüzə miras qoyub getdikləri bu xalqların özlərinin yazılı abidələridir. Əsərdə səlis və aydın bir dillə qədim türk abidələrinin yer kürəsinin hansı məkanlarında müşahidə edilib-tapılmasına aydınlıq gətirilir və göstərilir ki, bu abidələr türk mədəniyyəti tarixinin V-X əsrlərində daş kitabələr şəklində mövcud olan daş abidələrdir. Bunlar Orxon-Yenisey çayları hövzəsində, Uyğurstan, Türküstan, Altaylar, Qafqazlar, Balkanlar, Krım, Macarıstan massivlərində arxeoloji mənbələrdən əldə edilmiş abidələrdir. Ümumilikdə təxminən, 292 abidədir ki, bunların da, demək olar ki, hamısı (hər halda əksəriyyəti) Asiya qitəsindən (Balkanlar müstəsna olmaqla) arxeoloji qazıntılar nəticəsində tapılmışdır və bu iş davam etdirilir. Hamı, xüsusən gənc nəsil bilməlidir ki, onların əcdadları haqqında bu vaxta qədər qeyri-obyektivliyə yol verilmiş və türkün sadəcə paxıllığını çəkən, onu gözü götürməyən böyük düşmən qüvvələr indiki nəslə yanlış məlumatlar təlqin etməklə məşğul olmuş, türkün yazılı şəkildə tarixinin olmaması cəfəngiyatını indiki nəslə sırımağa xüsusi maraq göstərmişlər. Əslində türk öz tarixini yazmışdır, özü də elə yazmışdır ki, onu əsrlərin, qərinələrin heç bir səmum yeli soldura bilməmiş, olduğu kimi bu günümüzə qədər gətirib çıxarmış, gələcək nəsillərə də gedib çatacağına şübhə ola bilməz. Çünki bu yazılar böyük ürək yanğısı ilə, həm də texniki cəhətdən mükəmməl vasitələrlə daşlara, qayalara həkk olunmuşdur!
Kitabda türk yazılı abidələri əlifba sisteminə görə: 1. Runik əlifbası ilə yazılmış türk abidələri; 2. Uyğur əlifbası ilə yazılmış türk abidələri; 3. Ərəb əlifbası ilə yazılmış türk abidələri qrupları üzrə təhlil edilir. Danimarkalı alim Tomsen ilk dəfə bu yazıların sağdan sola yazılmasını aşkara çıxararaq türk dilləri ahəng qanuna əsasən bəzi sözlərin (tenri, türk, kültigin) oxunuşuna nail olmuşdur. Daha sonra V.V.Radlovun, Q.Ramstedin, V.Kotviçin, S.Malovun, N.Aristovun, P.Melioranskinin fikirləri ümumiləşdirilərək, qədim türk abidələrinin eramızın V əsrində aramey əlifbası və türk qəbilələrinin məxsusi damğaları əsasında yaradılması izah edilir, qədim türk yazılı dilində hərflər çöpə bənzər işarələrlə əks edildiyi üçün onlara runik yazı və məkan etibarilə isə əsasən, Orxon-Yenisey çayları ətrafında müşahidə edilib-tapıldığı üçün bu yazılı abidələr Orxon-Yenisey abidələri adlandırılaraq, elm aləmində tanıdılması oxucuya təqdim edilir. Dərsliyin müsbət keyfiyyətlərindən biri də bu mövzuda əvvəllər yazılmış kitablardan, tədqiqatlardan müqayisəli şəkildə istifadə edilərək, zamanın, dövrün dəqiqləşmələrini əlavə etməklə, bu və ya digər problemin yeni zamanın tələbinə uyğun öz həllini tapmasındadır. Bu mənada müəllifin türk xalqlarının postsovet zamanından fərqli yeni istiqamətdə təsnif edilməsi, fikrimizcə, daha realdır və bunlar gənc nəslə, xüsusən tələbələrə daha aydındır və tez qavranılandır. 1.Qafqazda yaşayan türk xalqları; 2. Orta və Kiçik Asiyada yaşayan türk xalqları; 3.Sibirdə və Volqaboyunda yaşayan türk xalqları; 4. Çin Türküstanında yaşayan türk xalqları; 5. Avropada yaşayan türk xalqları (s. 8).
Dərslikdə metodik baxımdan mühüm saydığımız məqamlara bir daha aydınlıq gətirilməsi, fikrimizcə, kitabın məziyyətlərindəndir: əsərdə göstərilir ki, Qafqaz ən qədim dövrlərdən çoxmillətli bir region olmuşdur. Bununla yanaşı, Qafqazda yaşayan xalqlar sırasında qədim dövlətçilik ənənələri, qədim mədəniyyəti ilə seçilən Azərbaycan türklərinin başqa xalqlara dözümlü, tolerant münasibətdə olması həqiqəti vurğulanır, Azərbaycanın qədim dövrlərdən çoxmədəniyyətli, multikultural ölkə olması diqqətə çatdırılır. Əsərdə bu sahə üzrə türkologiyada tanınmış alimlərlə (Ə.Şükürlü, A.Məhərrəmov) həmrəylik bildirilərək göstərilir ki, çağdaş Azərbaycan xalqı eramızın I minilliyinə qədər hun türkləri qıpçaqların şimaldan və I minilliyin sonu, II minilliyin əvvəllərində oğuzların Azərbaycana gəlməsi və bunların yerli türk qəbilələri ilə birləşməsi nəticəsində formalaşmışdır. Deməli, həqiqətən də “Azərbaycan xalqının etnik tərkibi Azərbaycan xalqının formalaşmasından daha qədimdir” (s. 10).
Əsərin gənc nəsil - tələbələr üçün nəzərdə tutulması ilə əlaqədar olaraq türk xalqları haqqında ətraflı məlumatlar verilir. Onların yaşadıqları ölkələr, onların sayı, ayrı-ayrı türk xalqlarının tarixən hansı türksoylu qəbilələr əsasında xalq kimi formalaşması, çağdaş dövrdə onların məskunlaşdığı coğrafi regionlar maraqlı faktlar əsasında araşdırılaraq gənc nəslə təqdim edilir.
Giriş və doqquz fəsli əhatə edən bu əsər metodik və elmi cəhətdən oxucunun diqqətini çəkir. Əsərin birinci fəslində türk xalqlarının müasir vəziyyəti və məskunlaşdığı ərazilər, onların ictimai-siyasi durumu haqqında məlumat verilir. İkinci fəsildə qədim türk yazılı abidələrinin tədqiqi tarixi, Orxon-Yenisey, habelə uyğur abidələrinin tədqiqi tarixi araşdırılır, bu abidələrin ilk tədqiqatçıları, onların bu abidələrlə əlaqədar elmi tədqiqatları sadalanır, elmi izahı verilir. Üçüncü fəsil qədim türk yazılı abidələrinin fonetikası, dördüncü fəsil qədim türk yazılı abidələrinin leksikası, beşinci fəsil qədim türk yazılı abidələrinin qrammatik (morfoloji və sintaktik) araşdırılmasına həsr edilir, altıncı fəsildə qədim türk yazılı abidələrindən yazılı mətnlər, onların transkripsiyası və tərcüməsi, yeddinci fəsildə orta əsrlərdə yazıya alınmış abidələr, səkkizinci fəsildə qədim və orta əsr türk yazılı abidələrinə aid seminar tapşırıqları, doqquzuncu fəsildə qədim türk sözləri lüğəti verilmişdir. Xüsusi olaraq, vurğulamaq istəyirəm ki, dərsliyin belə sistemli, tədris proqramının çağdaş tələblərinə tam uyğun olaraq yazılması bu fənn üzrə seminar məşğələsinə, yaxud imtahana hazırlaşan tələbənin işini çox yüngülləşdirir, onu həm abidələrdən dil materialları, həm də mövzuya aid elmi ədəbiyyatla təmin edir. Bütün bunlar tələbənin son nəticəsinin uğurlu olmasına təminat verir.
Əsərin sonunda verilmiş qədim türk sözləri lüğəti və türkoloji ədəbiyyat siyahısı həm elmi, həm metodik baxımdan çox vacibdir, bu gün internetin hər yeri “ağuşuna aldığı” bir dövrdə tələbənin kitabla dostluğunun bərpa olunmasına sövq edir ki, bu da zamanın ən böyük, qaçılmaz “xəstəliyindən” qurtarmağa ən əyani vasitədir.
“Qədim türk yazılı abidələrinin dili” professor Nizami Xudiyevin növbəti uğurlu əsəridir. Müəllif onu dərslik adlandırsa da, xüsusi olaraq qeyd etmək istəyirəm ki, əsər türkologiyada xüsusi marağa səbəb olacaq monoqrafik bir elmi tədqiqatdır.
Şübhə yoxdur ki, professor Nizami Xudiyevin “Qədim türk yazılı abidələrinin dili” adlı fundamental dərslik-tədqiqatı çağdaş gəncliyimizə, filoloqlara, tarixçilərə, ümumən türk mədəniyyəti tarixi ilə maraqlananlara ən gözəl ərməğandır. Prof. N.Xudiyevə yeni-yeni belə sanballı əsərlər və geniş uğurlu pillələr arzusu ilə oxucuları əmin edirəm ki, qədim türklərin malik olduqları zəngin mədəniyyəti və onların çağdaş durumu ilə maraqlanan hər bir xalqsevər insanın, ziyalının kitab rəfində bu kitab özünə layiqli yer tutacaq, onun ən vacib masaüstü kitabına çevriləcəkdir.
SEVİL HACI qızı MEHDİYEVA
Filologiya üzrə elmlər doktoru,
professor, Əməkdar müəllim

Paylaş:
Baxılıb: 790 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30